“Qarabağ şikəstəsi”nin rənglərdəki harayı
Sərginin adı kimi, təqdimatı da qeyri-adiliyi ilə
yadda qaldı
Fevral ayının 24-də
Vəcihə Səmədova adına Sərgi salonunda əməkdar
rəssam Adil Rüstəmovun “Qarabağ şikəstəsi”
adlı sayca yeddinci fərdi sərgisinin
açılışı oldu.
Sərginin
açılışında Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov, mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev Adil Rüstəmovun
özünəməxsus, fərqli
yaradıcılığından söz açdılar,
Qarabağ mövzusuna müraciət edən rəssamın
yüksək səviyyəli sənət əsərləri
yaratdığını və bu sərginin çox önəmli
olduğunu qeyd etdilər. Xalq rəssamı, akademik Ömər
Eldarov, xalq rəssamı Arif Hüseynov, kinoşünas
Aydın Kazımzadə rəssamın zəngin daxili aləmindən,
sənətindən və sənətkarlığından
danışdılar.
Səhhətinin ən
kritik məqamında - infarktdan sonra bir il müddətində
bu ağrılı, kövrək mövzuya müraciət edən
rəssam, Qarabağ dərdini, Xocalı harayını
“Qarabağ şikəstəsi” qrafik lövhələrində
əbədiləşdirməyə nail olub.
Rəsmi hissədən
sonra Adil Rüstəmov sənətinin işığına
yığışanlar “Qarabağ şikəstəsi”nin
canlı müşayiəti ilə “Qarabağ şikəstəsi”nə
tamaşa etdilər. Bu da sərgiyə
xüsusi rəng qatdı. Azərbaycanın
ən maraqlı, ən görkəmli qrafiklərindən olan Adil Rüstəmovun nümayiş olunan 40 əsəri istər fəlsəfi, istər sənətkarlıq, istərsə
də yeni tapıntılar baxımından
yadda qaldı. Onu da qeyd
edək ki, rəssamın “Qarabağ şikəstəsi” adlı
fərqli sərgisi martın üçünə
kimi davam edəcək.
Təranə
Mədəniyyət.- 2010.- 26 fevral.- S. 6.