Səhnəmizin və sənətimizin Məcnunu - Mənsum

 

Onunla söhbətə qədər elə bilirdim bu qarabağlı oğlanın - xalq artisti Mənsum İbrahimovun yalnız ifasından, zəngulələrindən doymaq olmur. Sən demə, onun düşüncələri də «Külli-Qarabağın abi-həyatı, Nərmənazik bayatıdır, bayatı» kimiymiş...

 

- Mənsum müəllim, xoş gördük. Məcnunun otağı budur?

- Bəli. Cənab prezidentin fərmanı ilə bu mövsümdə teatrımız yenidən təmir olunacaq və sizlərin ilk təəssüratları daha da dolğunlaşacaq.

- Məcnun roluna 111 dəfə hazırlaşıb çıxdığınız bu otağın divarları dillənsəydi...

- Bir-iki kəlmə məndən deyərdi, minbir hekayət isə böyük, dahi sənətkarlarımızdan danışardı...

- Məcnunun bu balaca odasından keçək böyük səhnəsinə - dahi Füzuli və dahi Üzeyir bəy fəlsəfəsinə...

- Mən bu fəlsəfədən 111 dəfə imtahan vermişəm. Sənətə, sənətinə, özünə, tamaşaçıya qarşı məsulyyətli sənətkar hər dəfə bu imtahandan çıxana qədər rahat nəfəs ala bilməz.

- Mən Sizə bir jurnalist, vətəndaş, bir tamaşaçı kimi təşəkkür edirəm ki, danışanda həmişə özünüzdən bir deyəndə, on da sələflərinizdən bəhs edirsiz. İndi isə bu təvazökar sənətkardan - çox danışmağa «məhkumsuz». Bu Mənsum-Məcnuna qədər məcnunluğunuz olubmu?

- Hər kəsin Leylisi - haqqında çox şeir-hekayətlər yazılmış və heç vaxt vüsala yetməyən ilk məhəbbətidir. Bu, öz yerində. Ancaq mən sənət məcnunluğundan danışmaq fikrindəyəm. Fikirləşirəm ki, nə yaxşı mən muğamın, Vətənin, Qarabağın Məcnunu olmuşam. Yəni, nəyinsə Məcnunu olmasan, bir nəticə əldə edə bilməzsən. Mən Ağdamda böyümüşəm - İmanqulu kəndində. Uşaqlıq, gənclik, nəhayət, hərbi xidmətdən sonra təhsil dalınca gəldiyim Bakı. Ali məktəbə daxil olmuşam. 1985-ci ildə - Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi münasibətilə muğam müsabiqəsinin qalibi olmuşam. Elə həmin il Şövkət xanımın məsləhəti ilə opera teatrında məni stajyor qrupuna götürüblər. Burada əsas işim isə 90-cı ildən başlayıb. Həmin il teatrın rəhbərliyi dəyişildi və Akif müəllim daha çox, gənclərə diqqət yetirdi. 92-ci ilin sonunda mənə Məcnun partiyası verildi. Əlbəttə, bu, elə-belə başa gəlmədi - mən rejissorumuz Hafiz Quliyevin xüsusi diqqət və qayğısı altında 8 aya qədər bu obraz üzərində işlədim və uzun illlər həsrətini çəkdiyim bu rolumu tamaşaçı qəbul etdi...

- Deməli, 8 aya Məcnunlaşa bilmisiniz...

- 8 ay mənim sırf o obraza hazırlaşmağım olub. Ona qədər mən Zeydi, İbn Salamı ifa etmişəm. Sənətkarlar olub ki, Məcnunluq «universitetinin» elə birinci kursundan başlayıb oxumağa, eləsi də olub sonuncu kursundan. Gəlib bir dəfə oxuyub gedənlər də olub.

- Bu gün səhnədə, efir-ekranda, məclis-mərəkədə gurlayan bu səsin ilk səsi nə vaxt çıxıb?

- Doğulduğum kənd çox gözəldir, Soltanbud meşəsi ilə əhatələnib. İnsanın doğulduğu bölgə, mühit isə çox önəmli məsələdir. Hər axşam quzu «çobanlığından» qayıdıb böyük xanəndələrin vallarına qulaq asar, əzbərləyər, sabahısı düz-düzəngahda, meşədə onları yamsılayıb xırıd edərdim. Bir müddət sonra başladım məktəbdə, tədbirlərdə, hətta hərdən toylarda da oxumağa. Və bir gün düşündüm ki, mən kim olmaq istəyirəm? Qərara gəldim ki, təhsildən başlamalıyam. Bakıya gələnə qədər vallardan, lent yazılarından muğamların xeylisini bilirdim. Amma gəlib Asəf Zeynallı texnikumuna qəbul olunanda baxdım ki, heç nə bilmirəmmiş. Bu məktəb və rəhmətlik Vahid Abdullayev mənə muğamın sirlərini öyrətdi. Vahid müəllim çox gözəl müəllim idi. O, Nəriman müəllimin tələbəsi, Nəriman müəllimsə Seyid Şuşinskinin tələbəsi olmuşdu.

- Özünüzü çoxmərtəbəli şöhrətin neçənci mərtəbəsində hiss edirsiz?

- Möhtərəm Prezidentimiz çox sağ olsun, mənim əməyimi çox yüksək qiymətləndirib; əməkdar artist, xalq artisti, prezident təqaüdü. Sənətkarın həyatında bunların çox böyük əhəmiyyəti var. Bu yaxınlarda bir mətbuat işçisi sual verdi ki, yaxşı, bu cavan yaşda bunların hamısını almısan, bundan sonra nə olacaq? Dedim, təltiflər bitsə də, işlər bitməyib. O qədər görməli işlərim var ki. Təltif, şöhrət mərtəbələrinin norması olsa da, sənətin, sənətkarlığın sonu, axırıncı mərtəbəsi yoxdur. Mən hələ özümü hansısa dağın ətəyində hiss edirəm. Ustadlar bizi yetişdirib, biz də gələcəyin ustadlarını yetişdirməliyik.

- Sizcə, ustad-şəyird ənənələri qırılmayıb, zəifləməyib ki? Tutalım, Şəfiqə Axundovalar Üzeyir bəydən danışanda gözləri yaşarır və s. İndi necə, elə müəllimlər varmı ki, 50-60 ildən sonra tələbələri onları xatırlayanda gözləri yaşarsın?

- Mən hesab edirəm ki, bir az fərqlə - hər dövrdə olur o sayaq ustadlar. Amma, əlbəttə, hər müəllim, hər ifaçı müəllim də ola bilmir. Hamı dərs deyir, amma müəllimlik, ustadlıq ayrı şeydi.

- Həmişə olduğu kimi, teatrınıza gənclik gəlir. Necə gəlirlər?

- Məlum muğam müsabiqələrinin qalibləri gəlir, özü də yaxşı gəlirlər. Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Elşad Aydınoğlu artıq teatrın solistləridir. Teatrın rəhbərliyi onlara - özünü yaxşı göstərən gənclərə yaxşı şərait yaradır. Artıq onlar arasında baş rollarda çıxış edənlər var.

- Çox gənc İlkin Əhmədov, Təyyar Bayramov ustad yaşlılar arasında özlərini narahat hiss etmirlər ki?

- Yox. Həm də söhbət o gənclərdən gedir ki, onlar bura parta arxasından yox, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən mötəbər muğam müsabiqələrindən gəliblər. Onlar ümumxalq imtahanlarından çıxmış gənclərdir. Bunların bir xoşbaxtlığı da budur ki, dövlət səviyyəsində dəstəklənir, mükafatlandırılır, təqaüdlər verilir. Bütün bunlar isə bir stimuldur, bir vaxtlar, başdan-başa şouçuluğa meyllənən gənclərimizdə ağırtaxta milli musiqimizə də güclü meyl yaradır. Bu gün artıq meydana böyük bir gənc ifaçı nəsli çıxıb. Azərbaycan xalqı çox istedadlı xalqdı; bizim gözəl estrada müğənnilərimiz də var. Amma bu gün muğam daha aktualdı - baxın, artıq estrada müğənniləri də xalq mahnılarına, muğam ifaçılığına meyl göstərir.

- Xaricə tez-tez gedirsiz, bizim muğamımıza, folklorumuza diqqətlə qulaq asır, əl çalırlar. Bəs onların içində bizim içimizdəki tellərin də tərpəndiyi olubmu?

- Biz «Leyli və Məcnun»u Parisdə YUNESKO-nun öz səhnəsində oxuyarkən bütün zalın ayağa qalxdığını görmüşəm. 2009-cu ilin noyabrında Londonda London Simfonik Orkestrinin müşayiəti ilə Vasif Adıgözəlovun «Qarabağın şikəstəsi»ni oxuduq. Tarzən Elçin Həşimovun müşayiəti ilə - Aygün Bayramova, mən və tələbəm Elməddin. Dirijor da bizim Yalçın Adıgözəlov idi. Sonda bütün zal ayağa qalxdı. Mənimçün ən maraqlısı bu idi ki, orada iştirak edən bir neçə həmyerlimiz əcnəbilərin bu marağına, ayaqda alqışlamalarına təəccübləndilər də... Bu yaxınlarda Misirdə Azərbaycan Mədəniyyət günləri keçirilirdi. Dünyanın 7 möcüzəsindən birinin sahibi olan Misirdə Azərbaycan muğamının bəşəri musiqi olduğu bir daha təsdiqləndi.

- Bəxtiyar Vahabzadənin muğam haqqında belə bir fəlsəfəsi var ki, digər musiqilər ayaqları, muğam başları tərpədir...

- Bəli, bu ötən ilin yayında Qəbələdə pianoçuların beynəlxalq müsabiqəsində də təsdiqləndi.

Həmin axşam efir canlı idi və möhkəm yağış yağırdı. Lakin 2000-dən çox adamdan biri də yerindən tərpənmədi. Sonda jurinin üzvləri ilə görüşümüz oldu və onların sədri dedi ki, neçə gündü gözlədiyimiz bu muğam axşamını təbiət özü də öz yağışı ilə alqışladı! Söylədi ki, elə bil 1000 il qədimlərə getdim.

- Sizcə, Qarabağın müasir durumu səs-sənət ənənəsində zənciri qırmayacaq ki? Axı oralı uşaqlar indilər başqa sular içir, başqa hava udurlar...

- Əlbəttə, təsirsiz ötüşməyəcək. Qarabağ həmişə Azərbaycanın təbii konservatoriyası rolunu oynayıb. Amma təki torpaqlarımızı qaytara bilək, hər şey düzələr. Həm də Ağcabədidə Üzeyir Hacıbəyov adına Muğam Mərkəzi fəaliyyət göstərir və bütün ətrafın səsli-sənətli uşaqlarını oraya cəmləyir. Qalır, torpaq, yurd-yuva məsələmiz. Bu da inanıram ki, çox tezliklə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə öz həllinə yetəcək. Torpaqlarımızı düşməndən xilas edəcəyik. Biz hamımız bir yerdə - ordumuzla birgə öz doğma torpaqlarımıza yiyələnəcəyik.

- Sizin simanızda duyduğum bir nüansa da toxunmaq istərdim: sənətkar və təvazökarlıq . Rəhmətlik Rübabə xanım sənətin zirvəsində ikən bir dəfə onun AZTV-nin pilləkanlarından düşdüyünü görmüşəm: nə qədər sadə, təvazökar! Ətrafına elə ünsiyyətcil, xoşqılıq baxırdı ki, hamı onunla salamlaşa, hal-əhval tuta bilərdi. Sanki o, xalq artisti yox, adicə bir xala, bibi, evdar qadın idi. Amma bayaq Sizi gözləyərkən tələbələrinizdən bir xanım qız pilləkanları elə düşüb-çıxırdı - sanki sizin hamınızın müəllimiymiş...

- Adını demədiyinizə - yəni o kimsəni mənim gözümdən salmadığınıza görə təşəkkür edirəm və bizim bu qəzetimizin vasitəsilə bizim o gənc qızımıza tövsiyə edirəm ki, Rübabə kimi sənətkarların ruhundan üzr istəyib, bundan belə bir də nə o pilləkanda, nə həyatda elə qeyri-təvazökar addım atmasın... Xüsusilə bu məbədin pilləkanlarında!

- Biz 102 yaşlı «Leyli və Məcnun» operasında ayrıca bir Məcnun dövrü, Məcnun məqamı yaratmış Mənsumun yüz minlərlə canlı tamaşaçı energetikasına minlərlə «Mədəniyyət» oxucusunun qiyabi sevgisini də qoşuruq.

- Çox sağ olun. Mən də daimi oxucusu olduğum «Mədəniyyət» qəzetinin oxucularına «Leyli və Məcnun» ömrü, Leyli-Məcnun sədaqəti arzulayıram.

 

 

Söhbətləşdi: Tahir Abbaslı

 

Mədəniyyət.- 2010.- 10 fevral.- S. 8.