Qədim Bərdədə elektron kitabxana
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev və Milli Məclisin deputatı Zahid Oruc da iştirak
edib
Dünən Bərdə
rayonunun Mərkəzi Kitabxanasında Azərbaycan
regionlarında yaradılan ilk elektron kitabxananın
açılış mərasimi keçirilib. Tədbirdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Milli Məclisin deputatı Zahid Oruc, Bərdə Rayon İcra
Hakimiyyətinin başçısı İlham Ağayev, rayon
ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin
əməkdaşları iştirak ediblər.
Zahid Orucun qəzetimizə
verdiyi məlumata görə, tədbirdə
çıxış edən Ə.Qarayev Azərbaycanda mədəniyyət
sahəsində həyata keçirilən işlərdən,
ölkə başçısı tərəfindən mədəniyyət
və tarixi abidələrin bərpası, elm və təhsil
sferasına göstərilən yüksək diqqət və
qayğıdan danışıb: «Tarix elə gətirib ki, Bərdə
Qarabağın həm giriş, həm də
çıxış qapısına çevrilib. Nazir öz
çıxışında rayon gənclərinin elmli, təhsilli
olması, burada yerləşən mədəniyyət obyektlərinin
yüksək səviyyəyə qaldırılması
üçün görülən işlərdən bəhs
etdi. Sonra nazir və onu müşayiət edən nümayəndə
heyəti ilə rayon mədəniyyət sarayına və
tarix-diyarşünaslıq muzeyinə, bir neçə musiqi məktəbinə
getdik».
Z.Oruc onu da bildirdi ki,
açılış mərasimindən sonra Bərdənin
tarixi mədəniyyət abidələri, o cümlədən
Nüşabə qalası, türbələri, Cümə məscidi
də ziyarət olunub. Azərbaycan tarixinin çox
mühüm hissəsini özündə daşıyan, Bərdənin
qədimliyini ifadə edən və ölkəmizi beynəlxalq
aləmdə tanıdan bu abidələrin qorunub-saxlanması
ilə bağlı diskussiyalar olub. Nazir tərəfindən
atılan bu addımları rayon ictimaiyyəti yüksək
qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”na uyğun
olaraq respublikada kitabxanaların
informasiyalaşdırılması işi həyata
keçirilir.
Bərdə rayonunda
yaradılmış ilk elektron kitabxana rayon mərkəzi
kitabxanasında təşkil olunub. Kitabxana üçün xüsusi
Avtomatlaşdırılmış Kitabxana - İnformasiya
Sistemi alınıb, habelə kitabxananın veb-saytı
(http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə
verilib. Kitabxananın binası əsaslı təmir olunub,
müasir inventar və avadanlıqlarla təchiz edilib.
Veb-saytda elektron kataloq və
elektron kitabxana vasitəsilə oxuculara kitabxananın
resursları, habelə kitabların tam mətni təqdim olunur.
Elektron kitabxana bölməsində yüzlərlə
müasir, latın qrafikalı kitabların tam mətni yerləşdirilib.
Onlardan Azərbaycan və dünya ədəbiyyatından
seçmələr, Azərbaycan-Ermənistan Dağlıq
Qarabağ münaqişəsi haqqında Azərbaycan və
xarici müəlliflərin nəşrlərini qeyd etmək
olar. Bərdə Rayon Mərkəzi Kitabxanasının
saytında kitabxana və onun şöbələri, habelə
kitabxanada oxucular tərəfindən ən çox oxunan
kitablar haqqında məlumat verilir. Veb-saytda kitabxana tərəfindən
keçirilən tədbirlər mütəmadi
işıqlandırılır. Saytda Dağlıq Qarabağ
münaqişəsi, Xocalı faciəsinə dair linklərdə
Qarabağ haqqında ətraflı məlumatlar əldə etmək
mümkündür.
Bundan başqa, saytda “Qədim
Bərdə və bərdəlilər” məlumat bazası
yerləşdirilib. Burada Bərdənin qədim dövrdən
müasir dövrə qədər keçdiyi tarixi inkişaf
mərhələsi, Bərdənin tarixi abidələri, habelə
tanınmış bərdəlilər haqqında ətraflı
məlumatlar yerləşdirilib.
Sözügedən
saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi,
Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana,
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının saytına daxil olmaq
mümkündür.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 10 fevral.- S. 1-2.