Xalçalarımız auksionlarda geri alına bilər

 

Artıq mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri kimi tanınan Azərbaycanın dünya ölkələri ilə mədəni əməkdaşlığı getdikcə genişlənir. Təsadüfi deyil ki, bu il ölkəmiz Fransanın Luvr muzeyində xalça kolleksiyasının bərpasına 1 milyon avro ayırıb. Xarici İşlər Nazirliyindən verilən mətbuatda bildirilir ki, Luvr muzeyindən İslam incəsənətinə həsr olunmuş yeni guşənin yaradılmasında Fransa xeyriyyəçiləri ilə yanaşı, bir sıra müsəlman ölkələri, o cümlədən Azərbaycan da öz töhfəsini verib. Ölkəmiz tərəfindən ayrılmış bir milyon avro muzeyin xalçalar kolleksiyasının bərpa edilməsinə yönəlib.

 

Ölkəmiz hazırda Avropanın məşhur muzeylərini «Qafqaz» ya «İran» xalçaları adı altında bəzəyən xalçalarımızı geri almaq, muzey ekspozisiyalarını zənginləşdirmək niyyətində deyil ki?

Suallarımıza cavab tapmaq üçün Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevaya müraciət etdik. O bildirdi ki, muzeydə yeni yaradılacaq ekspozisiyalar üçün xalçaları ancaq auksionlardan əldə etmək mümkündür: «Əlbəttə, biz Avropanın məşhur muzeylərində saxlanılan xalçalarımızı geri ala bilmərik. Nəzərə alsaq ki, Avropada muzeylər orta əsrlərdə, Azərbaycanda isə XX əsrdə yaradılıb, o halda biz qədim tarixə malik xalçalarımızı qoruyub saxladığı üçün onlara minnətdar olmalıyıq. Bu gün məhz onlara istinadən öz xalça tariximizi bərpa edirik”.

Xalçalarımızın geri alınmasına gəlincə, Röya xanım bildirdi ki, Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə siyahı tərtib edilib: «Sözügedən siyahını nazirlik nəzərdən keçirməlidir. Bundan sonra biz xalçalarımızı yalnız auksionlardan ala bilərik. Amma həmin xalçaların adlarını hələlik açıqlaya bilmərik. Bunlar yeni yaradılacaq ekspozisiyalar üçün nəzərdə tutulub».

Röya xanım, xalçalarımızın «Fars», «İran» adı altında təqdim olunmasına da münasibətini bildirdi: «Əgər xalçalarımız YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil olsa, biz onlara pasport almış olacağıq».

 

 

Mehparə

 

Mədəniyyət.- 2010.- 3 fevral.- S. 2.