Azərbaycanda kulinariya təhsili yoxdur
Tahir Əmiraslanov:
«Təhsil proqramları
Azərbaycana gələrsə,
kulinariya sahəsində
çox böyük nailiyyətlər əldə
edə bilərik»
Dünən Azərbaycan Milli
Kulinariya Mərkəzinin
baş direktoru, AMKA-nın prezidenti Tahir Əmiraslanov mətbuat konfransı keçirdi. Çilinin Santiyaqo şəhərində
baş tutan Ümumdünya Kulinariya Konqresində iştirakı
ilə bağlı mətbuat nümayəndələrini
məlumatlandıran T.Əmiraslanov
bildirdi ki, konqresdə bir sıra məsələlərə
toxunulub, o cümlədən
dünya kulinariya sahəsində təhsilin
inkişafı məsələsi
müzakirə olunub.
Mərkəz direktorunun
dediyinə görə, sonuncu iki konqresdə təhsil məsələləri
Dünya Kulinariya Təşkilatları Birliyində ön plana
çəkilib: «Bu ən ümdə məsələlərdən
biri hesab olunur. Çünki 2020-ci ildə təkcə
Amerikada turizmin və restoran biznesinin inkişafı ilə əlaqədar
20 min mütəxəssis çatışmayacaq. Avropa ölkələrində
və Rusiyada da özünü göstərən bu
çatışmazlıq hazırda Azərbaycanda da hiss
edilir. Restoranlarda daha çox evdar qadınlardan aşpaz kimi
istifadə olunması peşəkarların azlığı
ilə bağlıdır. Bundan əlavə, dünyada olan bir
çox təhsil proqramları Dünya Kulinariya Təşkilatları
Birliyinin təhsil proqramlarına uyğun olmalıdır ki,
aşpazların dərəcələri tanınsın. Konqresdə
Azərbaycanın töhfələrindən
danışıldı, amma bir şeyi da qeyd etdilər ki,
ölkəmizdə fəaliyyət göstərən kulinariya
təşkilatlarının nəzdində təhsil sistemləri
olmadığı üçün Dünya Kulinariya Təşkilatları
Birliyi öz proqramlarını burada həyata keçirə
bilmir. Başqa ölkələrdə onların nəzdində
bir sıra akademiyalar, kolleclər, liseylər fəaliyyət
göstərir».
T.Əmiraslanov qeyd etdi
ki, 1991-ci ildən Nazirlər Kabinetinin belə məktəblərin
yaradılması haqqında qərarı olsa da, bu məsələ
hələ də həllini tapmayıb. Onun sözlərinə
görə, təhsil proqramları Azərbaycana gələrsə,
kulinariya sahəsində çox böyük nailiyyətlər
əldə edə bilərik.
«Müzakirə edilən
ikinci əsas məsələ modifikasiya edilmiş ərzaqlar
haqda oldu» deyən baş kulinar bildirdi ki, konqresdə
xüsusilə vurğulanıb ki, kulinarların, restoran-biznes
sahiblərinin, mütəxəssislərin bu ərzaqlara
qarşı çıxması vacibdir.
Bundan başqa, tədbirdə
Koreyada 2012-ci ildə keçiriləcək hesabat-seçki
konqresinin təqdimatı olub. Bu barədə danışan T.Əmiraslanov
2014-cü ildə konqresin keçiriləcəyi yer uğrunda
Türkiyə Cümhuriyyəti və Norveçin mübarizə
apardığını dedi: "Norveçdən bu tədbirdə
iştirak etmək üçün 30-dan çox nümayəndə
gəlmişdi. Onlar 600 nəfər konqres
iştirakçısının arasında təbliğat
aparırdılar. Nəticədə 2014-ci ildə Dünya
Kulinariya Konqresinin Norveçin Stavanger şəhərində
keçirilməsinə qərar verildi. Türkiyə isə
bu mübarizədə az səslə uduzdu».
Konqresdə
Ümumdünya Kulinariya Təşkilatları Birliyinə
(ÜKTB-yə) yeni üzvlər seçilib. Bunların
içərisində Səudiyyə Ərəbistanı,
Pakistan və Bosniya-Hersoqovina kimi müsəlman dövlətləri
də var və beləliklə, ÜKTB-nin 92 üzvü olub.
Sonda T.Əmiraslanov bir xəbəri
də mətbuat nümayəndələrinin diqqətinə
çatdırdı ki, konqresin sonuncu günü gözləmədiyi
halda ona ÜKTB-nin fəxri üzvü medalını təqdim
ediblər.
Baş kulinar bildirdi ki,
konqresdə digər məsələlər də müzakirə
edilib və növbəti 2 il üçün tədbirlər
planı tutulub.
Mətbuat
konfransının sonunda T.Əmiraslanov Milli Kulinariya Mərkəzi
və Azərbaycan Milli Kulinariya Assosiasiyasının bəyanatını
jurnalistlərə təqdim etdi. Bəyanat ATV telekanalında
yayımlanan “Yağ kimi” verilişi ilə bağlı ölkə
əhalisi və Azərbaycanda çalışan peşəkar
yerli və xarici ölkələrin aşpazları tərəfindən
onlara edilən müraciətlərlə bağlı qəbul
edilib. Bəyanatda bildirilir:
«Azərbaycan teleməkanında
“mətbəx”, “xörəkbişirmə” ilə bağlı
göstərilən heç bir verilişlə AMKM-in
(hökumət təşkilatı) və AMKA-nın
(qeyri-hökumət təşkilatı) əlaqəsi yoxdur. Peşəkar
təşkilat kimi bu verilişlərin əksəriyyətini
zərərli və istehlakçıların
doğru-düzgün informasiya almaq hüquqlarının
pozulması kimi dəyərləndiririk. ATV kanalının
“Yağ kimi” verilişində göstərilənlərlə,
reklam edilən qida məhsulları ilə, burada
çıxış edən aşpazlarla Azərbaycan Milli
Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının
əlaqəsi yoxdur. Nə AMKM, nə AMKA bu verilişlərin
hazırlanmasında heç bir səviyyədə iştirak
etməyib. Azərbaycanın peşəkar təşkilatları
olan AMKM və AMKA burada peşəkar adlandırılan
«aşpazlar» və onların çalışdıqları
restoranlarla əlaqəli deyil. Qəti şəkildə
bildiririk ki, bu «aşpazlar» və onların
çalışdıqları restoranlar AMKA-nın
üzvü deyil».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 5 fevral.- S. 7.