Kinomuzda əsl qadın obrazı
yoxdur?..
“Yaxın uzaq adam”da bu dəfə də
oxucularımıza kinomuzda yaddaqalan obrazlar yaradan simalardan birini
təqdim edəcəyik... “Nəsimi” filmindən 37,
«Tütək səsi»ndən isə 35 il keçib. Müsahibə
zamanı Fatimə və Millinin həmin gənclik təravətini
bu xanımın təbəssümündə,
baxışlarında görmək mümkündür. Hə,
düz tapmısınız, müsahibimiz Xalidə
Quliyevadır.
-
Bütün kinojanrlara münasibətim eynidir. Məncə, aktyor üçün janr problem olmamalıdır. Bizdə amplua məsələsi var, rejissor aktyoru həmin ampluaya salır və sonra aktyora o çərçivədən
çıxmaq çətin olur. Həmişə dramatik
rolları ifa etmişəm. Lakin bununla yanaşı
çalışmışam oynadığım obraza yumor da
qatım ki, bir az maraqlı və canlı olsun, ümumiyyətlə
yumoru çox sevirəm. Qismət olsa, sırf komediya
janrında da oynayaram. Mən komediyada olan qurdumu 4 il işlədiyim
dublyajda öldürmüşəm. Hətta bəzən
heç kim inanmırdı ki, bu rolları mən səsləndirirəm.
- İfa etdiyiniz qadın
rollarını ümumi bir nöqtədə birləşdirsək,
onları necə xarakterizə edərsiz?
- Mənim “Tütək səsi”,
“Nəsimi”, “Dədə palıdın nağılı”,
“Xoşbəxtlik qayğıları” və başqa filmlərdə
oynadığım obrazlar qəhrəmanlığa iddialı
xarakterlərdi. Məsələn, “Tütək səsi” filmində
Milli müharibə dövründə öz balaca çiyinlərində
bütün kəndə məktub paylamaq yükünü
daşıyır. Ölüm xəbəri məktublarını
gizlədir, insanlara ümid verir, mübarizə ruhunu
yaşadır. Mənə belə gəlir ki, bu bir qəhrəmanlıq
cəhdidir. Əgər mən rejissor olsaydım və o film
yenidən çəkilsəydi Milli obrazını kinonun qəhrəmanı
kimi verərdim. Çünki özü ölüm xəbərlərinə
belə inanmır. Ölüm burda təkcə ölüm mənasında
yox, məğlubiyyət mənasını daşıyır.
Eləcə də Fatimə obrazı fəlsəfi cərəyanın
banisi Nəiminin qızıdır. Nəsimiyə onun əqidəsinə,
amalına, fərqliliyinə görə aşiq olub. Bunlar
hamısı bir-birilə əlaqəlidir, obrazların
hamısı yüklüdür. O cümlədən də
“Buludlar çətirimizdir” filmində Bənövşə
obrazı da baş qəhrəmandır, o da öz sevgisi
uğrunda mübarizə aparır və istədiyinə nail
olur.
- Qəhrəmanlarınızla
xarakterinizdə uyğunluq var?
- Mən heç vaxt
obrazı oynamağa çalışmamışam. İstəmişəm
özüm onlara yaxınlaşım, onları özümə
yaxınlaşmağa qoymamışam. Elə rol olmayıb ki,
mən o rolu sevməyim, o rol ilə razılaşmayım.
Onları həmişə dəstəkləmişəm.
- Son dövrdə hansı filmlərə
dəvət almısınız?
2007-ci ilin sonlarında 2 filmə
çəkildim. İranlı rejissor Həsənağa Nəcəfinin
“İtkin pay” filmi. Maraqlı cəhət ondan ibarətdir ki,
filmdə azərbaycanlı aktyorlar çəkiliblər. Film
azərbaycanlı ailəsi haqqındadır. Bu filmdə
Gülzar Qurbanova, Kamran Yunis, Qurban Məsimov, Ötkəm
İsgəndərov və digər aktyorlarımız çəkilib.
“İtkin pay” İranda keçirilən “Fəcr”
festivalında “Qızıl simurq” mükafatına layiq olan 23
filmin içində 9-cu yerdə təqdim olunmuşdur.
Düzdü mükafat almadı, amma təqdimatda
iştirakı özlüyündə böyük iş idi.
İranın bir çox şəhərlərində film
nümayiş olundu və 6 dövlətə satıldı.
İranlıların bir üstün cəhəti də ondan
ibarətdir ki, onlar öz filmlərini yaşadırlar. Filmi
çəkib təbliğ edirlər. Bu, film üçün
çox vacib prosesdi. Bu filmdən sonra Çingiz Rəsulzadənin
“Kuklalar” filmində qəhrəmanın anasını
oynadım. Bu yaxınlarda yenidən Həsənağa Nəcəfinin
“Səkkizinci göy” adlı filminə dəvət
almışam. Aprel ayında başlayacaq filmdə baş rol-
ana obrazını oynayacağam. Rol mənim üçün
yazılıb, rolun özü də Xalidə adlanır. Film
İranda çəkiləcək. Elxan Cəfərovun “Bəşəriyyətin
xilası” filminə də dəvət olunmuşam. Orada
professorun yoldaşını oynayacağam. Rolumun adı yenə
Xalidədir.
- Siz aktrisa,
yoldaşınız ssenarist, oğlunuz da gələcəyin
rejissoru. Nə vaxtsa ailənin birgə əməyi kimi film
çəkməyi düşünürsünüz?
- Ola bilər. Bunu zaman
göstərər. Çalışacağıq ki, belə
bir arzunu da həyata keçirək.
- Eldəniz Quliyevin
yazdığı ssenariləri bəyənirsiniz?
- Əlbəttə, çox
bəyənirəm. Çünki o Tarkovskinin məktəbini
keçib, peşəkardı. Bəlkə Azərbaycanda
barmaqla sayılacaq peşəkar ssenaristlərdən biridir.
Hazırda yeni kitabının təqdimatını
hazırlayır.
- Onunla
tanışlığınız necə olub?
- Çox qədim bir zamanda,
(gülür) keçən əsrdə olub, 1969-dan
tanışlığımız başladı. Lütfi Məmmədbəyovun
rəhbərlik etdiyi dram dərnəyində tanış
olduq. Sonra birgə tamaşada oynadıq, Qarsia Lorkanın
pyesində o bəyi, mən gəlin rolunu ifa edirdim və
bundan sonra münasibətlərimiz daha da ciddiləşdi. Bir
qızım, bir oğlum var. Qızım ingilis dili müəlliməsidi.
Artıq 2-ci sinfə gedən Ülvi adlı nəvəm də
var. Oğlum kino məktəbinin rejissorluğunu bu il bitirəcək.
- Bu gün yalanların
baş alıb getdiyi zamanda kino nə dərəcədə əhəmiyyət
kəsb edir? Sizcə, kino duyğuları, hissləri məhv olmuş
insanlara təsir edə bilərmi?
- Kino kütləvi sənətdi,
çox böyük təsir və təbliğ xarakteri
daşıyır. Hətta Lenin də kinonun incənətdə
ən vacib mövqedə olduğunu demişdi. Kino indi nəyi
təbliğ edir? Kinonun yaranma ehtiyacı nədən olub? Kino
ilk günündə insanlara yaxşı və pisin nə
olduğunu göstərmək, mənəvi əxlaqi dəyərlərin
daşıyıcısı olduğu üçün
yaranmışdı, dünənki kino bu meyarları
daşıyırdı. Amma bu gün kino maddi maraqdan
yaranır. İnsanı sevmək, məhəbbət, ədalət,
ümumbəşəri dəyərlər... kino bu meyarları
unudub.
Səhv etmirəmsə,
1987-ci ildə bir gürcü filminə baxmışdım.
Filmin təsirli final səhnəsi var, yaşlı bir qadın
yol ilə gedir, bir nəfər də öz evinin pəncərəsindən
baxır. Qadın ona yaxınlaşıb soruşur ki, bu yol məbədə
aparır? Pəncərədən baxan adam deyir ki, xeyr, bu yol məbədə
getmir. Qadın baxır və deyir ki, əgər bu yol məbədə
getmirsə, onda bu yol nəyə lazımdır. Bu söz indi
də mənə təsir edir. Mənə belə gəlir ki,
bugünkü kino məbədə yönəlməlidir.
- Sizcə, Azərbaycan kinosu
əsl azərbaycanlı qadın obrazını yarada bilib?
- Hələ ki yox.
Ümumiyyətlə, bizim kinolarda qadın obrazları barmaqla
sayılacaq qədər azdı. Sırf qadına həsr
olunmuş filmlərimiz yoxdu. Belə bir filmin yaranmasına
ümidim çox azdı. Kinomuz həm də bu cəhətdən
axsayır. Əgər qadın mövzusuna müraciət edilməsə,
kinomuzun inkişafını da gözləməyin. Fransız
heykəltəraşı Roden həmişə qadın heykəlləri
düzəldib. Ona deyəndə ki, niyə sırf qadın
mövzusuna müraciət edirsən, başqa mövzu yoxdu? O
da cavabında deyib ki, mən bundan vacib mövzu bilmirəm.
İran kinosunda da qadın mövzusuna geniş yer verilib.
Çünki qadın insan sözünə yaxın, daha
emosional, romantik, sentimentaldı. Dünyaya övlad gətirir,
yaradıcıdır. Qadın Tanrıya iddialı biridir.
Kişi beyin, qadınsa ürəkdi.
- Qadın
azadlığını nədə görürsünüz?
Onun ailədə
sözünü deyə bilməsi azadlığıdır.
Ümumiyyətlə, insan sözünü deyə bilirsə,
deməli, o azaddır.Hər şeydə çərçivə,
dərəcə yaxşıdı. Qadının hərəkətində,
sözündə harmoniya olmalıdır.
- Tanınmış
adamın yanında olmaq və ya tanınmış adam
olmaq...hansı daha yaxşıdı?
- (Fikirləşir) Bayaq qeyd
etdiyim bərabərliyə qayıdacağam. Sənətiylə
sözünü deyə bilən adam çox xoşbəxtdi
və yanında da elə bir adam olanda bu birə beş
xoşbəxtlikdi, buna yalnız sevinmək olar.
- Bu vaxta qədər Azərbaycan
kinolarında rollar ifa etməklə yanaşı, İran
kinosunda da bir çox filmlərdə çəkilmisiniz.
Özünüzü daha çox iranlı, yoxsa milli aktrisa
kimi hesab edirsiz?
- Əlbəttə,
özümü Azərbaycan Respublikasının kino
aktrisası hesab edirəm. Çünki bu, birbaşa mənim
peşəmlə bağlıdır. İncəsənət
Universitetində oxuduğum fakültəmin adı kinoaktyorluq
fakültəsi idi. Kurs rəhbərimiz görkəmli sənətkarımız
Adil İsgəndərov, müəlliməm isə
istedadlı aktrisa Elmira Şabanova idi. Bu iki insanın məktəbini
keçmişəm.
- İran kinosunda işləmiş
təcrübəli aktrisa kimi necə
düşünürsünüz, azərbaycanlı aktyorlarla
iranlı aktyorların iş fərqi nədədir?
- Fərq çox
böyükdür. Bu sualın cavabı olaraq yenə
qayıdıram instituta daxil olduğum ilə. 70-ci illərdə
mən kinoya dəvət aldım, oxumaqla yanaşı mütəmadi
çəkilişlərdə də iştirak edirdim. Peşəmə
yiyələnməyimin əsas səbəbi praktika olub. Nəzəriyyə
və praktika. İkisi də vacibdir, amma praktika daha
böyük məktəbdir. Bu məktəbi lazımi qədər
keçdim. Bu sarıdan iranlı aktyorların bəxti gətirib.
Çünki onlarda bir ildə qısametrajlı, sənədli,
animasiya filmlərini nəzərə almasaq, 150 bədii film
çəkilir. Müxtəlif festivallar, müsabiqələr
keçirilir. İranda kino industriyası o qədər
inkişaf edib ki, istər-istəməz kino ilə məşğul
olan hər kəs işlədikcə bu sənətdə
püxtələşir.
- Mətbəx və çəkiliş
meydançası...hansı sizə daha yaxındı?
- Əlbəttə, çəkiliş
meydançası... (gülür) Mətbəxdən
bezmişəm eee... İndi evdə bir fırıldaq işlədirəm,
elə xörək bişirirəm ki, 2-3 gün yemək olsun.
Bilirsiz, stimul olanda heç evdə iş görmək də
gözə görünmür. Məsələn, evdə yeməyi
bişirirəm və fikirləşirəm ki, hər bir
saatdan sonra məni çəkiliş meydançası,
müsahibə, premyera və s. gözləyir. Onda o iş də
gözümə görünmür. Düzdü evdə deyirlər
ki, bişirdiyin yeməklərə ürəyini qoymursan. Mən
ürəyimi bir yerə qoya bilərəm, o da sənətimdi.
Söhbətləşdi: Yeganə Cansail
Mədəniyyət.- 2010.- 17 fevral.- S. 10.