Kuklaların «xarakteri» maraqlı olmalıdır
Teatr və tamaşaçı. Zaman-zaman
aktual problem kimi ortaya qoyulan
mövzunun şərhində
bizim kütləvi olaraq teatral olmamamız və bu sənətə, səhnəyə marağın
uşaq yaşlarından
aşılanmaması əsas
götürülür. Elə
bu məsələ ətrafında A.Şaiq adına Dövlət Kukla Teatrının rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə ilə həmsöhbət
olduq.
- Rəhman
müəllim, rejissor
kimi yaradıcılıq
xarakteristikanızdan başlayaq.
Sizi rejissorluğa nə gətirdi?
- Yaradıcılığa
uşaqlıq illərindən
başlamışam. Hələ
o yaşımda teatrlarda
gördüyüm tamaşalar
məndə bu sənətə maraq yaratmışdı. İlk
dəfə “Uzaq sahillərdə” filminə
baxanda altı yaşım vardı. Bu kinodan sonra
mən məhəllədə
uşaqları başıma
toplayıb, kiçik
səhnələr qururdum.
O dövrdə Mixaylo mənim qəhrəmanım
idi. Tapançalar düzəldir, döyüş
səhnələri hazırlayırdım.
Uşaqlara rolları öyrədirdim və özüm də rejissorluq edirdim. Sonra kuklalar düzəltməklə məşğul
oldum. Məktəbi bitirinə qədər içimdə böyütdüyüm
bu həvəs məni İncəsənət
Universitetinin rejissorluq
fakültəsinə gətirdi.
Bəzən fikrimi dəyişib rəssam da olmaq istəmişəm.
Tələbəlik illərində
müntəzəm teatr
fəaliyyətinə başladım.
İlk tamaşamı
Mərdəkanda dram dərnəyində hazırladım.
Bu, Ü.Hacıbəyovun
“Məşədi İbad”
komediyası idi. Tamaşanın rejissorluğunu,
rəssamlığını özüm etmişdim. O zaman mənim on səkkiz yaşım vardı və orda çalışan
rejissorlar məndən
çox yaşlı idilər.
1978-ci ildən bu dərnək
xalq teatrı kimi fəaliyyətə başladı. Orada çalışdığım dövrdə iyirmidən çox tamaşa səhnələşdirdim. Dramaturq
kimi pyeslərimi də elə o zamandan başlayaraq
yazdım. Pyeslərim
Gənc Tamaşaçılar,
Şəki Dram və Azərbaycan Akademik Milli Dram teatrlarında tamaşaya qoyulub.
Kukla Teatrında
baş rejissor təyin olunmamışdan
qabaq “Hamam hamam içində” pyesim səhnəyə qoyuldu. “Sindibadın xoşbəxtlik adasına
səyahəti” pyesini
isə 1993-cu ildə tamaşaya hazırladım.
Burada qırxa yaxın əsərini səhnələşdirmişəm.
2006-cı ildə Gənclər Teatrına baş rejissor təyin olundum. Teatrda altı əsər səhnələşdirdim. Sonra
Kukla Teatrına yenidən baş rejissor kimi qayıtdım
və “Yay gecəsində yuxu” tamaşasını səhnələşdirdim.
Bu, böyüklər
üçün nəzərdə
tutulmuş yeganə tamaşa deyil. Bundan başqa, C.Məmmədquluzadənin “Ölülər”,
“Dəli yığıncağı”
pyesi əsasında “Pırpız Sona” eksperimental tamaşasını,
M.F.Axundovun “Xırs-quldurbasan”,
“Müsyö Jordan və Dərviş Məstəli şah”, Q.Lorkanın “İblisin nəğməsi” tamaşalarını
hazırlamışıq.
- Teatrlarımızda
prodüser fəaliyyətinin
zəif olmasının
səbəblərini nədə
görürsünüz?
- Bu fəaliyyət
növü bizdə hələ formalaşmayıb.
Hər pulu olandan prodüser ola bilməz. Prodüser teatral bir şəxs olmalıdır. Filmlərə
gəldikdə isə
bu proses fərqli gedir. Hollivud filmlərinin demək olar ki, hamısı prodüser filmləridir. O
bankdan müəyyən
məbləğdə pul
götürür və
filmin çəkilişinə
elə aktyorları dəvət edir ki, onun baxılacağına
inanır. Gəliri isə qoyduğu puldan iki qat
artıq olur. Bəzən bu cür filmlərdə «Oskar» mükafatını
film yox, prodüser alır.
Prodüser fəaliyyətini
studiya tipli teatrlarda həyata keçirmək daha əlverişlidir. Son hazırladığım
“Yay gecəsində yuxu” tamaşasının maliyyəsini dövlət
təmin etmışdi.
Əgər dövlətin
belə tamaşaları
sifariş etmək üçün imkanı
varsa, prodüserə ehtiyac yoxdur. Prodüser daha gəlirli sahə üçün vacibdir. Kimsə yeni tamaşaya pul qoyursa, bu, artıq
sponsorluq olur. Prodüser tamaşaya pul qoyursa, o artıq tamaşanın sahibidir və onu istədiyi ölkəyə apara bilər.
- Əgər
sizə belə bir təklif gəlsəydi, necə dəyərləndirərdiniz?
- Öncə
fikirləşərdim. Bu prodüser
kimdir, dünyagörüşü
necədir...
- “Yay gecəsində yuxu” tamaşasını səhnələşdirərkən
nələri ön plana çəkmək istəyirdiniz, düşüncələriniz
alındımı?
- Əvvəla
onu deyim ki, mən bu
əsərin tərcüməsini
mərhum Hüseynağa
Atakişiyevin xahişi
ilə 1987-ci ildə etmişdim. O pyesi dram teatrında qurmaq istəyirdi. Lakin əsər Gənclər Teatrında səhnələşdirildi.
Kukla Teatrında isə tam fərqli, həm də qısa formada hazırlandı. Demək olar ki, əvvəlki
ilə heç bir əlaqəsi yoxdur. O ki qaldı
məqsədə, nəyi
ön plana çəkmək istədiyimə
- V.Şeksprin özü
bunu çox gözəl ifadə edib. Burada teatr
məsələsi var. Onun
“Yay gecəsində yuxu”dan başqa “Tədbirə qarşı
tədbir”, “On ikinci yuxu”, “Heç nədən hay-küy” kimi komediyalarında adlarından göründüyü
kimi bir nömrəli qəhrəman
yoxdur. Əsərlərinin
adı abstraktdır. Amma dram əsərlərinin
adətən konkret adı olur. Əsər çox vaxt baş qəhrəmanın
adı ilə adlandırılır: “Aydın”,
“Hamlet”, “Şeyx Sənan”
və s. Belə pyeslərdə isə əsasən bir neçə xətt olur. Özü də qəhrəman müəllifin istedadının
məhsuludur. Bunlar ruh yüksəkliyi olan tamaşalardır. Yəni onlar “Ölülər”dən, “Müfəttiş”
kimi satirik komediyalardan deyil. Yumor çox sönük olur və heç kim acılanmır. Bu pyeslərdə elə də böyük bir ideya yoxdur.
Belə əsərlər
məlum hadisələr
üzərində qurulur.
Şekspir intibah dövrünün həyatını
komik şəkildə
bu cür ifadə edib. Əgər tapdığımız
düzgün ifadə
forması tamaşaçılar
tərəfindən bəyənilirsə,
deməli, nəyəsə
nail olmuşuq.
- Kukla Teatrında çalışmaq
rejissorlardan uşaqların
psixologiyasını öyrənməyi
və onlarda məbəd hesab olunan teatra maraq
aşılamağı tələb
edir. Siz bunun üçün nə edirsiniz?
- Bunun üçün mən öz uşaqlığımı
xatırlayıram. İndiki
uşaqları özümdən
ağılsız və
istedadsız saymıram.
Düzdür, mən rejissor, dramaturq olmuşam. Bu o demək deyil ki, onların
da hamısı mənim kimi olmalıdırlar. Hətta
mən öz uşaqlıq dövrümlə
müqayisə etdikdə,
nəinki uşaqların
dünyagörüşünün daha yüksək inkişaf etmiş formada olduğunun fərqindəyəm... Buna səbəb
dərs proqramlarının
dəyişdirilməsi və
texnologiyanın gətirdiyi
yeniliklərdir. Onlar daha fərqli fikirləşir və həyatlarında hər zaman yeni şeylərin
olmasını istəyirlər.
İndi satışda
elə oyuncaqlar var ki, uşaqları
teatrdan daha çox maraqlandırır.
Ona görə də rejissor tamaşanı hazırlayarkən
bunları nəzərə
almalıdır. Çünki
uşaq teatrda bildiyindən əlavə nəyisə görməyin
marağındadır. Tutaq
ki, “Tıq-tıq xanım”ı qurursan. Burada kuklaların «xarakteri» o qədər maraqlı olmalıdır ki, uşaq mağazada
gördüyü oyuncaqla
bunu fərqləndirsin.
O zaman ortaya rejissorun bədii yaradıcılığı, fantaziyası
çıxmalıdır. Bu isə o qədər də asan iş
deyil.
Söhbətləşdi: Günel QƏHRƏMANOVA
Mədəniyyət.- 2010.- 24 fevral.- S. 6.