Teatr səhnəsində
kitab
Ötən həftə “Yuğ” Teatrının səhnəsi bu dəfə iki kitabın təqdimatı üçün açıldı. Burada ziyalıların,
yazıçıların, sənət adamlarının
iştirakı ilə
görkəmli dilçi
Kamal Abdullanın yeni kitabı və onun əsərlərinə
həsr edilmiş daha bir əsər
təqdim edildi.
Kamal Abdullanın bugünlərdə
nəşr olunmuş
yeni kitabı «Dilçiliyə səyahət»
adlanır. Azərbaycanın
tanınmış dilçi
alimlərindən olan
Kamal Abdullanın elmi-populyar üslubda yazılmış bu kitabı eyni zamanda dilçi olmayanlar üçün son dərəcə maraqlı dilçilik elminin bir çox
sirlərini açır.
Kitab təksə professional səviyyədə dilçiliklə
məşğul olan insanlar üçün deyil, sözlə bağlılığı olan
hər kəs üçün maraqlıdır.
Çünki elmi-populyar
üslubda yazılmış
“Dilçiliyə səyahət”
kifayət qədər
dramatik süjet xətti, son dərəcə dolğun
fabulası baxımından
bədii əsər kimi də oxuna bilər.
Dilçiliyə səyahət
Tədbirdə aparıcılıq edən
«Yuğ» Teatrının
direktoru Vaqif İbrahimoğlu da kitabı nəzərdə
tutaraq dil faktorunu Allahın və təbiətin möcüzəsi adlandırdı. Bundan
sonra isə o, təklif etdi ki, bu
mərasim elə dilin gözəlliyini duymaq üçün “Yuğ” Teatrının hazırladığı bədii
qiraət parçaları
ilə açıq elan edilsin. Aktyorların
ifasından sonra isə söz yazıçıya verildi.
Kamal Abdulla bu təqdimatın müxtəlif fikirlərə
ehtiyacı olduğu üçün keçirildiyini
bildirdi. O, qeyd etdi ki, kitab
yalnız dilçilər
üçün nəzərdə
tutulmayıb.
Filosof Rəhman
Bədəlov, tanınmış
ziyalı Cavad Heyət, musiqişünas
Kəmalə Cəfərli
və digərləri
də öz çıxışlarında kitabda
toxunulan dil məsələlərinə, mövzusuna
həm yazıçı,
həm də elm adamının baxışlarını
maraqlı və qeyri-adi sintezi kimi dəyərləndirdilər.
Çıxışların ümumi mənzərəsində
səslənən fikirlər
belə oldu ki, «Dilçiliyə səyahət» kitabı bütün bü sənət növləri
ilə maraqlanan insanlarımız üçün
zamanında ərsəyə
gəlmiş bir əsərdir. «Ən qədim dil kimindir?», «Dilin mənşəyi varmı?»,
«Dil İlahidən
ərməğan kimi»,
«Füzuli, Tütçev
və Folkner», «İbtidai insan və onun qədim
dünyası», «Addan tarixə lağım», «Dil və şahmat
oyunu» və s. kimi başlıqlar
əsərin mövzu
diapazonu, toxunulan mətləblər haqqında
kifayət qədər
təsəvvür yaradır.
Türkiyədən nəşr
Tədbirin ikinci hissəsində Ankara Kültür
Ajansı tərəfindən
nəşr edilmiş
"Kamal Abdullanın
əsərləri Türkiyə
türkcəsində" tədqiqat
əsəri də təqdim edildi. Bu yeni nəşr
barədə isə müəllif özü, dilçi-türkoloq Mehman
Musaoğlu məlumat verdi. O, qeyd etdi ki, bu
kitabdan Azərbaycan türkcəsindən Türkiyə
türkcəsinə və
türk dilindən azərbaycancaya, eləcə
də digər çağdaş türk
dillərindən bir-birinə
tərcümələr edən
insanlarımız, türkoloqlar
faydalana bilərlər.
Bununla bərabər, əsərdən
qardaş ölkənin
universitet auditoriyalarında,
tərcümə nəzəriyyəsi
və praktikası kurslarının aparıldığı,
konkret olaraq bir türk dilindən
digər türk dilinə edilən tərcüməyə aid
keçirilən dərslərdə
istifadə edilməsi
nəzərdə tutulub.
Əsər həm də K.Abdullanın “Tarixsiz gündəlik” romanının
dilçilik baxımından
təhlilidir. Burada tərcümə nəzəriyyəsi,
çevirmə və
ya ədəbi mətn uyğunlaşdırılması
qavramları, bu qavramların lüğətçiliklə
bağlı istiqamətləri
konseptual olaraq açıqlanır. Belə
ki, kitabın üçüncü bölümündə
Azərbaycan dilindən
Türkiyə türkcəsinə
və əksinə çevrilmiş ədəbi
mətn təcrübələri
kontekstində Türkcə-Azərbaycanca
və Azərbaycanca-Türkcə
özəl lüğət
örnəkləri tərtib
edilmişdir. Bu lügət örnəklərinin
tərtib olunmasında
alimin Azərbaycan dilindən Türkiyə türkcəsinə çevrilmiş
mifoloji, folklor və bədii səciyyəli mətn parçalarından istifadə
olunur. Kitabın birinci bölümündə
müəllifin türk
dilinə çevrilmiş
əsərləri, xüsusilə
də, "Tarixsiz gündəlik" romanının
orijinal və tərcümə mətnləri
ədəbi-linqvistik yeniliklər
kontekstində türk
dillərinin leksikası,
sintaksisi baxımından
təhlil olünür.
Kitabın ikinci bölümündə yazıçının
"Tarixsiz gündəlik"
romanının orijinal
mətnindən bir parça və türk dilinə çevrilmiş bütöv
mətni yer alır.
Tədbir
çıxışlardan sonra təqdim edilən əsərlərlə bağlı
olan diskussiyalarla sona
çatdı.
Sabutay
Mədəniyyət.- 2010.- 24 fevral.- S. 5.