Musiqinin danışdığı
ünvan
Bir anlıq
gözlərinizi yumun
və təsəvvür
edin ki, səhər yuxudan oyanar-oyanmaz başqa bir aləmdə, musiqilərin danışdığı
dünyadasınız. Təxminən məndə
belə oldu. Rostropoviç adına 21 saylı Musiqi Məktəbindən reportaj
hazırlamaq tapşırığını
xatırlayıb səhər
deyilən məkana tələsdim. Doğrusu,
mövzu məktəblə
bağlı olduğundan
yazının cansıxıcı,
metodik alınacağından
qorxurdum. Amma... ayağımı musiqi məktəbinin qapısından
içəri qoymaqla bütün təəssüratlarım
dəyişdi. Deyirlər,
incəsənətin olduğu
hər bir yer sənət məbədidir. Məktəbin
qarşısında dayanarkən
otaqlardan gələn həzin musiqinin səsi bu fikrin
həqiqət olduğunu
bir daha təsdiqlədi.
Bura gəlməmişdən
öncə mənə
ciddi şəkildə
21 saylı Musiqi Məktəbinin direktoru Rafiq Əzizovun dəqiq adam olduğunu bildirib saat 12 tamamda orada olmağımı tapşırmışdılar. Bir az tez
gəldiyimdən məktəblə
ilk tanışlığa başladım.
Dəhlizdə bir neçə valideyn uşaqlarını gözləyirdilər.
O an nə yaxşı ki, musiqiyə dəyər verən insanlarımız
var deyib içimdə dərin bir fərəh hissi keçirdim. Məndən bir qədər sol tərəfdəki otaqdan mahnı səsi gəlirdi:
Kaş, bu görüş olmayaydı,
Saralıban solmayaydı...
Pianonun dillərindən qopan notların ahənginə düşmək və musiqi dünyasının müvəqqəti sakini kimi onları kənardan izləmək...bir az uzaqdan skripkanın səsi gəlirdi. Bura tamam başqa aləm idi. Bu aləmi yalnız ruhunla duyub hiss edə bilərdin.
Saat 12 tamam idi. Rostropoviç adına 21 saylı Musiqi Məktəbinin direktoru Rafiq Əzizovla görüşmək üçün pilləkənlərlə 2-ci mərtəbəyə qalxdım. Yeri gəlmişkən, Prezident təqaüdçüləri olan şagirdlərin divarda lövhəyə vurulmuş şəkilləri də gözlərimdən yayınmadı.
Adətən, direktorlar
ciddi, zəhmli, təbəssümə xəsislik
edən insan tipajında olurlar. Lakin Rafiq müəllimlə
söhbət edərkən
qayğıkeş, səmimi,
gülərüz direktorların
da var olduğunun
şahidi oldum. Söhbətimiz zamanı Rafiq Əzizov 21 saylı Musiqi Məktəbinin nailiyyətlərindən,
bir çox uğurlarından, istedadlı
şagirdlərindən danışdı:
“Bizim məktəbin şagirdləri beynəlxalq
müsabiqələrdə laureat
olmuş, diplomlar almışlar. Onlardan bir çoxunun adını çəkə
bilərəm. Məktəbimizin
şagirdi olmuş Elmar Şirinov Moskvada konservatoriyanı bitirəndən sonra Fransada Paris Qrand Opera Teatrının
solisti olub. Məktəbimizn skripka sinfini bitirmiş Səbinə Rəqçeyeva
yeganə azərbaycanlı
musiqiçisidir ki, Amerikanın Culyart məktəbində oxuyub.
Hazırda məktəbimizin
9-cu sinfində oxuyan olduqca istedadlı İsrafil Rəsulov Bolqarıstanda keçirilən
nəfəs alətləri
müsabiqəsində iştirak
etmiş və Qran-Pri diplomu almışdı. O vaxt bizim bu müsabiqəyə
qatılmaq üçün
vəsaitimiz yox idi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizə böyük köməklik
göstərdi. Buna görə ona minnətdarıq.
15 il bundan öncə xalq artisti Rauf Babayevi bura dəvət etdim. Təşəbbüs göstərib məktəbdən ən yaxşı şagirdlərimizi seçib “Bəri bax” ansamblını yaratdıq. Bu ansamblın da bir çox nailiyyətləri olmuşdu. Belarusda beynəlxalq müsabiqədə Qran-Pri aldılar”.
21 saylı Musiqi Məktəbi iki il dalbadal Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən ən fəal İncəsənət və Musiqi məktəbi diplomuyla təltif olunub.
Rafiq müəllimlə maraqlı söhbətdən sonra dərs prosesi ilə tanış oldum. Bertold Averbax deyib ki, musiqi dünyada tərcüməyə ehtiyacı olmayan yeganə dildir, hansı ki, onda ruhlar, qəlblər danışır. Elə burada da otaqlardan gələn müxtəlif musiqiləri anlamaq üçün mütləq mütəxəssis olmaq gərək deyildi. Burada ruhlar danışırdı. Qapını açıb dərs gedən otaqlardan birinə daxil olduq. Rafiq müəllim məni məktəbin müəllimləri Fəridə Əsgərova və Fəridə Qarayeva ilə tanış etdi. Bu iki müəllimlə söhbətimizdə onların həmişə birinciliyə iddialı olduqlarına inandım: “Biz inanırıq ki, şagirdlərimiz həmişə Azərbaycanı nəinki öz ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da təmsil edəcəklər”.
Digər otaqlarda
da piano dərsləri
gedirdi. Şöbə
müdiri Zara xanımın da fikirləri ilə tanış olduq: “37 ildir ki, bu
məktəbdə çalışıram.
Məktəbimizin daima
irəlidə olması
üçün əlimizdən
gələn köməyi
əsirgəmirik. Fortepiano şöbəsində
ən peşəkar müəllimlərimiz çalışır.
Şagirdlərimiz 3-cü sinifdən
bir çox müsabiqələrin iştirakçısı
olur”.
Növbəti otağa
keçdik. Füzuli müəllim şagirdinə
klarnetdə ifasına
kömək edirdi. Müəllimlər qədər
uşaqlar da dərsə, musiqiyə böyük həvəslə
yanaşırdılar. Şagird
Nurxan Əsgərovun musiqiyə olan həvəsi ilə də maraqlandım: “Valideynlərim məni musiqi məktəbinə qoymaq istəyirdilər. Klarnet aləti uşaq yaşlarından televiziyadan diqqətimi cəlb edirdi. Bu aləti özüm seçdim və gələcəkdə də
konservatoriyaya daxil olub təhsilimi davam etdirmək istəyirəm”. Elə söhbətimizin bu anında otağa yaşılgöz, ilk baxışdan
insanda dəcəl təəssüratı yaradan
balaca bir oğlan da gəldi.
Füzuli müəllim
Elvin Babayevi təqdim edib onun uğurlarından
danışdı. Elvin klarnetdə
ifa etdi, gözəl bir mahnı da oxudu...
Alagöz Zibeydə,
sən qəşəngsən,
qəşəng,
Həsrətin qəlbimi
yandırır, ey mələk...
Balaca oğlan
özünəməxsus tərzdə
“Zibeydə” mahnısını
oxuyurdu. Arada həyəcandan mahnının
sözlərini unutsa da, bizim not bilməyən
şou aləminin bəzi müğənniciklərindən
qat-qat üstün idi.
Burada mən əməkdar mədəniyyət
işçisi Səbuhi
Məmmədov, xalq çalğı alətləri
şöbəsində işləyən
Elşən Sadıqov,
muğam dərslərini
tədris edən Əlövsət Hüseynov,
“Bəri bax” ansamblının keçmiş
solisti Elvin Məcidovla
həmsöhbət oldum,
onların musiqi haqqında maraqlı fikirlərini dinlədim.
Məktəbdən ən çox sevdiyim musiqinin - Şopenin prelüdünün sədaları
altında ayrıldım.
Əslində musiqi məktəbinin xoş aurasından, uşaqların
sevincindən, şən
musiqi sədalarından
heç ayrılmaq istəmirdim.
Yeganə CANSAİL
Mədəniyət.- 2010.- 19 fevral.- S. 7.