İldırımlı yollardan keçən ömür
Öz milli
sənət meyarları
çərçivəsini “dağıtmağa” qüvvəsi
çatan, öz istedadı ilə zaman-məkan sərhədlərini
aşan gerçək
dühalara də çox az-az rast gəlinir. Əslində belə seçkin Allah bəndələrinin böyüklüyü,
dahiliyi zamanında bilinmir. Amma buna heyrətlənməyə
dəyərmi? Axı,
qocaman dağa bənzər insanların böyüklüyünü onunla
yanaşı olarkən
dərk etmək o qədər də asan deyil.
Dağın ətəyində
dur, istədiyin qədər başını
qaldır, boynunu geriyə qanır - xeyri yoxdur, onun
buludlardan nəm çəkən zirvəsini
görə bilməyəcəksən.
Gərək dağdan
uzaqlaşasan ki, onun möhtəşəmliyini,
ucalığını dərk
edəsən. Qara Qarayev də belə zirvələrdəndir.
Yeri gəlmişkən,
qədim türk kəlməsi olan qaranın bir mənası da elə böyük deməkdir.
Belə deyirlər
ki, bir dəfə
Qara Qarayevlə böyük türk şairi Nazim Hikmət mühüm bir tədbirdə iştirak etməli olurlar. Tədbirin keçiriləcəyi konsert
salonuna daxil olarkən «Bir məhəlləli iki oğlan» filmi ilə yaradıcılıq
dostluqları başlamış
zəmanəmizin iki böyük şəxsiyyətinin
arasında bizlər üçün ənənəvi
«buyur-buyur» başlayır.
Qapıda Qara Qarayev şairə «Nazim əfəndi, buyur» söyləyir. Nazim Hikmət də «Xeyr, öncə siz içəri buyurmalısınız»
deyir. Qara müəllim Nazim Hikmətin şəxsiyyətini
və aralarındakı
16 il yaş fərqini nəzərə
alaraq ona «Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz»
deyir. Nazim Hikmət isə «Əvvəlcə dahilər,
sonra böyüklər»
deyərək Qarayevi qucaqlayaraq irəli salır.
Bəs nədəydi Qara Qarayevin dahiliyi?
Ən birincisi,
ondaydı ki, ilk milli operamızdan cəmi 10 yaş kiçik olan Qara Qarayev Azərbaycan
musiqisinin imkanlarından
yaradıcı şəkildə
bəhrələnməyi bacaran
ilk əsl simfonik musiqi bəstələmiş
Azərbaycan bəstəkarıdır.
Hərçənd məhz
bu məharətinin, hünərinin üstündə
onu millilikdən uzaqlaşmaqda qınayan, doğma xalqı ilə onun yaradıcılığı
arasında sədd çəkməyə can-dildən
cəhd edənlər
az deyildi. Qara Qarayevi dar
çərçivədə görmək istəyənlər
unudurdular ki, məhz bizim böyük bəstəkarımız
təkcə doğma musiqimizi deyil, ispan, alban, Afrika
xalqlarının milli
musiqisini eyni dərəcədə duymağı,
onlardan bəhrələnməyi
bacarırdı. O, alban
musiqisi əsasında
«Alban rapsodiyası»nı, ispan musiqisi təməlində
«Don Kİxot» qravürlərini bəstələmişdi.
Qara Qarayevi yaxından tanıyanlar, onun tələbəsi olmuş hər kəs etiraf edir ki, Qara
müəllim həmişə
yeniliyə, novatorluğa
qəlbən, ruhən
açıq olub. Çox zaman Qara Qarayevin bir müəllim kimi tələbkarlığından,
tələbələri pillə-pillə
yetişdirməsindən daha
çox danışılır,
nəinki keçdiyi bəstəkarlıq məktəbindən.
Əvvəla, Qara Qarayev elə bir ailədə, elə bir mühitdə
böyümüşdü ki, hətta valideynlərinin istəyini
qəbul edib musiqiçi olmasaydı belə, əsl ziyalı kimi yetişəcəkdi. İstedad
isə elə bir vergidir ki,
onu hansı məcraya yönəltsən,
nailiyyət qazanacaqsan.
Sonra da musiqi
məktəbi, konservatoriya,
Üzeyir bəyin bəstəkarlıq sinfi.
Bəli, təməli
Azərbaycan musiqisi üzərində qurulmuş
konservatoriyanın ilk ən qüdrətli tələbələrindən biri
olmaq, sevimli müəlliminin vəfatından
sonra cavan bir oğlan ikən onun yaratdığı konservatoriyaya
rəhbərlik etmək
və bəstəkar-pedaqoq
fəaliyyətini davam
etdirmək. Zamanın,
yaxud taleyin işi adlandırmağımız
fərq etməz - bu, bir missiya
idi! Sonra da bütün dünya simfonik musiqisində yeni bir səhifə Dmitri Şostakoviçin dərsləri. Milliliklə
zəngin bir gəncin özünü,
öz düşüncələrini
musiqinin dil ilə daha səlist
ifadə etmək istedadını cilalayan dahi bəstəkar.
Dmitri Şostakoviçin
Qara Qarayev barədə ayrı-ayrı
illərdə söylədiyi,
qələmə aldığı,
bir neçə qiymətli fikri var. Həmin fikirlərdən birincisini D.Şostakoviç
1946-cı il aprel ayının 17-də Moskva
konservatoriyasını bitirən
məzun Qara Qarayevin xasiyyətnaməsində
ifadə edib: «Qara Qarayevin böyük və parlaq bəstəkarlıq
istedadı var. Ümumi inkişafı son dərəcə yüksək səviyyədədir.
O, musiqi qabiliyyəti və musiqi mədəniyyəti olan bəstəkardır. O, alətşünaslıq,
polifoniya və musiqi sənətinin digər bölümlərinə
əla yiyələnmişdir.
Qarayev gələcəyi
şübhə doğurmayan,
daim axtarışda olan bəstəkardır».
«Yeddi gözəl»in musiqisi genişmiqyaslı və genişnəfəsli, əsl
simfonik musiqidir. Balet bütöv, arasıkəsilməz və
getdikcə yüksələn
gərginlikli hekayət
kimi qavranılır.
«Yeddi gözəl» baleti bütün sovet musiqi sənətinin
ortaq qazancı olub, bütün sovet teatrı repertuarını zənginləşdirir»
(«Pravda» qəzeti, 18 dekabr 1952-ci il).
* * *
«Mən
o dərəcədə özümə
güvənən deyiləm
ki, Qara Qarayev kimi böyük
bəstəkardan söhbət
açarkən «mənim
şagirdim» ifadəsini
işlədim. Lakin mən həmin görkəmli musiqiçinin,
eləcə də Azərbaycan simfonizminin digər tanınmış
nümayəndəsi Cövdət
Hacıyevin Moskva konservatoriyasında, başçılıq
etdiyim bəstəkarlıq
sinfində çalışıb
yetkinləşdiyi ilə
hər zaman öyünəcəyəm» («Bakinskiy
raboçiy» qəzeti,
30 aprel 1968-ci il).
Qara Qarayevin
tələbələri - ondan
bəstəkarlıq dərsi
almaq şərəfinə
nail olmuş tələbələri
də öz müəllimləri barədə
çox isti, hərarətli sözlər
söyləyiblər və
hələ də söyləyəcəklər. Onların
hamısı Qara Qarayevin tədris üsulunu mənimsəyərək
onun məktəbini yaşadan savadlı, bilikli bəstəkar-pedaqoqlardır.
Bu gün dahi
bəstəkar Qara Qarayevin doğum günüdür. Sanballı
irihəcmli musiqi əsərlərinin, teatr
tamaşalarına, kinofilmlərə
yazılmış musiqilərin
müəllifliyi ilə
yanaşı, pedaqoqluğu,
ictimai xadim kimi fəaliyyətini cəmi 64 illik ömrünə sığışdırmağı
bacarmış, XX əsrin
ən görkəmli dünya bəstəkarları
sırasında yer tutan bir sənətkarın
Azərbaycan sənətinə
doğum günüdür.
Bizim onun dahiliyini tam dərk etməyimizdə, musiqi düşüncəsinin
fəlsəfəsini anlamağımızda
hələ də açıq xanalar var...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2010.- 5 fevral.- S. 3.