Sənə bir namə yazmışam...

 

   Ramiz Kərəm

  

   Divar

  

   Binaların arasından,

   Bircə parça göy görünür.

   O da hərdən qaşqabaqlı,

   Buludlu, köntöy görünür.

  

   Dörd tərəfdə divarlar var,

   Divarlar daş-daş hörülür,

   O da altı qurumamış,

   Üstündən yaş-yaş hörülür.

  

   Vallah belə hörülməklə,

   Bu gün-sabah çat verəcək,

   İş yiyəsi xam ustanın,

   Haqqını beşqat verəcək.

  

   Göyə aşiq göyərçinlər,

   Başını əyir qayıdır.

   Dualar da, qarğışlar da,

   Divara dəyir qayıdır.

  

   Bircə parça göy görünür,

   O da yaddan çıxır hərdən.

   Əl hər yerdən üzüləndə,

   Adam yenə baxır hərdən.

  

  

   Sənə bir namə yazmışam

  

   Sənə bir namə yazmışam,

   Görən kimlə göndərim.

   Sevgilərə dil öyrədən,

   Sarı simlə göndərim.

  

   Sənə bir ismarışım var,

   Küləklərə deyimmi?..

   Gedən quşlara yalvarıb,

   Lələklərə deyimmi?..

  

   Kim aparsa, gözündə qəm,

   Könlündə qan aparsın.

   Belə qasid tapammasam,

   Verim şeytan aparsın.

  

   Hər sevginin axırında,

   Sənə bəlli, bir ah var.

   Hər sevgidə bir az savab,

   Bir azca da günah var.

  

   Qoy sevinsin bu günaha,

   Qoy şeytan dingildəsin.

   Adını tez-tez çəkirəm,

   Qulağın cingildəsin.

  

 

   Kəndin astarı

  

   Bulandı gözlərim gördüklərimdən,

   Bir yaz yarpağı ver, gözümü örtüm.

   Üz desəm üzündə tutara yoxdu,

   Gətir astarınla üzümü örtüm.

  

   Üzü üzlər görən, üzü sürtülən,

   Həyası tökülən biçarə kəndim.

   Getdikcə düşürsən ardan-abırdan,

   Bu gedişat hara, sən hara, kəndim.

  

   Sən guya dünyanın təmiz yerisən,

   Bu qalan inam da qırılsa, heç .

   Astarın üzündən təzədi bir az,

   Astar da sürtülüb cırılsa, heç .

  

  

   Əhval

  

   Bu da getdi tapılmaza,

   İndi axtar tap görüm.

   Bu da getdi çatılmaza,

   Di dalınca çat görüm.

  

   Əlin unutdu əlləri,

   Əl verməyə əl axtar.

   Get quruyan ağacların,

   Budağında gül axtar.

  

   İllər səndən yaralıdı,

   Yarasını qanatma.

   Boşa verdiyin illərin,

   Torbasına əl atma.

  

   qoymuşdun, tapasan,

   Boş-boşuna yellənir.

   Ömür itirib ünvanı,

   Yollarda veyillənir.

  

   Hamı adamtək dindi, sən

   Qurdun-qusun dilində.

   Beş-üç kəlmə yazdığın da,

   Tutuquşu dilində.  

 

   Uduzdun, hər ötən ayı,

   Gedən günü gəz indi.

   Nahaq girdin bu oyuna,

   Çıxmağın da çətindi.

  

  

   Eynilik

  

   Qocalar bütün evlərdə

   Əyləşir eyni yerdə,

   Baxırlar eyni səmtə.

   Yaddaşlar açılır-açılır

   Eyni yerdə bir düyünə ilişir.

   Səhərlər açılır eyni cür,

   Axşamlar eyni cür düşür.

  

   Uşaqlar hamısı

   Eyni cür sevinir təzəliklərə,

   Çiçəklərə, kəpənəklərə,

   Baharın nəfəsinə.

   Hamısı eyni cür

   Diksinir güllə səsinə.

  

   Baxmır boy ölçüsünə,

   Görkəminə, yaşına,

   Hamını eyni cür çəkir,

   Özünə köhnə yurd,

   Dünyanın o başından

   Dünyanın bu başına.

  

   Adamlar hamısı

   Eyni cür qorxur -

   Unudulmaqdan.

   Tənhalıqdan, qürbətdən,

   Vaxtsız yağan qardan

   ayrılıqlardan.

  

  

   Bu yurdun eşqinə

  

   Gəl, bu gözəl sudan bir az

   İçək bu yurdun eşqinə.

   Bir az sevgi əkək, bir az

   Çiçək bu yurdun eşqinə.

  

   Oxu, bir qədim ovsunu,

   Qovaq bu div yuxusunu,

   Min illərdi yol uzunu,

   Yortan o qurdun eşqinə.

  

   Dünya dolu qan qoxusu,

   Bu yurdu Allah qorusun,

   Bir ozan çağır oxusun,

   Bu doğma dərdin eşqinə.

  

  

   Səni belə yıxdılar

  

   Səni belə yıxdılar,

   Meşələrin şahı palıd.

   Bu adamların işidi,

   Qınama Allahı, palıd.

  

   Bitirməyi bacarmırıq,

   Əlimizdən yıxmaq gəlir.

   Yıxmayanın da əlindən,

   Gendə durub baxmaq gəlir.

  

   Alabaxta bağışla ta,

   Korladılar ovqatını.

   Ağac-ağac azaltdılar,

   Builki qış sovqatını.  

 

   O buz bulağın da suyu

   Əvvəlkindən az olacaq.

   Quzulayıb çat verəcək,

   Torpaq da nasaz olacaq.

  

   Kəsiləcək, doğranacaq,

   Axırına yetənəcən.

   Hara düşəcək ildırım,

   Bir palıd bitənəcən?..

  

  

   Yenə bu axşam

  

   Yenə gözlərimə buludlar gəlir,

   Qoy örtüm qapını kimsə bilməsin.

   Ağlayıb yatacam yenə bu axşam,

   İşdi yatanacan qəfil ölməsəm.

  

   İşdi yatanacan qəfil ölməsəm,

   Fikrimdən kim bilir nələr keçəcək.

   Yenə həmin üzlər, həmin şəkillər,

   Könlü ağlar, gözü gülər keçəcək.

  

   İlahi, yuxuma haram qat bir az,

   Başımı qarışdır bir az gec yatım.

   Yaddan çıxardığın yalan qalıbsa,

   Elə indi göndər başımı qatım.

  

   Səni aldatmıram, İlahi, vallah,

   Mənim qardaşım var, mənim bacım var.

   Özün bilirsən ki, şükürdaram mən,

   Bircə aldanmağa ehtiyacım var.

  

   Bircə aldanmağa ehtiyacım var,

   Bircə aldananda rahat yatıram.

   Mən bilən aldanmaq günah sayılmır,

   Günah sayılırsa, nahaq yatıram.

  

   Ağlayıb yatacam yenə bu axşam,

   İlahi günahsa, keç günahımdan.

   Ömür mənimdisə, baş açammıram,

   keçən günümdən, sabahımdan.

 

 

   Mədəniyyət.- 2010.- 24 fevral.- S. 13.