DAİMA TƏZƏ-TƏR
MELODİYALAR...
Gülarə Əliyevanı
xatırlayarkən
E L Ç İ N,
Xalq yazıçısı
Mənə müraciət olunanda ki, unudulmaz sənətkarımız
Gülarə Əliyevanın xatirəsinə həsr
olunmuş kitab hazırlanır və mən də xatirələrimi
yazım, ilk olaraq Nurkanın məsum siması
gözümün önünə gəldi.
Məsələ
burasındadır ki, Gülarə Əliyevanın kiçik
qızı Nuridə (ona rəfiqələrinin dili ilə
Nurka deyirdik) mənim böyük qızım Günayla birinci
sinifdən on birinci sinfəcən Bülbül adına Musiqi
Məktəbində bir yerdə oxumuşdular və mən də
o ağıllı və mehriban qızı
uşaqlığından yeniyetməliyinə, ilk gəncliyinə
kimi yaxşı xatırlayıram. Orası da mənim
yaxşı yadımdadır ki, Gülarə xanım hansı
bir məhəbbətlə, həssaslıqla
qızlarının qayğısına qalırdı və
Nurka dərsdən, uşaqlarla gəzməkdən evə on dəqiqə
gec gələndə hansı bir həyəcanla telefonla bizə
zəng edərək:
- Günay gəlib?- soruşurdu və eşidəndə ki,
Günay da hələ gəlməyib, bir az
arxayınlaşırdı ki, bir yerdədirlər, amma beş
dəqiqədən sonra təzədən telefon
açırdı:- Günay gəldi?
Bir dəfə də,
yadımdadır, qızlar təxminən iki saat olardı ki,
kinoya getmişdilər və Gülarə xanım zəng
etdi:
- Günay gəlib?
Yenə bir müddətdən
sonra zəng etdi:
- Günay gəlmədi?
Axı iki saatdan çox keçib... Deyirəm, birdən,
Allah eləməmiş, başlarına bir iş gələr?..
Sonra mən eşitdim ki,
Gülarə xanım həyəcandan evdə otura bilməyərək,
Nizami adına kinoteatra gedib və məlum olub ki,
qızların baxdığı film iki seriyalıdır...
Gülarə xanımın sənətə
münasibətində də sidq-ürəkdən gələn
belə bir məhəbbət və həssaslıq var idi və
bu məhəbbət, həssaslıq onun istedadının tərkib
hissəsi idi, buna görə də Gülarə Əliyevanın
sənəti, onun yaratdığı və faciəli
ömrünün sonuna kimi bədii rəhbəri olduğu
«Dan ulduzu» ansamblının ifası Azərbaycan milli
estradasının, ümumiyyətlə, ifaçılıq sənətimizin
çox effektli bədii-estetik uğurlarından biridir.
Orasını da əlavə
etmək istəyirəm ki, əcəl (indiki halda bu sözlərin
patetikasından çəkinmirəm: qorxunc və amansız əcəl!)
Gülarə Əliyevaya öz unikal istedadından tam
şəkildə istifadə etməyə imkan vermədi. Hərdənbir Nurka dərsdən sonra Günayla
birlikdə bizə gəlirdi və bəzən elə olurdu
ki, Gülarə xanım da Nurkanı aparmaq üçün
axşam bizə gəlirdi, çox ünsiyyətli, səmimi,
gülərüz bir adam olduğuna görə oturub söhbətləşirdi,
hərdən də pianino arxasına keçib
çalırdı.
Mən çox təəssüf edirəm ki, onun o ifaları, xalq mahnılarımız üzərində bədahətən inprovizasiyaları o zaman lentə alınmayıb, çünki hər dəfə o gözəl, adamın qəlbinə yayılan, adamın içindəki genetik yaddaşı oyadan və oxşayan melodiyalar yeni və təravətli olurdu, özünü təkrar etmirdi, hər bir ladın yeni-yeni nüansları yaranırdı.
Çox emossional bir adam idi və pianino arxasına keçərkən, elə bil,
tamam başqa bir aləmə daxil olurdu, dünyanın dərdini-sərini,
pis işlərini unudurdu və ancaq barmaqlarının altından yayılan melodiyalarla yaşayırdı.
Dünyanın isə pis işləri, şər üzü o melodiyalar aləminə tamam yaddır, ona görə
də melodiyalar səslənəndə unudulur, amma eyni zamanda, təəssüf ki, o pislik həmişəyaşardır, daimidir.
Gülarə xanım Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyevanın doğma bacısı idi və elə ki, Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldı, dünənəcən onun ötəri bir baxışı, ani bir nəzəri altında özünü xoşbəxt bilən, o ötəri diqqət ilə fəxr edən, Heydər Əliyev haqqında ağız dolusu təriflər söyləyən adamlar dönük çıxdı, onunla bağlı tənqid kampaniyası başladı, təbii ki, Gülarə xanım da bu dönüklüyün şahidi oldu.
Çox güclü yumor hissinə malik bir insan idi, ona görə də hətta xoşagəlməz bir əhvalatı da gülə-gülə, özünəməxsus bir rişxəndlə, ironiya və məzə ilə danışa bilirdi və indi oxucuya söyləyəcəyim səciyyəvi epizodu da 1980-ci illərin sonlarında eləcə gülə-gülə, istehza ilə bizə Gülarə xanım danışmışdı.
Tanınmış bir şairimiz (indi Haqq dünyasında olduğu üçün, adını
çəkməyəcəyəm) Gülarə
xanımın sənəti ilə, «Dan ulduzu» ilə fəxr etdiyini deyirdi, bütün bayramlarda Gülarə xanımı və «Dan ulduzu»nu təbrik edirdi, harda olursa, olsun, yeri düşdü-düşmədi Gülarə xanımı tərifləyirdi, onun ifasına valeh olduğunu bildirirdi, «Dan ulduzu»nu vəsf edirdi və fürsət tapanda da xahiş edirdi:
- Gülarə xanım, Heydər Əliyevə
deyin, məni Ali Sovetin sədri qoysun!..
Gülarə xanım bunu
danışanda ürəkdən gülə-gülə:
- A-a-a!.. Heydər Əliyev kimi adama belə
söz deməyə kimin cürəti çatardı?! Mən ona belə söz deyə bilərdim?!- deyirdi.
Elə ki, 1987-ci ildən sonra Heydər Əliyevin əleyhinə kampaniya başladı, o şair də başqa adam oldu.
- Məni uzaqdan görəndə,
qaçır!..- Bunu da Gülarə xanım
deyirdi və ürəkdən gülürdü; elə deyirdi,
elə gülürdü ki, adamın o bədbəxt şairə
yazığı gəlirdi...
Ancaq dünyanın belə işləri
Gülarə xanımı heç vəchlə ruhdan salmırdı
və onun sənətə sevgisi, görünür, bu cür
əməllərin təsirindən çox-çox güclü
idi, onun stixiyası həmin melodiyalar aləmi idi, elə bu melodiyalar
aləmi də, yəqin, ona bədbinliyə qapılmağa, həyatdan
küsməyə imkan vermirdi.
Mən «Vətən» Cəmiyyətində
işə başlayandan sonra Gülarə xanımla daha tez-tez
görüşürdük və o, bizim tədbirlərimizin
fəal iştirakçılarından biri idi.
1990-cı ildə
mən rəhmətlik Bəxtiyar Vahabzadə ilə bərabər
toplantılar keçirib, mətbuat nümayəndələri
ilə görüşüb Qarabağ məsələsi və
Azərbaycandakı vəziyyət barədə ətraflı
məlumat vermək üçün həmvətənlərimizin
dəvəti ilə İsveçə getmişdik. Bu səfər
zamanı bizə bir daha və əyani şəkildə
aydın oldu ki, hansı bir kəmfürsətliklə
hörülmüş informasiya blokadasının içindəyik,
erməni lobbisi Avropada, o cümlədən də
İsveçdə bizim haqqımızda necə eybəcər
bir təsəvvür yaratmağa müvəffəq olub.
İsveçli mətbuat nümayəndələri,
ziyalılar bəzən Bəxtiyar müəllimə də, mənə
də elə baxırdılar, elə bil, gözləri ilə
axtarırdılar ki, xəncərimizi, tapançamızı
harda gizlətmişik?..
O zaman qərara gəldim ki,
maddi çətinliklərimizə baxmayaraq, heç olmasa,
xalqın qədim və zəngin mədəniyyətini
yüksək peşəkarlıqla ifadə etməyi bacaran bir
kollektivi İsveçə göndərək və Bakıya
gələnəndən sonra Gülarə xanıma müraciət
etdim.
1991-ci ilin fevralında bizim cəmiyyətin
sədr müavini Əkrəm Məmmədovun rəhbərliyi
ilə «Dan ulduzu» ansamblı Flora Kərimova və
Yalçın Rzazadə ilə birlikdə «Vətən»in rəsmi
nümayəndələri kimi İsveçə getdi,
Stokholmun, Malmönün, Höteburqun böyük
salonlarında anşlaqla keçən konsertlər verdi.
İsveç mətbuatının
yazdığı və həmvətənlərimizin də fəxarətlə
söylədikləri kimi, Gülarə xanımın virtuoz
ifası, «Dan ulduzu»nu böyük ustalıqla idarə etməsi,
ifaçıların məharəti və səhnə mədəniyyəti,
səsləndirilən əsərlərin zəngin bədii-estetik
səviyyəsi İsveç tamaşaçılarını
heyrətə salmışdı və Azərbaycanın bu
ölkədə informasiya blokadasını
dağıtmasında, ölkəmiz haqqında, baş verən
hadisələr barədə obyektiv təsəvvürün
yaranmasında o səfərin, o konsertlərin, konkret olaraq
Gülarə xanımın ciddi xidmətləri oldu.
Əkrəm Məmmədov
indiyəcən xatırlayır:
- Gülarə xanım həmin
səfər üçün xüsusi stolüstü Azərbaycan
bayrağı düzəltdirmişdi. İsveçdə hər
dəfə səhnəyə çıxanda o bayrağı
pianonun üstünə qoyurdu...
İndi bu hərəkət,
olsun ki, bir az qəribə
görünsün, ancaq 1991-ci ildə Azərbaycanda baş verən
hadisələr kontekstində ürəyin dərinlərindən
gələn hisslərin, mənəvi borc duyğusunun ifadəsi
idi.
Elə həmin
1991-ci ilin yayında Günayla Nurka Bülbül adına məktəbi
bitirdilər, gözəl bir buraxılış gecələri
oldu və biz də o buraxılış gecəsində
iştirak etdik. Sonra Günay sənədlərini Tibb Universitetinə,
Nurka isə Konservatoriyaya verdi və o günlərin birində
qəfil və müdhiş bir xəbər bütün
Bakını sarsıtdı: Gülarə xanım, Nurka, «Dan
ulduzu»nun gənc və istedadlı violonçel
ifaçısı Minirə Yusifli namərd bir təsadüf
nəticəsində həlak olub - Gülarə xanımın
həyat yoldaşı, kulturoloq Adil Adilov xəstəxanada
müalicə olunmaq üçün Moskvaya yola düşərkən,
Gülarə xanım özü, Nurka və onlara gəlmiş
Minirə Adilin ardınca su atmaq üçün eyvana
çıxırlar və bu zaman köhnə eyvan uçur...
Onların bu
dünyadakı missiyaları beləcə bir faciə ilə
bitdi.
Əlbəttə,
bütün itkilər ağırdır.
Ancaq bu ağır itkilər
arasında elələri də olur ki, elə bil, fələyin
bir bəd əməli ona az
görünür, doya bilmir, bir bəd əməl üzərinə
ikinci dəhşətli bəd əməl də gətirir.
Fələk
yalnız Gülarə xanımı yox, Nurkanı da onunla
birlikdə apardı.
Bu sözləri yazıram və
həmin günlərdən düz on bir il
əvvəl - 1980-ci ilin soyuq fevral günündə baş
vermiş bir faciə də istər-istəməz mənim
yadıma düşür və o faciənin də
ağrı-acısını yenidən hiss edirəm: o zaman
biz unudulmaz Əliağa Kürçaylını və onun gənc,
ağıllı qızı Ülkəri də birlikdə,
beləcə, son məkana yola salmışdıq...
Budur, artıq iyirmi ilə
yaxındır ki, Gülarə xanım da, Nurka da Haqq
dünyasında bir yerdədirlər, ancaq onların xatirəsi
Gülarə xanımın ifa etdiyi pianonun dillərindən
qopan melodiyalar kimi həmişə təzə-tər və təsirlidir...
24 yanvar 2010.
Zuğulba
Mədəniyyət.- 2010.- 19 fevral.- S. 3.