Tərcümə - mədəniyyətə açılan pəncərə

 

Bu gün ölkədə dövlət səviyyəsində dünya ədəbiyyatının ən yaxşı nümunələrinin dilimizdə nəşr edilərək oxucuya çatdırılması həyata keçirilir. Dünya ədəbiyyatıyla tanışlıq tərcüməçilərin özü ilə bərabər, oxuculara da çox bilgilər verir. Müsahibimiz uzun illərdir bədii tərcümə ilə məşğul olan yazıçı Nəriman Əbdülrəhmanlıdır.

 

- Nasir N.Əbdülrəhmanlı son illər daha çox tərcüməçi kimi tanınır. Tərcüməçilik yazıçılığa mane olmur ki?

-“YalqızKönül elçisiromanlarım 2005-ci ildə işıq üzü görüb, o vaxtdan bu yana bir neçə hekayə yazmışam, bir irihəcmli yazımın isə tam “yetişməyinigözləyirəm. Son dörd ildə, intensiv olaraq tərcümə ilə məşğulam. Əlbəttə, bu ədəbi mətn yazmağa mane olur, amma tərcümə mənimçörək ağacımdır”. Başqa imkanım olsaydı, planımda olanların əksəriyyətini məmmuniyyətlə kənara qoyub öz yazılarımı yazardım.

- Ədəbi tərcümə ilə məşğul olan mütəxəssis kimi bu sahədəki vəziyyət sizi qane edirmi?

- İndi bədii tərcüməylə məşğul olanlar əvvəlki dövrlərdən daha çoxdu. Təəssüf ki, bu təbii proses deyil, kütləvi informasiya vasitələrinin - qəzet-junralların, elektron daşıyıcıların, kitab çapının artımı ilə bağlıdı. Ən pisi odur ki, bu gün qabiliyyəti olan da, olmayan da tərcüməyə girişir. Əslində tərcümə sənəti hər bir xalqın mədəniyyətinin çox mühüm sahələrindən biridi, diplomatik münasibətlərə bərabər sahədi, hər bir ölkənin mədəniyyətindən, hər bir xalqın düşüncə tərzindən, adət-ənənələrindən tərcümə sayəsində xəbər tuturuq. Bununla belə, həmişə, hər vaxt özünə sadiq qalan yüksək peşəkarlar var. Almancadan Vilayət Hacıyevin, fransızcadan Cavanşir Yusiflinin, ingiliscədən Tehran Vəliyev Ülkər Nəsibbəylinin, rus dilindən Mahir Qarayev Yaşarın tərcümələrini həmişə zövq ala-ala oxumuşam. Öz dilinin imkanlarını mükəmməl bilmək yüksək bədii zövqə malik olmaq tərcüməçi üçün başlıca şərtdi.

- Peşəkar tərcüməçilərin yetişməsi hansı şərtlərdən asılıdır?

- Peşəkar tərcüməçilərin yetişməsi üçün dövlət sifarişlərinin olması vacibdi. Çünki maddi stimul olmayan yerdə peşəkarlıq çox nadir hallarda formalaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2007-ci ildə imzaladığı sərəncamla 150 cildlik dünya ədəbiyyatının nəşr edilməsi bu cəhətdən çox ciddi layihədi, ən azı 5-10 tərcüməçinin peşəkarlaşmasında formalaşmasında müstəsna rol oynayacaq. Amma belə layihələr davamlı olmalı, həyatını tərcümə işinə həsr eləmiş adamların rahat işləmələri üçün mühit yaradılmalıdı. Mədəniyyət Turizm Nazirliyi «Dünya mədəniyyətinin inciləri» adlı bir layihəni gerçəkləşdirə, möhtəşəm mədəniyyət abidələrini dilimizə çevrilməsinə şərait yarada bilər. Neçə illərdi, Osmanlı mədəniyyəti tarixiylə bağlı çox dəyərli kitabları dilimizdə görmək istəyirəm. Elə kitablar var ki, mütəxəssislər əl-əl axtarırlar.

- İndiyə qədər neçə yazıçının əsərlərinə müraciət etmisiniz hansı əsərlərin tərcüməsindən zövq almısınız?

- Düzünü deyim ki, əsərlərini dilimizə çevirdiyim yazıçıların sayını dəqiq bilmirəm, hər halda, yüzdən artıq olar. Əlbəttə, bu necə gəldi tərcüməylə yox, tərtib elədiyim bədii antologiyalarla bağlı, sistemli bir tərcümədi. İtalyan, yapon, Cənubi Amerika, Skandinav, Amerika, Avstriya, polyak, gürcü ədəbiyyatı antologiyası tərtib eləmişəm, qələminə bələd olduğum yazıçıların hərəsindən bir-iki hekayə çevirmişəm. Amma bütövlükdə yaradıcılığını sevdiyim yazıçılar o qədər çox deyil. Otar Çiladze, Orxan Pamuk, Tomas Bernhard, Kenzi Maruyama, Qoderzi Çoxelini öz istəyimlə, ədəbiyyat naminə çevirmişəm. Jak-Pol Sartr, Xorxe Luis Borxes, Andrey Platonov, Nəcib Fazil Qısakürək Paulo Koelyonun əsərlərini həm istəyimlə, həm sifarişdən doğan zərurətlə tərcümə eləmişəm. Bu siyahıya Qüstav Le Bonun «Sosializm psixologiyası», XIX əsrin sonu- XX əsrin əvvəllərində yaşamış rus filosoflarının əsərlərini, Fərəh Pəhləvinin «Xatirələr»ini, Aleksandr Kerjakovun Boris Yeltsin haqqında kitabını da əlavə eləsək, mənzərə tamamilə aydın olar.

- Tərcümə mətnlərini hansı prinsiplərə görə seçirsiniz?

- Mətni seçməkdə ikili standartdan istifadə eləyirəm. Elə əsərlər var ki, oxuyanda görürəm, onları mən yazmaq istəmişəm, amma ya yaza bilməmişəm, ya gecikmişəm. Ürəyimcə olduğundan Platonovu, Pamuku, Bernhardı, Maruyamanı, Çiladzeni, Çoxelini başqa yazıçıları məhz mətnlərinə görə seçmişəm. Yazıçının siqləti, bədii üslubu, sözə münasibəti məndən ötrü başqa çıxış yolu qoymayıb. Bernhardın, Maruyamanın, Çiladzenin başqalarından tərcümə elədiyim tərcümələrə görə çox rahatam, əminəm ki, ədəbiyyata, sözün dəyərini bilən əlahəzrət oxucuya az da olsa, xidmət göstərmişəm. Sifariş olunan mətnləri seçməksə, artıq məndən asılı deyil. Belə mətnləri çalışıram ki, peşəkarlıqla yerinə yetirim. Amma sifarişlə istəyim üst-üstə düşəndə lap xoşbəxtlik olur. A.Platonov, J-P.Sartr, X.L.Borxes, N.F.Qısakürəyin əsərlərini çevirəndə bu xoşbəxtliyi yaşadım.

Mümkün olsaydı, əsərini dilimizə çevirdiyim əksər yazıçılarla həmsöhbət olardım - bundan maraqlı var. Amma təəssüf ki, onların əksəriyyəti artıq həyatda yoxdurlar. Dostoyevski, Platonov, Borxes, Sartr, Qısakürək, Bernhard kimi dahiləri canlı görmək böyük xoşbəxtlik olardı. Orxan Pamukla görüşmüşəm, Otar Çiladzeni tanıyıram, mərhum Qoderzi Çoxeliylə yaxın münasibətimiz vardı. İmkanım olsaydı, Yaponiyaya gedər, ucqar bir kənddə rahib həyatı yaşayan Kenzi Mariyuma ilə görüşərdim. Onun əsərlərində o qədər şəffaf tənhalıq var ki, elə bil yazıçı ancaq o tənhalıqla nəfəs alır. Əslində, söz adamı olan hər bir kəs üçün bu münbit şəraitdir.  

 

 

Söhbətləşdi: Sabutay

 

Mədəniyyət.- 2010.- 5 fevral.- S. 13.