YALQUZAQ

 

   Rza Rzayev

  

   YALQUZAQ

  

   İki qurd itirib tayın

   İki seçim var:

   ya yenidən sürüyə qoşulmaq,

   ya yalqız qalmaq.

   İki eyni təbiət,

   Fərqli xarakter,

   Fərqli yaşam tərzi

    seçmək

   Biri qoşulur sürüyə

   Olur canavar.

   Biri qalxır ən uca zirvəyə

   Seçir yalqızlığı,

   Tapınır tək Tanrıya,

   Olur yalquzaq.

   Canavar

   Sıradan biridir artıq

   İtirib adı.

   Yalquzaq gözləyir

   axşamı

   Fərqi yoxdur ona

   Canavar sürüsü,

   Qoyun sürüsü,

   İnsan sürüsü

   Vuracaq özünü sürüyə

   Bir tək can qalmasın deyə.

   O, nifrət edir sürüyə

   Sürü təbiəti

   Xəyanət yaradır deyə.

   O sevmir xəyanət edənləri

  

 

   Sənə çatmaq istəyirəm

  

   Səsini sevdim,

    sözünə baxmadım.

   Baxışlarını sevdim,

    gözünə baxmadım.

   Tanrı seçdi,

    ölüm sənə çatdı,

    mən çatmadım.

   Ölüm yaşa baxmadı.

   Yumdu gözlərini

    baxışların mənə çatmadı.

   Göz yaşlarım

    sənə çatdı,

    çatmadı?

   Göz yaşlarımda batdı

    ölüm.

 

 

   Mədəniyyət.- 2010.- 24 fevral.- S. 13.