«Ürək deyir, yaşa hələ...»
Neftçi, xanəndə.
Görkəmli xanəndə Əlibaba Məmmədovla vədələşdiyimiz
yerə gedəndə ilk ağlıma gələn bu oldu.
Çoxları yəqin xəbərsizdi, Əlibaba müəllim
əmək fəaliyyətinə neftçi kimi
başlayıb. Özü də burda yox, Türkmənistanda. Dünyaya göz
açdığı Bakıda Neft Texnikumunda təhsil alandan
sonra təyinatla Xəzərin o tayına göndəriblər.
İki il orda çalışıb. Perspektivli neftçi kimi
ilk gündən rəhbərliyin diqqətini çəkib. Hətta,
onu ali təhsil ardınca göndərmək istəyiblər.
Məlum
Aşqabad zəlzələsindən sonra Ə. Məmmədovun
həyatı tamam başqa məcraya yönəlib. Nağarada, tarda
çalmağı bacaran, özünə görə oxumaq
qabiliyyəti olan gənc oğlan Bakıya
dönüşündə, təsadüfən «İstedadlar
axtarırıq» müsabiqəsindən xəbər tutur və
özünü sınamaq qərarına gəlir. Qismətdən
hər şey uğurlu alınır. Oxuduğu «Çahargah»
muğamı bəyənilir. Zülfü
Adıgözəlovun xeyir-duasıyla 1949-cu ildə onu Azərbaycan
Dövlət Filarmoniyasına solist kimi işə qəbul
edirlər. 1953-cü ildə gənc xanəndə
savadını artırmaq məqsədilə ölməz sənətkar
Seyid Şuşinskidən dərs almaq məqsədilə Asəf
Zeynallı adına Musiqi Məktəbinə üz tutur və
ömrünün beş ili onun yanında keçir.
Ustadının və görkəmli tarzən Ə.
Bakıxanovun istəyilə o məzunu olduğu məktəbdə
muğam sənətindən dərs deməyə
başlayır. Vaxtilə Əhmədxan müəllimin
hökmlə söylədiyi «bu proqramdan kənara
çıxma» sözlərini qulaqlarında sırğa eləyən
qocaman xanəndə uzun illərdi müəllimlərinin ona
öyrətdiklərini özündən sonra gələnlərlə
bölüşür.
Elə də
Əlibaba müəllimlə tələbələrə dərs
dediyi məqamda görüşdük. Həmin məktəbdə,
həmin proqram üzrə. Görünür, bu səbəbdən
söhbətimiz musiqili alındı.
- Vallah ayı, günü dəqiq
yadımda deyil, tələbə vaxtımın söhbətidi.
Bir gün Ağaya dedim ki, nolar, bir «Dəşti» oxusun. O
çağacan Azərbaycanda «Dəşti» adında nəsə
oxuyan yoxuydu. Hamı onu fars muğamı bilirdi. Tədrisə
də salınmamışdı. Ağanın bir az acıdil
danışmağı vardı. Onda da də eləcə
qayıtdı ki, «ay Əlibaba, mən bilmirəm onu». Söz
ağzından çıxan kimi yapışdım
yaxasından: «Bəs əmim deyir, Ağa «Dəşti»ni
yaxşı bilir». Əmimin kimliyilə maraqlandı. Güləhməd
adını eşitcək, ta heç nə demədi.
Çünki əmim muğama vaqif adamıydı, Ağa da
onu pis tanımırdı. “Amma indi keyfim yoxdu, bir gün əhvalım
yaxşı olanda oxuyaram” söylədi. Əsası buydu
ki, razılıq alındı. Bir gün dərsə gələndə
gördüm ustadın əhvalı yaxşıdı, eləməyib
tənbəllik dedim; «Dəşti» oxumağın
vaxtıdı. «Nə «Dəşti» deyib durmusan, ay Əlibaba».
Bu, bir növ etirazıydı. Mənə də Əlibaba
deyiblər, başladım qılığına girməyə:
«Axı siz Ağasız, gərək sözünüzün
üstündə dayanasız». Ta gördü əl çəkmirəm,
mərhum muğam bilicisi, tarzən Kamil Əhmədova işarə
elədi ki, bir kök versin. Hə, Ağa başladı, nə
başladı. Yaxşı oxudu, özü də fars dilində.
Tam yadımda qalsın deyə, «ay Ağa, sən Allah bir də
təkrar elə» dedim. Allah rəhmət eləsin, xətrimə
dəymədi. Yenə oxudu. Baxdım gördüm
«Bayatı-Kürd»ə çox oxşayır. Yalnız fərq
ondadı ki, «Dəşti»də «Cüdayi» yeri var, orda yoxdu.
Söhbətin
bu yerində Əlibaba müəllim dediyini sübuta yetirmək
üçün pəsdən oxumağa başlayır.
- «Şur» muğam ladı
üstündədi...
- Həri, ona söhbət
yox, sadəcə fərq bayaq dediyim məsələdədi. «Bayatı-Kürd»də də «Gəbri var, o burda
yoxdu». Çox adam bunu düz-əməlli
bilmir deyə, qarışdırır və nəticədə
səhv ifa eləyir. “Nə başını ağrıdım, o
vaxt da maqnitofonumuz-zadımız nə gəzirdi, “müəllim”
bu saat gəlirəm deyib, qaçdım evə.
İçərişəhərdə yaşayırdım o vədə.
Qaçaraq girdim evə, uşaqların anası məəttəl
qaldı ki, görən nolub. İşarə elədim ki, mənə
maneçilik törətməsinlər. Tarımı
götürdüm, bayaq Ağadan eşitdiyimi çala-çala
Seyid Əzimin bir qəzəlini oxuyub, məşq elədim. «Dəşti»
tamam-kamal yaddaşıma yazıldı. Qayıtdım məktəbə.
Evdə elədiklərimi müəllimimin qabağında
oxudum. Bir «afərin» qazandım.
- Deməli, sizin məşhur
«Dəşti»niz təqribən 1955-56-cı illərdə beləcə
yarandı...
- O indi bildiyiniz «Dəşti»
yox, əvvəlki variantı. Mən axı, onu get-gedə təkmilləşdirdim.
İki təsnif yazdım. Axırda
Sənin eşqin məni gətirdi
dilə,
Sanki aşiq
olub, bülbül bir gülə.
Səni sevdim, həsrət
çəkdim
Könül verdim mən sən
tək gözələ,
Eşqimi təzələ,
amma tez elə.
Bu ayrılığın
ömrünü az elə...
şəklində oxuyub, lentə
aldırdım.
- Bildiyimə görə, bu
sözlər sizə məxsusdu. Belə
çıxır ki, xalq mahnılarından geri qalmayan,
yalnız bir-birindən gözəl nəğmələr, təsniflər
müəllifi deyilsiz, həm də şairsiz.
- Ay Elsevər, şairlik
Allah vergisidi. Mənim haram şair oldu, Səməd
Vurğun demiş, «az-az uydururam yeri gələndə».
- «Dəşti»ni ilk bəstəkarlıq işiniz saya bilərik?
Yoxsa birincilik «Humayun»a məxsusdu?
- Elədi, ilk
düzüb-qoşduğum «Humayun» təsnifidi.
Mən
özümü bəstəkar saymıram. İnanın,
heç vaxt belə iddiam-filanım olmayıb. Düzdü, mahnılarımın, təsniflərimin
sayı yüzdən çoxdu. Allaha
şükür, çoxusunu yaşlı, cavan xanəndələr
oxuyur. Siz də, maşallah, məlumatlı
adamsız, özünüz yaxşı bilirsiz. Amma yenə də deyirəm, bəstəkarlıq
sevdasına düşdüyümçün yox ey, təbim gəlib,
yazmışam. Ona qalsa, Cabbar
Qaryağdıoğlu, Xan Şuşinski nə qədər
mahnılar, təsniflər yazıb. Əksəriyyəti
indi müəllifiylə yox, xalq musiqisi adıyla tanınır.
- Sözünüzü
balnan kəsim, «Mahur» üstündə oxunan
Əvvəldən gərək
sevgili yarım sən olaydın,
Bağım,
çəmənim, güllü baharım sən olaydın.
Olmaz belə qamət, belə
gərdən belə sinə,
Bəh-bəh,
nə deyim, şükrü Xudanın kərəminə.
təsnifinin müəllifi də,
yanılmıramsa, Cabbar əmidi.
- Doğrudu. Birdi,
ikidi belə misal? Eey...
- Təb demişkən, rəhmətlik
Mikayıl Müşfiqin «Məhəbbət» şeirinə bəstələdiyiniz
gözəl mahnının hədəfi, ayıb olmasın,
dünyalarca sevdiyiniz xanımınız deyil ki?
- Yaralı yerimə
toxundunuz. Mən tez evlənmişəm - 20
yaşımda. Uşaqların anası rəhmətlik
də məndən iki bayram balacaydı. İnanmazsan,
Allah sizinkiləri saxlasın, ta uşaqlar böyüyən
vaxtlaracan biz bir-birimizi o ilk gənclik şövqiylə dəlicəsinə
sevmişik. Belə şey hələm-hələm
olmur ha, şükür Allahın məsləhətinə, əlimdən
alıb apardı. Taleyimdən heç
narazı olmamışam. Bu gün də
yerdən-göyəcən razıyam. Amma,
bax, maşallah üç qızım, bir oğlum, səkkiz
nəvəm, on bir nəticəm var - Allah saxlasın. Hamısı qulluğumdadı, bir kəlməm o
yan-bu yan deyil. Di gəl, onun əvəzi
deyil, bütün bunlar. Xüsusən də qocalanda adam bu itkini ağır keçirir... Sözünü qəribçiliyə saldım.
Ay saqqalın ağarsın, məni eşq oduna qalayan,
çalıb-oxumağıma qol-qanad verən ilham pərim evdə
dura-dura məhəbbətin nolduğunu anlamaq mümkün
deyil. Müşfiqin sanki məni nəzərdə
tutub yazmışdı. Oxuyan kimi bəyənmişdim,
mahnı da öz-özünə yaranmışdı.
Mən ki bilməz idim nədir
məhəbbət,
Bu sirri sən
mənə anlatmadınmı?
Dünyaya sığmayan
şair könlümü,
Köksümdən çıxarıb
oynatmadınmı?..
Ən
maraqlısı bilirsən nədi? Demək, 1950-ci illərin
sonlarıydı, radio oxunmayan xalq mahnılarını toplamaq
barədə elan vermişdi. Mən də
bir bu mahnını, bir də «Gəl bizə yar»ı
götürüb getdim radioya. Dedim,
iki xalq mahnısı gətirmişəm. Birinci:
Ay dağlar, səndə
gözüm var,
Ay məndə dərdə
dözüm var.
Xəbər verin, yar gəlsin,
Ay ürəyimdə
sözüm var.
Gəl bizə, gəl bizə,
gəl bizə yar,
Qurbanam o qaş-gözə,
yar...
mahnısını oxudum. Sözləri
bayatılardan götürülüb deyə, inandılar ki,
xalq mahnısıdı. Ta bilmədilər
özümünküdü. Növbə «Məhəbbət»ə
çatanda vəziyyət qəlizləşdi. Dedilər, «balam bu sözlər axı
Müşfiqindi». Keçdim yalana - əlac
yoxuydu. Onları inandırdım ki, bu köhnə
mahnıdı, sözləri bir az zamana
uyğun gəlmir, dəyişmişəm. Razılaşdılar.
Amma məni əsas dəbə
salan rəhmətlik aşıq Pənahın bəstələdiyi
Yenə tovuz kimisən,
Nə qəşəng bəzənmisən,
Laləsən, süsənmisən,
Nə qəşəng
bəzənmisən.-
mahnısı olub.
-Əlibaba
müəllim, sözümüz-söhbətimiz bitən
deyil. Neyləyək ki, yubileyinizi bəhanə eləyib
danışdıqlarımıza hələlik nöqtə
qoymalıyıq. Bunu isə:
İlləri yola
salmışam,
Mahnı
qoşub, saz çalmışam.
Ömür deyir: -
qocalmışam,
Ürək
deyir, yaşa hələ...»dən gözəl heç nəylə
dilə gətirmək mümkün deyil. Razılaşdıq?
- Hə... bunu
məndən xalqım istəyir. Fürsətdən
istifadə edib, hörmətli Prezidentimiz İlham Əliyevə
mənə göstərdiyi xüsusi diqqətə -
“İstiqlal” ordeni ilə təltif etdiyinə görə təşəkkürlərimi
bildirirəm. Bu, təkcə mənə
deyil, bütün Azərbaycan sənətinə verilən
qiymətdir.
Seymur Elsevər
Mədəniyyət.- 2010.- 5 fevral.- S. 4.