Milli Teatr Festivalı başladı
Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
festivalın açılışı
oldu
Bu dəfə qapılar tamaşaçıları
gözləmədi. Tamaşaçılar vaxtından əvvəl gəldiklərindən qapının
açılmasını gözlədilər.
Bunu festival üçün uğurlu
əlamət də saymaq olardı. Axı, teatr asılqandan başlayır...
Teatr festivalının
keçirilməsi hansı
zərurətdən yarandı? Bu festivalın
teatrlarımızın inkişafında
nə kimi rolu olacaq? “Ölüm
hökmü” səhnə
həllini tapa biləcəkmi? Bu suallara cavab tapmaq o qədər
də çətin olmadı. Festival barədə ilk açıqlamanı mədəniyyət
və turizm naziri cənab Ə.Qarayev verdi.
“TEATRLARIMIZ YAŞAYIR,
İNKİŞAF EDİR”
- Milli Teatr Festivalının
keçirilməsi cənab
prezident İlham Əliyevin teatr sənətimizin inkişafına
dair imzaladığı
böyük dövlət
proqramının tərkib
hissəsidir. İlk dəfə olaraq bu gündən etibarən noyabr ayının 9-na qədər
Azərbaycanda fəaliyyət
göstərən bütün
teatrların tamaşaları
regionlarda oynanılacaq,
tamaşaçılara təqdim
olunacaq. Bu layihə Azərbaycan teatr sənətinin inkişafı ilə yanaşı, tamaşaçı
kütləsinin genişləndiriməsinə,
teatr sənətinə
marağın bərpasına
böyük təkan verəcəkdir.
Bu gün festival
Gəncə Dövlət
Dram Teatrının “Ölüm hökmü” tamaşasıyla başlayır.
Əminəm ki, teatr festivalında bizi maraqlı görüşlər gözləyir.
Bütün teatr kollektivlərinə festivalda
uğurlar arzulayıram.
Əsas odur ki, teatrlarımız yaşayır, inkişaf edir, gələcəkdə
də yaşayacaq və inkişaf edəcək.
“BU ROMANIN QƏHRƏMANI BÜTÜN AZƏRBAYCAN
XALQIDIR”
Xalq yazıçısı
Elçin Əfəndiyev:
- Bu il ilk dəfə olaraq Azərbaycanda Milli Teatr Festivalı
keçirilir. Bu möhtərəm prezidentimiz
İlham Əliyevin sərəncamı əsasında,
respublika miqyasında olan teatr festivalıdır.
Bugünkü teatr festivalı mənim romanım əsasında hazırlanmış
tamaşayla açılır. Görkəmli
rejissorumuz Bəhram Osmanov Gəncə Dövlət Dram Teatrında bu əsəri səhnələşdirib.
Mən bu tamaşanı görməmişəm,
ilk dəfə sizinlə bir yerdə baxacam.
Xatırladım ki, bu pyes
“Ölüm hökmü”
romanımın əsasında
Bəhram Osmanovun səhnələşdirdiyi bir
əsərdir.
Belə hesab edirəm ki, teatr festivalının
Gəncə teatrıyla
açılmasının özü
də çox təqdirəlayiqdir. Çünki Gəncə böyük
teatr ənənələri
olan bir şəhərdir.
Yazıçı əsərin taleyi barədə də danışdı.
- O dövrdə
əsərin çap
olunmasına heç bir ümidim yox idi. 1987-88-ci
illərdə artıq
“perestroyka” dediyimiz məsələ ortaya çıxmışdı. Sovet sisteminin sütunları xeyli laxlamışdı.
Belə bir vaxtda roman çap olundu. Elə bilirəm ki, romanın aktuallığı
bu gün də öz əhəmiyyətini itirmir.
Çünki bu romanın
qəhrəmanı bir
nəfər yox, iki nəfər yox, o dövrü yaşamış bütün
Azərbaycan xalqıdır.
Hər halda, ona çalışmışam
ki, xalqım haqqında bir roman olsun.
SƏHNƏ ÜÇÜN SƏHNƏ
Teatr festivalı
Gəncə Dövlət
Dram Teatrının hazırladığı
“Ölüm hökmü”
tamaşasıyla açıldığından,
tamaşanın rejissoru,
əməkdar incəsənət
xadimi Bəhram Osmanovun da ürək
sözlərini eşitmək
istədik.
- Bu festivala
Gəncə teatrı
xalq yazıçısı
Elçinin “Ölüm
hökmü” romanı
əsasında səhnələşdirimiş
eyniadlı tamaşa və Əli Əmirlinin “Varlı qadın” pyesi ilə qonaq gəlib. “Ölüm
hökmü” tamaşası
iki gün Gənc Tamaşaçılar
Teatrında nümayiş
olunandan sonra, ayın 24-də Sumqayıt
Dövlət Musiqili
Dram Teatrında oynanılacaq.
Rejissor maraqlı
bir fakt da açıqladı:
- Bakı
teatrsevərləri çoxdandı
Gəncə Dövlət
Dram Teatrının tamaşalarını
izləmirlər. Gəncə teatrı
axırıncı dəfə
Bakıda 1982-ci ildə
olub. İnanıram ki, regionda hazırlanan tamaşa heç də Bakıda hazırlanan tamaşalardan o qədər
də zəif deyil. Çünki hər iki tamaşada
çox maraqlı aktyorlar - xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Əli Allahverdiyev, Akif Səfərov, Ramiz Vəliyev, aktyor İlham Hüseynov və başqaları çıxış ediblər.
“Niyə
məhz bu əsərə müraciət
etdiniz” sualına da rejissor aydınlıq
gətirdi:
- 80-ci illərin
axırında Elçin
müəllim “Ölüm
hökmü” adlı çox böyük bir roman yazdı və roman keçmiş
SSRİ-nin bir çox respublikalarında
müxtəlif dillərdə
çap olundu. Bu roman əsasında vaxtı ilə Gənc Tamaşaçılar
Teatrında Loğman Kərimov eyniadlı pyes hazırlayıb.
Mən bu roman əsasında pyesi 1989-cu ildə işləmişəm. Müəyyən səbəblərdən bu
əsər o vaxt tamaşaya qoyulmadı.
Gəncə teatrına ezam olunandan sonra Bəhram Osmanov Azərbaycanın 80 illik tarixinin bir daha
və çox xırda-xırda, incə-incə
araşdırılması üçün
məhz bu əsərə müraciət
edir.
Teatr festivalının
açılışını səbirsizliklə gözləyən
tamaşaçıların gözlədikləri an yetişdi. Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev festivalı açaraq bu əlamətdar gün münasibəti ilə teatrsevərləri təbrik
etdi.
SƏHNƏDƏ “ÖLÜM HÖKMÜ”
Pərdələr açıldı. “Ölüm
hökmü” başladı.
Xalqımızın taleyindən keçən
qırmızı imperiyanın
qan ləkələri,
insan faciələri, işıqlı gələcəyə
“uçan” insanların
zülmətdə azması
və sonda Tanrıdan kömək istəməsi... səhnələri
bir-birini əvəz etdi.
Yaşadığımız o dövrə,
müsibətlərimizə, başımızın üstündə
hər an peyda ola biləcək
ölüm hökmünə
səhnədən belə
həyəcansız baxmaq
mümkün olmadı...
Çoxqatlı, çoxlaylı
bir romanın səhnə həlli çətin olsa da, rejissor yozumu,
tamaşa boyu maraqlı manevr diqqət çəkdi, düşündürdü və
heyrətləndirdi...
Böyük məharətlə
sovet cəmiyyətinin
ağlasığmaz “gerçəklikləri”ni “oynayan” aktyorların yaddaqalan ifası tamaşa boyu alqışlarla qarşılandı.
Zamanın qatarı sonda bütün olanların üstündən şütüyüb
keçdi. Qanlı imperiyanın qanlı
izləri isə tarixin səhifəsindən
hələ çox boylanacaq. Festivalın ilk tamaşası alqışlarla qarşılandı.
Xalq yazıçısı Elçin
sənhəyə çıxaraq
aktyorları təbrik
etdi.
Festivalın ilk günü beləcə dolğun təəssüratla
başa çatdı. Əslində teatr festivalı elə bir səhnədir
ki, hər teatr səhnələşdirdiyi
tamaşaları nümayiş
etdirir. Bir il ərzində
teatrlarımız teatr
sənəti naminə
səhnələrdə öz
yaradıcılıqlarını nümayiş etdirəcəklər.
Bütün teatrlara
uğurlar diləyirik.
T.Məmmədova
Mədəniyyət.- 2010.- 24 fevral.- S. 3.