Musiqiyə bərabər
ömür
AĞASƏLİM ABDULLAYEV - 60
Azərbaycanın musiqi aləmində
xanəndə və tarzən tərəfdaşlığı
əksər hallarda dostluğa qədər yol getmişdir.Yazılı
tarixdə, yaddaşlarda
neçə-neçə bu
cür ad qoşalığı
var: Mirzəağa Hacı Ağabalaoğlu -
Mirzə Mansur, Cabbar Qaryağdıoğlu
- Qurban Pirimov, Mirzəməhəmmədhəsən - Səlim, Mirzəhüseyn
- Mirzə Ələsgər,
Seyid Şuşinski - Bəhram Mansurov, Mirtağı Mirbabayev - Mirzə Fərəc Rzayev...Ustad tarzənlərin adları
elə tək çəkiləndə də
əzəmətli görünür:
Sadıq Əsəd, Bəylər, Əli Şirazi, Sadıqcan, Əhməd Bakıxanov,
Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov...Bu fədakar sənət adamları musiqimizin əbədiyaşarlığını
təmin edən, yeni nəsillərin meydana çıxmasına
təkan verən böyük bir məktəb yaradıblar.
Gələcəkdə adlarını
qismən sadaladığımız
korifeylər kimi klassikləşəcək neçə-neçə
sənətçimiz musiqimizin
inkişafında, təbliğində
öz sözünü
deyir.
Belə tarzənlərdən
biri də Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına “Araz” xalq çalğı
alətləri ansamblının
bədii rəhbəri,
respublikanın xalq artisti Ağasəlim Abdullayevdir. Musiqi mədəniyyətimizi istər
vətənimizdə, istərsə
ölkəmizdən uzaqlarda
təmsil edən, sevdirən sənətkarlar
cərgəsində onun
özünəməxsus yeri
var.
Rəhbərlik etdiyi ansambl həmişə fəallığı ilə
seçilib.Dövlət tədbirlərindən
başlamış, ən
ucqar kəndlərimizdə
qurulan məclislərə
qədər, respublikamızı
səhnə-səhnə gəzib
dolaşıb.Ardıcıl olaraq hərbi hissələrə baş
çəkir, əsgərlər
qarşısında konsertlər
verir.Moskva, Sankt-Peterburq,
Kiyev, Minsk və Tallin şəhərlərində
keçirilmiş musiqi
festivallarında, YUNESKO-nun təşəbbüsü
ilə 1987-ci ildə Səmərqənddə təşkil
edilmiş Ümumdünya
muğam simpoziumunda “Araz” xalq çalğı
alətləri ansamblı
Azərbaycan musiqisinin
ən sürəkli alqışlara layiq olduğunu sübuta
yetirmişdir.1982-ci ildən Ağasəlim Abdullayevin rəhbərliyi altında
fəaliyyət göstərən
ansambl yaxın dövrün möhtəşəm
səs sahiblərindən
kimləri müşayiət
etməyib ki! Şövkət Ələkbərova,
Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev,
Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Zeynəb Xanlarova, Səxavət Məmmədov,
Arif Babayev, Alim Qasımov, Qəndab Quliyeva, Səkinə İsmayılova,
Ruzə İbişova...
Kollektiv dalğa-dalğa
nəsil dəyişkənliyinə
uğrasa da, həmişə Baba Salahov ənənələrinə
sadiq qalır, günü-gündən repertuarını
zənginləşdirir, püxtələşir
və bunun sayəsində dinləyici
auditoriyasını tədricən
genişləndirir.Hazırda
onun qastrol səfərlərinin dairəsi
təkcə ölkələrin
sərhədlərini aşmır,
neçə-neçə qitəni
əhatəsinə alır:
Türkiyə, İsveç,
Hollandiya, Danimarka, Belçika, İslandiya, Almaniya, İspaniya, İngiltərə, Fransa,
İran, İraq, Yaponiya, ABŞ, Kanada...Təranələrindən yaraqlanaraq
sivil fatehlik çağlarını yaşayır
”Araz”...
Ağasəlim Abdullayevin
solo çıxışları da dinləyicilər tərəfindən “həmişə
hərarətlə qarşılanır.
Çünki ifa zamanı hissin-düşüncənin
təsvirinə və
dərkinə çalışır,
axıra qədər yumşaq tempdən kənara çıxmır.
Amma simləri
öz dəst-xəttinə
tabe etdirməklə bərabər, incə çalğı texnikası
hesabına həm də tar ifaçılığının
qədim-qayım ənənələrini
qoruyub saxlaya bilir.
Altmışıncı ilinə
qədəm qoyduğu
ömrünün üçdə
iki hissəsini sevimli alətini sinəsindən, mizrabı
əlindən üzdürməyən
bu görkəmli tarzən daim yüksəlişdə olan
dolğun sənət
yolu keçmişdir.
Qırx ildir ki, fasiləsiz olaraq pedaqoji iş aparır, gənclərə musiqinin,
tar ifaçılığının
sirlərini öyrədir.
Bir şəxsiyyət
kimi, bu və digər sahələrdə uğurlarının
niyəsi isə ondadır ki, fəaliyyətinin bünövrəsində
fitri istedadla yanaşı, professional dönəmlərdən keçmiş
mükəmməl təhsil
dayanıb. 5 saylı Musiqi Məktəbi, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunun tar sinfi, Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyası...
Birini qurtaran kimi digərinə daxil olub, onu
bitirən kimi üçüncüsünə. Texnikumun axırıncı
kursunda oxuya-oxuya Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri
orkestrinin solisti, az sonra hazırda
rəhbərlik etdiyi ansamblın konsertmeysteri
olub.
Xanəndə, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin muğam sənəti kafedrasının
müəllimi Ruzə
İbişova: - İstər
muğam dəstgahlarının
lentə yazılması
olsun, istərsə də hər hansı canlı ifa, Ağasəlim müəllim səhnədə
elə, rahat mühit yaradır ki, oxumağa həvəsin ikiqat artır. Ağasəlim
Abdullayev sözün həqiqi mənasında sənətkardır. Onu yubileyi münasibətilə
təbrik edir, sənət fəaliyyətində
uğurlar arzulayıram.
Azərbaycan Dövlət
Teleradio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin musiqi və əyləncəli proqramlar redaksiyasının
böyük redaktoru Çingiz Abbasov: - Ağasəlim Abdullayevlə
birgə işləmək
çox xoşdur. Səmimiliyi, təmkini və ən başlıcası, sənətini
dərindən bilməsi
adama yorğunluğu unutdurur.
Respublikanın xalq artisti, xanəndə Səkinə İsmayılova:-Ağasəlim
Abdullayev təkcə tarzənlərin yox, həm də xanəndələrin dostudur...
Respublikanın xalq artisti, kamançaçı
Fəxrəddin Dadaşov:
- Qayğıkeşliyi, diqqətcilliyi,
mehribanlığı onun
bir insan kimi hörmətini də sənətinin zirvəsinə qaldırmışdır.
Tarın həzinliyi sinəsindən ürəyinə
keçib elə bil...
Ağasəlim Abdullayevin
musiqi mədəniyyətimizin
inkişafındakı xidmətləri
dövlətimiz tərəfindən
də yüksək qiymətləndirilmişdir. O, Prezident
İlham Əliyev cənablarının 2005-ci il
16 sentyabr tarixli sərəncamı ilə
“Əməkdar artist” və
2007-ci il 6 oktyabr tarixli Sərəncamı ilə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.
Ağasəlim müəllimin
rəsmi titullardan savayı, bir ali dərəcəsi də var: hacılıq.Onu
əqidəsi, inamı,
əməli-salehliyi aparıb
çıxarıb müqəddəs
dərgaha.Sənət yollarında
çıraq yandırmış
ustadlarını həmişə
minnətdarlıqla xatırlayır.İlk
dəfə ona mizrab tutmağı öyrətmiş yaxın
qohumu həvəskar tarzən Cavadı, Hacı Məmmədovu,
Baba Salahovu...Bir müəllim kimi, yetişdirdiyi tarzənlərin
respublikanın müxtəlif
musiqi ocaqlarında çalışmalarına, Azərbaycan
mədəniyyətini irəli
aparmalarına ürəkdolusu
sevinir, onlarla fəxr edir.Ramiz Əzizov, Ümid İbrahimov, Elçin Haşımov, Sahib Paşazadə,
Elçin Abbasov, Xalıq Dadaşov...İndi bu adların
əvvəlində dövlət
titulları olan da var.İndi bu adlar efirlərdən
tez-tez səslənir...
Xaliq Dadaşov ustadı ilə çiyin-çiyinə çalışır.
Ağasəlim müəllimin
rəhbərlik etdiyi
“Araz” xalq çalğı alətləri
ansamblının konsertmeysteridir.
O, həm
də gözəl ailə başçısıdır.Bir
qızı, üç
oğlu, üç nəvəsi var. Oğlu Vüqar tarzəndir, “Araz” xalq çalğı
alətləri ansamblında
çalışır.
Ağasəlim Abdullayev
çox təvazökar
insandır. Yaş
dönəmlərini qeyd
edəndə də təmtəraqdan qaçır.
Bu qədər işlər görə-görə
“Mən nə etmişəm ki, geniş yubileyim keçirilsin”-deyir.
Bəs bu dəfə?
Qırx illik aramsız fəaliyyətdən
sonra? Biz-onun sənətinin vurğunu olanlar Ağasəlim müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, yeni-yeni sənət uğurları
arzulayırıq.
A.Səmədov
Mədəniyyət.- 2010.- 26 fevral.- S. 8.