08.20 saniyəlik həqiqətimiz

 

«Euronews» beynəlxalq telekanalın əməkdaşlarının Azərbaycanın icazəsi olmadan torpaqlarımıza daxil olması xəbəri bir qədər əvvəl gündəmimizi zəbt etmişdi. Əslində biz bu tip Qarabağ həqiqətlərini təhrif edən missiyalara öyrəşmişik. Buyurun, tək bir təşəbbüslə Qarabağ həqiqəti «Euronews» kimi kanalda nümayiş edildi. Təşəbbüs ANS telekanalı tərəfindən reallaşdı. Onların təqdim etdiyi tarixi videomateriallar əsasında beynəlxalq bir kanal həqiqətlərimiz haqqında reportaj yayımladı. 1 fevral Avropa vaxtı ilə saat 21.01-də nümayiş etdirilən reportajı «Euronews»un internet saytından izlədim. Reportaj 8 dəqiqə 20 saniyə davam edir.

 

“Erməni işğalının unudulmuş qurbanları”

 

Reportaj belə adlanır. Yarımbaşlıq olaraq isə “Azərbaycan. Atəş. Qarabağ” etketi seçilib. Reportaj SSRİ-nin süqutu ərəfəsində Qafqazların siyasi şahmat taxtasında oda büründüyü haqqında məlumatla başlayır.

“Cənub Qafqaz. Qitələrin və mədəniyyətlərin birləşmə nöqtəsi. Xalqların mozaikası keçmiş və indiki böyük güclərin şahmat taxtasında.

...O səhər bölgədəki dağların, Yuxarı Qarabağın zirvəsində diqqətçəkici bir duman vardı. 19 ildir 15 kilometr uzaqdakı Xocavənddə yaşayırlar. Dağlıq Qarabağdakı döyüşün ardından, bura, öz ölkələri içərisindəki vuruşmanın tərəflərini ayıran bu bölgəyə gəldilər”.

Burada isə Xocalı qətliamından məlumat verilir və bizə məlum dəhşətli soyqırım faktları əyani olaraq nümayiş olunur. Sonra isə Qarabağı tərk edən soydaşlarımızın üzləşdikləri çətinliklər tamaşaçıya çatdırılır. Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqınlarla bağlı statistik rəqəmləri sadalayır. Bu fonda isə Xocalı qaçqını xarici jurnalistlərə “Əgər göz yaşlarınızı saxlaya biləcəksinizsə, bizlərə qulaq asın” deyir. Növbəti kadr isə məhz qaçqın düşərgəsindən çəkilib. Şəbnəm Quliyeva, Qərənfil Bayramova qaçqınlığın ilk və dəhşətli faciələrini dilə gətirir. Bir ağsaqqal isə “mənim oğlumun ölüsü o torpaqlarda qaldı, oranı istəyirəm” deyir. Qarabağdan azərbaycanlı ərinə qoşulub gəlmiş Jora Zeynalovanın da söhbəti çox maraqlıdır. “Yaxşı olsaydı mən elə ermənilərlə qalardım, azərbaycanlılar heç vaxt bizə nifrət etməyib”. Reportajda tez-tez Azərbaycan xəritəsi 20 faiz torpağının işğalı ilə nümayiş etdirilir, BMT-nin məlum qətnamələrinin hələ də yerinə yetirilmədiyi nəzərə çatdırılır. Bir məktəb direktoru da bundan bəhs edir və sonda dərs dediyi yeni nəslin ona ünvanladığı suallara cavab verə bilmədiyini dilə gətirir.

 

“Uşaqlar deyir ki, ay müəllim...”

Sual və müharibənin mərhələsi...

 

Bəli yeni nəsil, elə biz özümüzdə kor-kor, gör-gör həqiqətin təhrif edilməsinin qarşılığını tapa bilmirik. Həqiqət bizim, biz isə bu həqiqəti yetərincə dünyaya qəbul etdirə bilmirik. Lakin bu o demək deyil ki, əlimizi soyudaq. Böyük mənada həqiqətin bərpası üçün dövlətimiz var gücü ilə çalışır. Bu işi sürətləndirmək üçünsə informasiya müharibəsinə hamımız qoşulmalıyıq. ANS bunu etdi. Digər telekanallarımız da beynəlxalq əlaqələrə girib bu işə qoşula bilər. Daxildə 50 min nüxsə Qarabağdan bəhs edən kitab nəşrindəsə 1000 tirajla 4 dildə yetərincə mükəmməl kitab hazırlayıb xaricə çıxarmaq daha effektlidir. Beynəlxalq saytları həqiqəti əks etdirən materiallarla doldurmalıyıq. Qısası, ideoloji müharibəni ən sərt üsulla, sistemli olaraq, yorulmadan aparmağı qarşımıza məqsəd qoymalıyıq. Yəni müharibə qabağı müharibə. Kiminsə “erməni diasporu mane olur” kəlmələri artıq bir başqa baxışdan bəhanədir. Şəkililər demiş, nə vaxtsa lotoreya aldın ki, udasan? Biz dad etdik ki, sözügedən kanal bizə qarşı piar aparır. Buyurun, bir təşəbbüslə bunun qarşısı alındı, hətta unikal kadrlar 7 dilin tərcüməsi ilə təqdim edildi. Erməninin əlində onun vəhşiliyini əks etdirən kadrlar ola bilər. Bizimsə əlimizdə qətl edilmiş körpələrin faciəsinin tarixləşmiş lentləri var. Dünya isə gec-tez bu körpələrin qatilini lənətləyəcək. Yetər ki, biz dünya ilə işləyə bilək.

 

 

Sabutay

 

Mədəniyyət.-  2010.- 5 fevral.- S. 8.