Cansızlara nəfəs verən

 

Tar, kamança, saz ifaçılarının adamı varından yox edən çalğılarını eşidənlərimiz yetərincədi. Bəs sizcə, həmin alətləri kimlərin necə hazırladıqlarından xəbərdar olanlar qədərdi? Axı ifaçısız alət quru odun parçasıdı. Amma elə alət özü yoxsa, onu dilləndirib sənətkar (!) adı qazananlar adi adamlar sayılmayacaqdımı?

 

Hərçənd, bilavasitə alətşünasların tədqiqat predmeti olan işlərdən geniş söhbət açmaq fikrimiz yoxdu. Ancaq hər necə olsa, çox şeyin pərdə arxasında qalan, əməyi ifaçılar qədər gözə dəyməyən ustalardan asılılığını unutmamalı, imkan düşdükcə onların da tanınmasına çalışmalıyıq.

1960-cı illərin ortasından başlayaraq, təqribən iyirmi beş il davamlı şəkildə gözəl tar çanaqları hazırlamaqla təkcə Azərbaycanda yox, keçmiş SSRİ-, yaxın xarici ölkələrdə yetərincə tanınan bir insan varıydı. Gənc yaşlarından ömrünün sonunacan Balakəndən kənara bir addım atmamış, üstündə əyalət "yarlığı" daşıyıb şan-şöhrət dalınca qaçmayan usta. Aydın Tağıyev. Çoxları onu soyadı ilə yox, sənətkarlığı ilə tanıyırdı; usta Aydın.

Yetmiş yeddi il öncə qədim İrəvan şəhərində doğulmuş Aydın burada cəmi on səkkiz il yaşamışdı.

Kiçik yaşlarında atasının vaxtsız vəfatı anası Rübabəni üç uşaq qayğısıyla üzbəüz qoysa da, buna birtəhər dözürdülər. 1949-50-ci illərdə İrəvanda - Ermənistanda yaşayan azərbaycanlılara qarşı tez-tez keçirilən yürüşlər başsız qalmış ailənin gününü daha dözülməz edir. Erməni cavanlarından ibarət dəstələr gündüz gecələr əllərində ütülüb, şişə taxılmış donuz kəllələrini şüar kimi tutub "türklər Ermənistanı tərk etməsələr, onların başını beləcə ütüb şişə keçirəciyik" deyə azğınlıq etmələri iki oğlu bir qızı ilə arxasız qalmış Rübabə xanımın narahatlığını günbəgün artırır. o, İrəvan şəhərindəki evini, bağlarını qoyub 1950-ci ildə Azərbaycanın Balakən rayonunun Qullar kəndinə köçür. Aydın orta məktəbi Qullar kəndində tamamlayır. Ailə vəziyyətinin ağırlığından təhsilini davam etdirə bilmir. Əvvəlcə kiçik alverlə, sonra bənnalıq dülgərliklə məşğul olmağa başlayır. 1959-cu ildə ailə qurmaq qərarına gəlir elçi göndərdiyi qız üçün Tiflis şəhərinə gəlinlik paltarı almağa gedir. Tiflisdə mağazaları gəzərkən satışda bir sədəfli tar görür. O alətə necə vurulursa, gəlinlik paltarı əvəzinə, bütün pulunu verib, tarı alaraq evlərinə qayıdır. Həmin ilin payızında Aydın əslən Balakəndən olan qızla ailə qurur. Bu izdivacdan onun beş qızı iki oğlu dünyaya gəlir. Aydın Tiflisdən sevə-sevə aldığı tarda çalmağı öyrənir. Günlərin birində tarın təmirə ehtiyacı olur. Onu təmir üçün bir ustaya verir. Usta tarın çanağının qalın olduğunu söyləyərək onu o qədər yonur ki, axırda alətin çanağı qabıq şəklinə düşür. O məyus halda tarı geri alır çox götür-qoydan sonra, nəhayət, onu bərpa etmək fikrinə düşür. Bu səbəbdən ələkdən keçirdiyi taxta kəpəyinə yapışqan qarışdırır tarın yonulmuş çanağına içəri tərəfdən sürtərək onu qalınlaşdırır. Beləliklə, ağlına belə gəlməyən bir işə - ustalığa başlayır. Özü tar düzəltmək qərarına gəlir. 1966-cı ildə tapdığı bir kitab əsasında ilk tarını düzəldən usta düz iyirmi altı il, yəni 1992-ci ilə qədər bu sənəti inkişaf etdirir. Onun düzəltdiyi tarlar Azərbaycana, habelə bütün Qafqaza Orta Asiyaya, başqa xarici dövlətlərə ayaq açır. Ustanın şöhrəti aləmə yayılır. Təəssüflər olsun ki, bu tarları keçmiş SSRİ ərazisində ermənilər daim öz adlarına çıxarmağa çalışıblar. Aydın belə hadisələrin dönə-dönə şahidi olduğundan tarların çanaq hissəsinin içərisində, pərdənin altına "Balakən rayonu, Qullar kəndi, Aydın Tağıyev" sözləri yazılmış kağız parçası yapışdırmaq məcburiyyətində qalır. Buna baxmayaraq, tarın çanaq hissəsini ayrılıqda Bakıya, Orta Asiyaya Moskvaya göndərəndə ermənilər yenə azərbaycanlı ustanın gözəl sənət nümunələrini öz adlarına çıxmaq kimi çirkin niyyətlərindən əl çəkmirdilər. Aydın isə usanmadan sənət dəst-xəttilə tarın ən vacib hissəsi sayılan bu çanaqların ona məxsusluğunu sübuta yetirir erməniləri bir daha ifşa edirdi. Sənətinin kamil bilicisi olan usta tarı tut ağacından, onun xüsusi gündəyən hissəsindən düzəldirdi. Onun şam, qarağac, qoz şabalıd ağaclarından tar düzəltməsi faktı da məlumdu. Lakin tutdan düzəldilən tarlar daha gözəl səsləndiyi üçün o məhz bu ağaclara üstünlük verirdi.Xüsusən Qarabağ bölgəsindən gətirilmiş ağaclara. Aydın nəinki öz sənətinin incəliklərini bilirdi, eyni zamanda bütün xalq musiqisini, muğamları ifa etməyi bacarırdı.

İndilər A.Tağıyevin sənətini böyük oğlu Arif davam etdirir. Ustanın kiçik oğlu Məhəmməd qızı Zeynəb tarı gözəl təmir etməyi bacarırlar. Aydın Tağıyevin bir qızı bir nəvəsi taleyini musiqiyə bağlamaqla, bir növ, onun yolunu davam etdirirlər. Bütün bunlar 1992-ci il oktyabrın 5-də ağır xəstəlikdən vəfat edən ustanın ömürlüyündən bir parçadı.

Bu yazının ərsəyə gəlməsinə mənən dayaq duran insanlar tapıldı. Məncə, on yeddi il əvvəl dünyadan köçən insanın ruhu indi şaddı. O, əməlləri sənətilə qazandığı hörmətin, zəhmətin bəhrəsini "dadır" bu gün. Görkəmli tarzən Ramiz Quliyev, qədim musiqi alətlərinin bərpaçısı kimi tanınan Məcnun Kərimov, istedadlı tarbənd alim Pənah Göyçə onu xüsusi məhəbbət qədirbilənliklə xatırladırlar. Hər üçü "Usta Aydının düzəltdiyi tar çanaqlarının misli-bərabəri yoxuydu. Əsl tar isə məhz belə çanaqlardan asılıdı" sözlərini tez-tez işlədirlər.

Qarşıda Balakəni Aydın Tağıyevsiz növbəti ad günü gözləyir. Arifə xanım övladlıq borcunu atasını yada salmaqda görür. Ancaq peşəcə qəlbən musiqiylə bağlı xanım nahaq bir şeyi unudur. Aydın Tağıyev kimi insanlar daim yaddaşlardadı. Çünki onları elədiklərinin müqabilində tarix özü qoruyub saxlayır.

 

 

Seymur ELSEVƏR

 

Mədəniyyət.- 2010.- 12 fevral.- S. 6.