Su gözəllik yüküdür

 

Sellər haray çəkir, çaylar gur axır,

Açır yaxasını göy meşələr də.

Qar altdan başını qaldırıb baxır,

Yazın ilk sovqatı bənövşələr də.

 

Hüseyn Arif

 

Xalqımızın ən qədim bayramı olan Novruz həm də insanın inkişaf dövrlərini, təbiətin canlanma ardıcıllığını özündə əks etdirir. Xüsusilə Novruzdan əvvəlki Boz ay adlandırdığımız son dörd həftənin çərşənbələrini bu baxımdan xüsusi mənalar kəsb edir. Artıq biz Boz ayın ilk çərşənbəsini yaşayırıq. Bəs bu çərşənbələr - Su, Od, Torpaq, Yel - nələri ifadə edir, hansı sakral düşüncəni özündə saxlayır. İlk çərşənbədən - Su çərşənbəsindən söz açaq.

Su çərşənbəsi Boz ayın əzəl çərşənbəsidir. Xalq arasında “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də adları mövcuddur.

Qədim türk inamına görə, əzəl çərşənbədə təzə ilin gəlişi ilə bağlı ibətilə əvvəlcə su oyanır, təzələnir. Elə buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqələndirilir. Türk xalqlarının mifik düşüncəsində su kultu ən qədim kultlardan sayılır.

Su çərşənbəsi suya tapınma inamı ilə başlanır. İnsanlar gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atdanır, yaralıların yarasına su səpirdilər. İnama görə, “təzə su” - əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərə dərman olarmış. Ehtimal ki, Xızırın dirilik çeşməsindən, Koroğlunun “Qoşa bulaq”dan su içdiyi gün də elə Su çərşənbəsi günü baş vermişdir.

Əski inamlarda su həm də sağlamlığı ifadə edirdi. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə o sudan içirdərdilər. Bəzi xəstəliklər Su çərşənbəsində sağaldılardı.

Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, bütövlüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunurdu. Folklorşünas-alim Azad Nəbiyevin də qeyd etdiyi kimi, bu nəğmələr içərisində Su Tanrısı Abanın adına oxunan”Aban nəğmələri” və su qatlığı ilə bağlı oxunan çağırışlar - “Yada nəğmələri” xüsusilə maraq doğurur.

Adamlarda belə bir inam vardı ki, Su çərşənbəsi günü su üstündə Aban və Yada nəğmələri oxunanda, bu mərasim şux keçiriləndə Su Tanrısı öz mərhəmətini insanlardan əsirgəməz, bütün il boyu onları bol su ilə təmin edərmiş. Nəğmələr oxunub qurtarandan sonra şənliyə toplaşanlar yenidən “təzə su”yla əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərdilər. Etiqada görə, Əzəl çərşənbədə su “dirilərdi”. Ona görə də xalq bütün günü sututarları təmizlər, arxları qaydaya salar, su ilə bağlı şənliklər keçirərdi. Bununla əlaqədar xalq arasında çox müxtəlif nəğmələr, inanclar, mərasimlər, oyunlar, fallar, vəsfi-hallar, türkəçarələr, əfsanələr, rəvayətlər, miflər və sair geniş yayılmışdır.

Su çərşənbəsi ilə bağlı gənc qızlar arasında su falları da geniş yayılmışdır. Həmin fallardan birinə görə Su çərşənbəsində sübh tezdən gedib axar sudan -bulaqdan, çaydan, arxdan “lal su” gətirərlər, yəni suyu evə gətirənəcən heç kimlə danışmırlar. Onu bir neçə piyaləyə töküb saxlayırlar. Axşam qızlar yığışırlar, hərə öz bəxt üzüyünü saçına sürtüb suya atır. Üzük piyalənin divarına toxunub cingildəyir. Üzük neçə dəfə cingildəsə, deməli, qız həmin sayda ildən sonra gəlin köçəcək.

“Su çərşənbəsi”ndə Azərbaycanın bir çox bölgəsində mərasimlər keçirilir. Həmin mərasimlərdən birinə görə adamlar Əzəl çərşənbədə sübh tezdən bulaq, arx, su dəyirmanı üstə gəlir, “ağırlığım-uğurluğum suya”, “azarım-bezarım suya” - deyib, su üstündən atdanırlar. Sonra əl-üzünü yuyur, bir-birinin üstünə su atır, üzlərinə su çiləyirlər. Müxtəlif xəstəliklərə tutulan adamları da su üstündən hoppandırırlar. İlkin inamlara görə, insanlar bir anlıq təzə suya quvuşmaqla bütün dərd-sərini, xəstəliklərini unudur, elə oradaca “təzə su” üstündə qoyardılar.

Suya etiqad bəsləyənlərin bütün xəstəliklərini, günahlarını yalnız ildə bir dəfə - Su çərşənbəsi mərasimində təzə su yuyub aparırdı. Adamlar elə buradaca günah işlətməyəcəklərinə, adamlara ancaq və ancaq yaxşılıq edəcəklərinə and içərdilər. Mərasim suyun başına dövrə vuran adamların aşağıdakı nəğməsi ilə başa çatardı:

  

   Sel çapar, su çapar,

   Bir günah işlətdim,

   Gəl onu tut apar.

   Sel çapar, su çapar,

   Gəl apar, gəl apar...

 

Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su atsalar, qorxusu keçər, ürəyi keçən adamın üzünə su çiləsən özünə gələr, Su çərşənbəsində qorxan adamı qorxduğu yerdə su içirdərlər kimi su türkəçarələri də, yəqin ki, əksəriyyətimiz eşitmişik.

Ümumiyyətlə, Boz ayın ilk çərşənbəsi - Su çərşənbəsində qışdan sonra təbiətin ilk oyanışı təbliğ olunur. Su oyanır, buz tutmuş su yenidən canlı varlıqlara həyat verməyə tələsir.

Biz də bütün oxucularımıza Dədə Qorqud alqışıyla üzümüzü tutub deyirik ki, “Qamən axan görklü suyun qurumasın!”

 

 

Elxan YURDOĞLU,

Naxçıvan

 

Mədəniyyət.- 2010.- 24 fevral.- S. 7.