Eksponatların dili olsaydı...
Ölkəmizdəki muzeylərdə müxtəlif
tarixi dövrləri, qədim və zəngin mədəniyyətimizi,
milli adət-ənənələrimizi özündə təcəssüm
etdirən çoxlu sayda eksponatlar saxlanılır. Bizim vəzifəmiz keçmişimizin şahidi
olan bu eksponatları
qorumaq, aşınmaya
məruz qalanları bərpa etmək və gələcək nəsillərə təhvil
verməkdir. Azərbaycanda
bu məsuliyyətli iş Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi
Bərpa Mərkəzi
tərəfindən həyata
keçirilir.
Mərkəzin direktoru,
sənətşünas Zərifə Məlikova deyir ki, Azərbaycanda
bərpaçılıq sənəti artıq yarım əsrlik
tarixə malikdir: «Azərbaycanda muzey sərvətlərinin bərpa
işinin təməli 1957-ci ildə ilk professional bərpaçı-rəssam
Fərhad Hacıyev tərəfindən qoyulub. Əvvəlcə kiçik
bir laboratoriya, sonra emalatxana, 1980-ci ildən bu günədək
isə Muzey Sərvətləri və
Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzi adı altında fəaliyyət göstərir. Mərkəz
yeni yarananda Fərhad müəllim burda tək işləyirdi. Bu gün isə burada 40 nəfər işçi çalışır.
24 nəfər yüksək
dərəcəli bərpaçı-rəssamımız
var. Bərpa mərkəzində 4 şöbə
fəaliyyət göstərir:
elmi tədqiqat, rəngkarlıq, qrafika, tətbiqi incəsənət
(xalça və xalça məmulatları,
tikmə, metal, mebel, keramika və s.)».
Xəstə eksponat sağlam eksponatdan ayrı
olmalıdır
Z.Məlikovanın
dediyinə görə, Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzi
dünyanın bir sıra ölkələrində
tanınır: «Əməkdaşlarımızla birgə
vaxtaşırı olaraq xarici ölkələrdə treninqlər
keçirik. ABŞ, İtaliya, Birləşmiş Ərəb
Əmirlikləri, Türkiyə,
İran və başqa ölkələrdə
təcrübə mübadiləsi
keçmiş, müxtəlif
kurslarda iştirak etmişik. Cənubi Qafqazda yeganə olan bu mərkəz
artıq beynəlxalq məkanda yüksək professional vərdişlərin
nümayişi ilə
özünə layiqli
mövqe qazanıb. Bu, respublikada yeganə mərkəzdir ki, bütün növ incəsənət
əşyaları bərpa
olunur. 53 il ərzində mərkəzdə
10.000-dən artıq müxtəlif
muzey eksponatı bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb.
Bəlkə də, on min o
qədər də böyük rəqəm deyil. Amma bəzən
bir eksponatın bərpasına 2-3 il tələb olunur, bu səbəbdən də bu, böyük
rəqəmdir. Onu da qeyd edim
ki, bərpa mərkəzi tək, muzeylərimiz isə çoxdur. Nəinki Bakıda yerləşən,
eyni zamanda regionlardakı muzeylər və bir sıra
ev-muzeyləri ilə də işləyirik. Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənət Muzeyi müntəzəm olaraq bizimlə əlaqə saxlayır. Çünki xalçaçılıq
üzrə dünyada
mövcud olan 2-3 bərpa mərkəzindən
biriyik. Çoxsaylı
təkliflər əsasında
xalçaçılıq üzrə ustad dərsləri keçiririk.
Ötən il Milli Tarix Muzeyi
tender elan etmişdi. O
tenderi biz udduq. 4-5 ay ərzində 216 eksponatı
yüksək səviyyədə
bərpa edib muzeyə təhvil verdik».
Mütəxəssis
muzey eksponatını tariximizin lal, dilsiz şahidləri
adlandırır: «Çünki eksponatların dili olsaydı,
tarixçilərdən daha çox danışa bilərdilər.
Bərpaçılıq sənətini
çox zaman həkimlik sənəti ilə müqayisə edirlər. Fikrimcə, bərpaçılıqla həkimliyin
oxşarlıqları çoxdur.
İnsan doğulandan dünyasını dəyişənədək
müntəzəm olaraq
səhhəti ilə əlaqədar həkimə
müraciət edir. Muzey eksponatı da sanki canlı
bir insandır. Bunun üçün də eksponata insan kimi daim
qayğı və diqqət göstərmək
lazımdır. Eksponatlar
muzeydə nə qədər yaxşı mühafizə olunsa da, vaxt öz
sözünü deyir.
Nə vaxtsa eksponatlar bərpaçıya
möhtac olur. Muzeylərdə əsas
problem odur ki, hər hansı eksponat sınanda və ya zədə
alanda muzey işçiləri necə
gəldi onu yapışdırır, tikirlər.
Onlar hesab edirlər ki, bu üsulla eksponatı xilas edirlər. Amma həmin eksponat bərpa üçün gətiriləndə işimiz
çətinləşir. Bu səbəbdən zədə
almış eksponatı
vaxtında bərpa mərkəzinə gətirmək
lazımdır. Çünki
zədələnmiş eksponat
sağlam eksponatdan ayrı olmalıdır. Yoxsa xəstəlik keçər sağlam eksponata. Bərpadan sonra eksponatı muzeyə qaytaranda muzey işçilərinə
deyirik ki, eksponat ayrıca yerləşdirilsin ki, digər eksponatlarda olan xəstəlik ona keçməsin.
Bu gün
dünya muzeylərində
eksponatlar daha çox konservasiya olunur. Konservasiya nədir? Konservasiya - eksponatın bərpaya hansı biçimdə gəlib çıxırsa,
o formada da saxlanılması deməkdir.
Amma bu o demək deyil ki, eksponatı necə gətiriblərsə,
elə də geri qaytarsınlar. Biz eksponatı dezinfeksiya edirik. Ömrünü nə qədər yaşayıbsa, bir o qədər də uzadırıq. Bax, bu konservasiyadır. Amma mümkün olanda biz eksponatları bərpa edirik. Bərpa isə o deməkdir ki, eksponatın ilk görünüşü
necə olubsa, onu mümkün qədər həmin görünüşünə qaytarırıq».
«Mərkəzə gələn
hər bir eksponat üçün elmi pasport açırıq»
Z.Məlikova xarici
ölkələrdə bərpa sahəsində
texnologiyaların güclü olduğunu dedi: «Hər bir
ölkədə çox istedadlı və təcrübəli
bərpaçı rəssamlar var. Bərpaçı-rəssamlar daim öz üzərində işləməlidir. Ümumiyyətlə,
bərpa mərkəzində
çalışanlar bir-biri
ilə bağlıdırlar.
Çünki mərkəzdə
bərpaçılardan başqa,
bioloq, fizik, kimyaçı və b. mütəxəssislər işləyir.
İtaliyadan bir mütəxəssis gəlmişdi.
O, mərkəzimizin işi
ilə tanış oldu. İşimiz ona o qədər xoş gəlmişdi ki, bir ay keçmədi,
mən ondan dəvətnamə aldım
və heç bir təmənna olmadan İtaliyada təcrübə keçdim.
Çox şey öyrəndim. İtaliyada
çox güclü bərpa mərkəzi var.
Amma xalqımıza məxsus olan bir sıra əşyalar
var ki, onları
özümüzdən başqa
heç kəs bərpa edə bilməz. Xarici ölkələrdəki analoji
mərkəzlər yalnız
texnologiya sarıdan bizdən güclüdür.
Hər müasir texnika, təchizat hər bərpada istifadə olunmur. İtaliyadan gələn mütəxəssislər bərpada
lazerdən istifadə
ilə bağlı ölkəmizdə treninqlər
keçirdilər. Ancaq
biz onlara sübut etdik ki, bizdə
elə eksponatlar var ki, bu
üsuldan istifadə etmək olmaz. Çünki bu, eksponatın məhvinə
səbəb olar».
Bərpaçı
iş prosesində rast gəldiyi orijinal eksponatlardan da söhbət
açdı: «Elə eksponat olub ki, birüzlü gəlib,
amma bərpa zamanı məlum olub ki, əks tərəfdə
də bir rəsm əsəri var. Ən çətin
iş isə rəng qatının yeni kətana salınmasıdır. Xüsusi
ustalıq lazımdır
ki, rəngləri hissə-hissə kətana
köçürəsən. Hər bərpaçı-rəssam
bu işi bacarmır. Bizim mərkəzin adında
elm sözü var. Bu da
təsadüfi deyil, çünki hər bir eksponat elmi
yolla tədqiq edilir. Məsələn, Quba Tarix-Diyarşünaslıq
Muzeyindən bizə bərpa üçün kəşkül gətirilmişdi.
Biz bu eksponatı bərpa edəndə onun üstündəki yazılar məni çox maraqlandırdı.
Bu eksponatı muzeydən
alanda üzərində
yazılmışdı XVIII əsr. Amma kəşkül üzərində
qədim fars dilində yazılmışdı,
bu səbəbdən də çox adam bu yazını
oxuya bilmədi. Əlyazmalar İnstitutunda
çalışan Arif
Ramazanov həmim yazını oxudu və bildirdi ki, yazı qədim
fars dili ilə yazılıb. Məlum oldu ki, bu yazı
növündən XIV-XV əsrlərdə
istifadə ediblər.
Buna görə də
bu eksponat heç vaxt XVIII əsrə aid ola bilməz. Bundan sonra biz belə qərara gəldik ki, kəşkül orta əsrlərə aiddir. Biz mərkəzə
gələn hər bir eksponat üçün
elmi pasport açırıq».
Azərbaycanda bərpa
işini təkmilləşdirmək üçün
müasir texnikaya gəldikdə isə mərkəz rəhbəri
bildirdi ki, lazım olan texnika çox bahadır. Mərkəzin binasında
müasir texnikanı yerləşdirmək üçün
şərait də yoxdur: «Əminəm ki, təzə binamız olacaq. Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən bizə
hər cür diqqət və qayğı göstərilir,
işimiz lazımınca
qiymətləndirilir. Bu diqqət
də işimizə stimul verir».
Fəxriyyə
Mədəniyyət.- 2010.- 24 fevral.- S. 14.