Daşlar üzərindən
başlanan həyat
İnsan övladının ağlı
kəsəndə daşların
həyatverici gücünü
də anladı. Bəlkə də Daş dövründən
həyatın, insan yaşayışının başlanması
ilə bağlı olub bu inam.
Elə o vaxtdan insanlar öz həyatında, məişətində daşların
əhəmiyyətini görüb,
onları müqəddəsləşdirdi,
səcdə etdi. Təbiətin sirləri kəşf edildikcə daşlar üzərində
başlanan həyatın
yeni, təzə naxışları üzə
çıxdı. Gözəllik
xalçalarda, kilimlərdə,
xurcunlarda ilmə-ilmə
ecazkarlaşdı. Tarix
daşlaşdı, qayalaşdı,
qalalaşdı, türbələşdi,
müqəddəsləşdi - Əshabi-Kəhf kimi.
Naxçıvan Muxtar Respublikasının Kəngərli
rayonunun Qarabağlar kəndindəki memarlıq
kompleksi də belə daşlaşan türbələrimizdəndir. Düzdür, bu abidə-kompleks tariximizin Daş dövrünə aid deyil - orta
əsrlərin tən
orta dövrünün
yadigarıdır. Amma
bu kənd də ibtidai icma cəmiyyətinin Daş dövründə başlayıb, Dəmir dövründən başa
çatan ilkin yaşayış məskənlərimizdən
biri olub. Son Tunc dövründə
Qalacıq adlı yerdə insanlar məskən salıblar.
Kəndin müasir tikililəri altında qalmış
orta əsrlərə aid yaşayış yerində aparılmış
kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində
ərazidən eramızın ilk əsrlərinə və
orta əsrlərə aid gil məmulatı, xüsusilə tikinti keramikası qalıqları aşkara çıxarılmışdır.
Qarabağlar böyük şəhər olub
Tarixçilərin fikrincə,
orta əsrlərdə
Qarabağlar şəhərinin
Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən
mühüm karvan yollarının üstündə
yerləşməsi sayəsində
burada sənətkarlıq,
ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından
da göründüyü
kimi, bağ və yaşıllıqlarla
örtülmüşdür. Dağlardan gələn kiçik çaylar və bulaqlardan arxlar çəkilmiş,
şəhər bol və dadlı meyvələri, üzüm
növləri ilə məşhur olmuşdur.
Böyük türk
səyyahı Övliya
Çələbi (XVII əsr)
“Səyahətnamə” əsərində
Qarabağları meyvə
bağları arasında
yerləşən böyük
bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə,
XVII əsrdə Qarabağlarda
təqribən 50 min adam yaşayırdı; 10
min ev, 70 məscid, 40 minarə, çoxlu karvansara, bazar, hamam və
s. var idi.
17-18-ci yüzilliklərdə feodal ara müharibələri
və daxili çəkişmələr nəticəsində
şəhər tənəzzül
etmişdir. XX əsrin
əvvəllərində Qarabağlarda
2000 nəfər əhali
yaşayırdı. Tarixi
bir şəhər olan Qalacıqdan günümüzə bir qoşa minarə və türbə yadigar qalmışdır.
...Bu türbə daşların yaddaşına
hopmuş tarixin naxış həqiqətləridir.
Ona görə də bu tarix
və mədəniyyət
abidəsinin daş yaddaşının sirlərindən,
naxış həqiqətlərindən
agah olmaq istədim.
Qadının şərəfinə
ucaldılan abidə
Qarabağlar türbəsi
haqqında yazıdan əvvəl, tarixi abidələrimizdən bəhs
edən bir neçə kitabı vərəqlədim və
belə bir fakta rast gəldim:
Qarabağlar türbəsi
ilə 1322-ci ildə Bərdədə tikilən
türbənin bir-birinə
üslub oxşarlığı
var. Hətta qaynaqlarda
Bərdədəki türbənin
naxçıvanlı memar
Əhməd Eyyub oğlu tərəfindən
tikildiyi də göstərilir. Bu dövrdə isə Azərbaycanda Elxanilər dövləti (1256-1357) hakimiyyətdə
idi. Qarabağlar türbəsi də məhz bu dövrdə
tikilib. Daha dəqiq desək, türbəni Elxanilərin
birinci hökmdarı Hülaki xan öz arvadı Quti xatunun şərəfinə
tikdirib.
Hülaki xan isə 1256-1265-ci illərdə
taxtda oturub. Buradan belə qənaətə gəlmək
olar ki, türbə bu 9 illik dövr aralığında həyata
vəsiqə alıb.
Hər iki türbənin təxminən
eyni dövrdə tikilməsi, eyni memarlıq üslubuna mənsub olması Qarabağlar türbəsinin
də Əhməd Eyyub oğlu tərəfindən tikildiyini
düşünməyə əsas verir. Abidədəki incəlik,
ülvilik, obrazlıq
hamıda xoş hiss- duyğular doğurur. Hər bir tarixi abidə
insan əməyinin, qüdrətinin, sənətkarlıq
zövqünün incəliyini
nümayiş etdirir. Abidələrdəki ornamentlərin
dəqiq düzülüşünə,
divar bəzəklərinin
rəngarəngliyinə baxdıqca
heyrətlənir, sənətin
böyüklüyünü hiss edirsən. Elə buna görə
də abidələr təkcə gözəllik
nümunəsi, əzəmət,
qüdrət timsalı
kimi yox, başlıcası, milli dövlətçilik ənənələrinin
rəmzi kimi bütün xalqlar tərəfindən eyni rəğbətlə qarşılanır.
Burada türbə
və qoşa minarədən əlavə,
bunların arasında
yerləşən mədrəsə
də olub. Minarələri bir-birinə
baştağ bağlayır
ki, bunun da XIV əsrdə tikilməsi ehtimal olunur. Məhz həmin baştağın
üzərində Elxani
hökmdarı Hülaki
xanın arvadı Quti xatunun adı
yazılıb. Buna görə də onun Quti xatunun
şərəfinə tikildiyi
ehtimal edilir.
Tarixi qaynaqlara
istinadən onu da deyim ki,
sərdabə və yerüstü hissədən
ibarət Qarabağlar
türbəsində qülləvari
türbələrin əsas
xüsusiyyətləri əks
olunmuşdur. Belə
ki, daş kürsülük üzərində
dəstə şəklində
birləşən 12 yarımsilindrlik
çıxıntı türbəyə
kompozisiyalıq verir. Çıxıntılar divarın
ümumi həcmini 0,5
qədər azaltmaqla yanaşı, türbəyə
qala əzəməti
verir. Türbənin
12 bucaqlı yeraltı
sərdabəsinin divarları
daşdan, günbəzləri
isə kərpicdən
hörülmüşdür.
Qarabağlar türbəsinin
səthi qırmızı
və firuzəyi kaşılı kərpiclərlə
örtülmüş və
həndəsi ornamenti
xatırladan kitabələrlə
bəzədilmişdir. Türbənin yuxarısındakı
kitabə qurşağı
nəsx-xətt ilə
işlənmişdir. Yerli
göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır. Qarabağlar
türbəsinin kompozisiya
xüsusiyyəti 4 baştağdan
ibarət olmasıdır.
Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində
yerləşərək, türbəyə
4 fasadlı görkəm
verir. Baştağların
səthi kaşı ilə örtülmüş
həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan
ən maraqlısı
şimal tərəfdəki
əsas baştağdır.
Qarabağlar türbəsinin
günbəzi və müvafiq kitabələri
konus şəklində
olmuş, lakin sonralar dağıdılmışdır.
Qarabay qədim tayfalardan biridir
O ki qaldı Qarabağlar kənd sakinlərinin qədim Kəngərli tayfasının bir qolu olması barədə deyilənlərə,
bu barədə alimlərimiz belə yazırlar: Eramızın
əvvəllərində Azərbaycan
ərazisində məskunlaşan
kəngərlilər həm
Albaniyanın (Qafqaz) qərbində (indiki Qazax-Ağstafa bölgəsi),
həm də Naxçıvan bölgəsində
yaşamışlar. Onların
bir qolu da qarabağlar adlanmışdır. Bu, X
əsr rus tarixçilərindən Konstantin
Baqryanarodnının Cənubi
Rusiya çöllərində
yaşayan peçeneq-kəngərlilərin
bir tayfasının qarabay adlanması barədə məlumatı
ilə də uzlaşır.
Başqa bir mənbəyə görə
isə, hətta XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan döyüşkən tayfa
kimi ad çıxarmış
kəngərlilərin bir
hissəsini Naxçıvandan
Qarabağa köçürmüşdü.
Ehtimal ki, qarabay tayfası da onların arasında olmuşdur.
Qədim Qalacıq
şəhərinin izləri
bu gün də yaşayır. Qoşa minarələrlə
ucaldılan və neçə əsrlərlə
tariximizi özündə
yaşadan Qarabağlar
türbəsi isə...
Son söz əvəzi,
yaxud o daşı qoru, qardaş
Bu abidələr
həm də xalqımızın çoxəsrlik
dövlətçilik ənənələrindən
soraq verir. Necə deyərlər, abidələr tarixin şahididir; ömrünü
sürmüş, əbədiyyətə
qovuşmuş sənətkarların
düşüncəsi, sözü,
tarixin sirdaşı, əsrlərin ünvanı,
xalqın qəhrəmanlıq
simvoludur. Elin vüqarı, əzəməti,
qüdrətidir. Keçmişdən
bu günə, bu gündən sabaha pəncərəsidir.
Babaların alın təri, qeyrəti, odlu nəfəsi, bizə uzanan əli, gələcək nəsillərə səsi,
ürək sözüdür.
Bəlkə də bu mənada böyük şairlərimizdən
birisi deyib:
O daşı qoru, qardaş.
Qorumasan, babamın
Od tutar goru, qardaş!..
Tariximizin yaşadığı
hər daşı, qayanı qoruyub saxlamağı bacarmalıyıq.
Qarabağlar türbəsi
tək!
Elxan YURDOĞLU,
Naxçıvan
Mədəniyyət.- 2010.- 12 fevral.- S. 14.