«Millətin Bəxtiyarı»
Bu, şairin anım
tədbirinin adı idi
Bu, vəfatından 1 il
keçən Bəxtiyar
Vahabzadənin anım
günü kimi qutlanılan tədbirin adıydı. Yaxşı
ad olduğuna görə,
mən də bunu öz yazımın
başlığına çıxartdım.
Hansı ki, mən bu yazımı
«Adı da şairanə şair» kimi başlıqlamaq fikrindəydim. Hələ
mən Bəxtiyar Vahabzadənin «Xalq şairi» adı haqda da başqa
fikirdəyəm. Onun millət şairi, Vətən şairi adlandırılmasını daha
münasib hesab edirəm. Yeri gəlmişkən, mən
öz vətəndaş-oxucu
könlümün 40 il
bundan əvvəl verdiyi fərmanla Azərbaycanın 6 şairini
- Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Məmmədhüseyn Şəhriyar,
Rəsul Rza, Bəxtiyar Vahabzadə və Məmməd Arazı bu adlarla
təltif etmişəm.
Çoxsözlü tədbirə ön
söz
Ötən əsrin
60-cı illərindən başlayaraq,
ali məktəblərə
qəbul olunanların
əksəriyyəti adlarını
çəkdiyim bu millət şairlərinin
səyyar kursundan keçib gəlirdilər.
Onların «çöl
auditoriyalarında» abituriyentlərə
öyrətdiklərini universitet
və institutlar nəinki artırmır, hətta çox vaxt malalayırdılar. O vaxtlar milli müəllim
adına Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov
kimi beş-üç
şəxsiyyət vardı
ki, onların irreal «çöl auditoriyaları»nda yetişdirdikləri uşaqlar
onların dərs keçdiyi real auditoriyalara
sığışmazdı. O müəllimlər öz
milli qeyrət antenaları ilə tutduqları mətləblərlə,
imkan düşdükcə,
biz tələbələri də tanış edirdilər. Deyirdilər, Şəhriyar deyir ki, «Eşq əhlisiz
- məni yaxşı
qanarsız, Gözlər
yağış yağdırmasa,
yanarsız!» Mir Cəlal
deyirdi: «Bizim yazdıqlarımızı bir
oxuyursuzsa, dediklərimizə
iki diqqət yetirin. İndi bizim yalnız sizə deyə bildiklərimizi sabah sizin bütün xalqa demək imkanınız yarana bilər...» Rəsul Rza «İkiaçılanlar»ında yazırdı ki, «Yaşasın qadın azadlığı!
- dedi vələdüzzina,
şorgözlüklə baxdı
baldızına!»
Bəxtiyar Vahabzadə
yazırdı ki; «Yarım o tayda qaldı, Yarım bu tayda qaldı.
Toyum burda çalındı, Yarım
o toyda qaldı».
O dövrlərin
məlum beynəlmiləlçi-sapmaçılarını
öz kəsərli atmacalarıyla dilə-dişə
salıb daha da “məhşurlaşdıran”
Şirməmməd Hüseynov
özünəməxsus milli
istiotunu dərsdə əsnəyib-həsdəyən tələbələrdən də
əsirgəmirdi: «Balası,
adam da «Azərbaycan öz xoşa-xoşluğu ilə
çar Rusiyasının
tərkibinə qatıldı»
kimi dərsdə yatar?!» Elə həmin «güllü» günlərdə Məmməd
Araz yazırdı ki; «Görüm ayılmasın gec ayılanlar!» Beynəlmiləlçi
beyinlərə nəqş
edirdi ki; «Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı»...
Yarı hüzn,
yarı bəxtiyar gecə
Böyük şairin
anım məclisi də başdan-başa poetik idi. Bu ölkədə onu ananlar, cismən yoxluğuna yananlar saysız-hesabsız olsa da, bura - Gənc
Tamaşaçılar Teatrına
salona yerləşəcək
qədər adam dəvət olunmuşdu. Həmin axşam burada əsasən, ahıllar, qocalar, yaşlı-başlılar idi,
- deyə, lap adamın
bu məkana qoca tamaşaçılar
teatrı deməyi gəlirdi.
Bu insanlar
bu şairi tanıyanlara nisbətdə
dəryada damla, şairin tanıdıqlarınınsa
çox az bir qismi idi.
Bəxtiyar Vahabzadənin
hamıdan çox sevdiyi Türkiyədən
də çox qonaq gəlmişdi. Səhnədəki matəm
anını əks etdirən iri fotoşəkilə, tədbirin
«ölümün bir ili» motivinə baxmayaraq, dedikcə xoşovqat, olduqca bəxtiyar bir məclis başlandı.
Yığıncağı professor Nizaməddin
Şəmsizadə açdı.
Söylədi ki, Bəxtiyar aləmi bir gecəyə, bir aya, bir
ilə sığışan
deyil, hərənin öz Bəxtiyarı var və mən
yalnız Türkiyədən
gəlmiş hörmətli
millət vəkillərini,
ünlü alimləri,
professorları təqdim
etməkdən başqa,
elə bir söz deməyə ehtiyac görmürəm. Bir onu deyim
ki, Bəxtiyar Vahabzadə milləti daim ovxarda saxlayan
şairimiz kimi yaşadı və bu kəsər-əsərdən
hələ bizim gələcək nəsillər
də faydalanacaqlar. Aparıcı məclisi B.Vahabzadə haqda çəkilmiş filmə
baxmağa dəvət
etdi.
Sonra söz xalq yazıçısı
Anara verildi. O, B.Vahabzadəni dövrünün
vətəndaş-şairi, filosof-şairi, üsyançı-şairi
kimi xarakterizə etdi. AMEA-nın müxbir üzvü,
professor Nizami Cəfərov
B.Vahabzadə ilə klassik şairimiz Səməd Vurğun arasında paralellər apardı və hər ikisinin ədəbiyyatımızda tutduğu
böyük mövqedən
bəhs etdi. Türkiyəli millət vəkilləri, elm-bilim adamları Bəxtiyar Vahabzadənin Türkiyənin
şeir-sənət aləmində
çox önəmli
yer tutduğunu qeyd etdilər. Vurğuladılar ki, uzun illər türk dünyasına poetik qardaşlıq, birlik, poetik bahar ixrac edən
Bəxtiyar nə xoş ki, Azərbaycanın
siyasi baharını -
azadlığını, müstəqilliyini
də gördü.
Xalq şairi
Zəlimxan Yaqubun səsinə-sözünə qopan
alqışlar susmaq bilmirdi.
Məclisi vətənpərvər-müğənni
Azərin xanım öz ifası ilə davam etdirdi. O, «Gecələr» mahnısı ilə bu hüzn və
bəxtiyar gecəyə
səhər şəfəqləri
çilədi. Ardınca
xalq artistləri Nurəddin Mehdixanlı, Məleykə Əsədova
və Laləzar Mustafayevanın ifalarında
Bəxtiyar Vahabzadə
poeziyasından parçalar
səsləndi.
Sonra natiqlər
ömrü uzunu Vətənin siyasi-ictimai dərdlərilə yaşamış
Bəxtiyar Vahabzadənin
son dərdindən söz
açdılar. Dedilər
ki, Qarabağ dərdi onunla birgə gömüldü
məzarına. Onun əlləri «20 Yanvar» rejissorlarından olan bir rus generalının
sifətinə sillə
çəkməklə fiziki
qisasını qismən
də olsa, aldı. Qələmilə
isə bu dərdə borclu qaldığını deyirdi
şair. Şair deyirmiş ki, «Muğam» poemasındakı
yanğısını söndürmək
üçün Qarabağın
işğaldan azad olacağı günü gözləyir...
O ulu və daim olu
şairdən çox
danışdı bu məclis. Amma burada hər kəs bunu da
yaxşı bilirdi ki, bundan belə
xalq bu millət
şairi haqda nə qədər danışsa da, onun bu millət
haqda yazdığı,
danışdığı qədər danışa bilməz...
T.Abbaslı
Mədəniyyət.- 2010.- 17 fevral.- S. 12.