Xəzər
sahilindən Kürmük çayınadək səyahət
II Respublika Kukla Teatrları Həftəsinin
təəssüratları
(əvvəli ötən sayımızda)
Klassikaya münasibət
Təbii ki, Qaxda bizim ən vacib işimiz kukla teatrlarının tamaşalarına baxmaq, ölkənin kukla teatrlarının vəziyyətindən, yaradıcılıq potensialından xəbərdar olmaq idi. Beş teatrın repertuarındakı tamaşaların yeddisi ya klassik əsər idi, ya da məşhur nağılların əsasında qurulmuşdu. Klassikaya munasibətdə iki fərqli məqam diqqəti cəlb etdi: konservatizm və novatorluq. Məsələn, əgər Naxçıvan teatrı Cəlil Məmmədquluzadənin «Çay dəstgahı»nı əsərin nöqtə-vergülünə toxunmadan hazırlamışdısa, Qax teatrı «Turp» nağılını tamam fərqli yozumda təqdim etdi.
Razılaşaq ki, Mirzə Cəlilin istər yaradıcılığına, istərsə də şəxsiyyətinə dünyalarca hörmət və ehtiramımız olmağına rəğmən, «Çay dəstgahı» kimi maraqlı, alleqorik əsər yenidən işlənməli idi. Ən birincisi, ona görə ki, bu gün nəinki kiçikyaşlı, hətta yetkin orta statistik azərbaycanlı da ərəb-fars tərkibləri ilə, arxaik sözlərlə zəngin bədii əsəri tam anlamır.
Salyan teatrı ilə Gəncə teatrı da iki klassik nümunə ilə festivala qatılmışdı. Birinci kollektiv A.Şaiqin «Danışan kukla», ikinci isə «Şəngülüm, Şüngülüm, Məngülüm» nağılı ilə. Mahnıları nəzərə almasaq, hər iki tamaşada sözügedən əsərlər illərdən bəri tanıdığımız formada və məzmunda oynanıldı.
Yeri gəlmişkən, Naxçıvan Dövlət Kukla Teatrının S.Canbaxşıyevin təfsirində oynadığı «Cik-Cik xanım» nağıl-tamaşasında əsərin məzmununa «novator» münasibət heç ürəkaçan deyildi. Yəni «Cik-Cik xanım» nağılında sərçənin sərgüzəştləri hər kəsin yadındadır. Lakin şıltaq sərçənin başına gələnlərin planlaşdırılaraq Aşıq Sevdalının sevgilisi Çiçəyi xilas etməsi və aşiq oğlanın heç nə etmədən sakitcə oturub sevgilisini nə vaxt ona tapşıracaqlarını gözləməsi, sonda da Çiçəyin yumşaq desək, aciz sevgilisinə qayıdışı mili-mənəvi dəyərlər baxımından düzgün yozum sayıla bilməz. Tamaşadan sonrakı müzakirədə də bu fikir xüsusi vurğulandı.
Dövlət Kukla Teatrının (Bakı) «Zınqırovlu pişik» tamaşası (bu əsərin müəllifi Ə.Oruc olsa da, siçanların pişiyin boynundan zınqırov asmaq istəyi məşhur və qədim məsəldir) ilə Qax teatrının «Qızıl balıq» tamaşası nə qədər fərqli olsalar belə, onları birləşdirən bir məqam vardı: hər kəsə məlum olanı yeni tərzdə təqdim etmək bacarığı.
Festival proqramına daxil edilmiş və maraqlı həftənin son akkordu olan bir tamaşanın adını çəkməyə bilmərik: Dövlət Kukla Teatrının «Ağ və qara» tamaşası. K.Şahmərdanın bu əsəri artıq iki ildir ki, teatrın repertuarındadır. Biz tamaşa salonuna gələndə bütün yerlərin tutulduğunu, yenə də tamaşaçıların azyaşlılar olduğunu görüncə bir qədər şübhələndik. Görən, daha çox böyüklər üçün olan bu tamaşaya uşaqların münasibəti necə olacaq? Tam qaranlıqda, üstəlik, isti havada kondisionersiz salonda balacaların bu qəliz əsərə baxmağa hövsələsi çatacaqmı? Xoşbəxtlikdən şübhələrimiz özünü doğrultmadı: nə ağlayan oldu, nə də səs salan. Səbəbi isə çox sadədir: Qax Dövlət Kukla Teatrının daimi tamaşaçıları fərqli estetikalı tamaşaları seyr etmək tərbiyəsi alıblar. Onlar üçün şou da maraqlıdır, klassik tamaşa da, kukla-pantomim yozumu da. Bax, elə bu məqamda Qax tamaşaçılarından və Qax uşaqlarından xüsusi danışmağa dəyər.
Qax tamaşaçıları
Bu rayonda olduğumuz günlər ərzində bir məqam diqqətimizi çəkdi. Qaxda çox yaraşıqlı uşaqlar var. Teatra istər uşaq bağçasından kollektivlə, istərsə də valideynləri ilə gələn uşaqların zövqlü və bayramsayağı geyimi həm də bu əyalət şəhərində artıq teatra getmək anlayışının çoxdan formalaşdığından xəbər verirdi. Şəki ləhcəsinə yaxın şirin ləhcədə danışan bu mehriban uşaqları tamaşadan əvvəl söhbətə tutub onların teatra münasibəti ilə maraqlanıram. Məlum olur ki, bu balalar üçün kukla teatrı həmişə gəldikləri bir məkandır. Teatrın demək olar ki, bütün tamaşalarını görüblər, həm də baxdıqları tamaşalara öz münasibətləri var.
Tamaşaların birində isə valideynlərin əsl teatral söhbətinin «qulaq günahkarı» oldum. Övladını tamaşaya gətirmiş bir ana o birisindən festivalda göstərilən bütün tamaşalara baxıb-baxmadığı ilə maraqlandı. Müsbət cavab alanda isə qızının günortalar yatdığını söyləyib bütün tamaşalara baxa bilmədiyi (!) üçün təəssüfləndiyini bildirdi. Tamaşanın başlaması gənc anaların söhbətini yarımçıq qoydu, amma həmin cavan xanımın pıçıltı ilə rəfiqəsinə söylədikləri də qulağımdan yan ötmədi: «onda sən daha yaxşı bilərsən ki, hansı teatrın tamaşası daha yaxşıdır». Razılaşın ki, teatr festivalında sıravi tamaşaçıdan belə bir fikir eşitmək ürəkaçan idi.
Deməli, Qaxda teatra getmək ənənəsi artıq teatr tamaşaçısını da formalaşdırıb. Qax Dövlət Kukla Teatrının onunla qoşa böyüyən ilk tamaşaçıları bu gün öz övladlarını bu teatra gətirirlər və onun tamaşalarına özləri də maraqla baxırlar (Qaxda kukla teatrını yaradıb onun həvəskar kollektivdən dövlət teatrı səviyyəsinədək yol keçməsində əvəzsiz xidmətləri olmuş ustad sənətkar İsako Zeynalaşvili ilə müsahibəni qəzetimizin növbəti saylarında oxuya biləcəksiniz).
Deməli, Qaxda başqa bir teatrın
- professional dram teatrının açılması
zəruridir.
Həmin teatrın hansı statusu daşıyacağından
asılı olmayaraq, tamaşaçıdan korluq
çəkməyəcəyinə əminəm! Bir şərtlə ki, həmin teatrda professionallar
çalışsın, maraqlı tamaşalar
oynanılsın.
Əslində Qaxda bir teatr da var: Gürcü
Dövlət Dram Teatrı. Bu teatr bəlkə
də postsovet məkanında, ucqar kənddə
yerləşən dövlət statuslu yeganə teatrdır.
Teatrın direktoru Zita Xəlilova yaradıcı
heyətin Tiflisdə imtahan sessiyasında olduğunu desə
də, bizi israrla kəndə qonaq çağırdı.
Heykəllər, maqnoliya
ağacı, gürcü qonaqpərvərliyi
Qax çoxmillətli rayondur. Əhalinin əksəriyyəti azərbaycanlılar
olsa da, burada ingiloylar, gürcülər, avarlar,
ləzgilər də yaşayır. Hərçənd
onları nə zahiri görkəminə, nə də
danışığına görə bir-birindən
fərqləndirmək çətindir. Hamı
yumşaq, şirin ləhcədə danışır, əsl
bizim dağ adamları kimi sarışın, ağbəniz, ya
da azacıq qarabuğdayıdırlar. Təbii
ki, Qaxda qarışıq nikahlara da tez-tez rast gəlinir.
Maraqlıdır ki, ta qədimdən
gürcülərin məskunlaşdığı
kəndlərin adları da xalis türk kökənlidir.
Məsələn, Meşəbaş, Əlibəyli...
Elə Azərbaycandakı Gürcü
Dövlət Dram Teatrı da Əlibəyli kəndində
yerləşir. Tamaşa salonu qaydaya
salınsa da, teatrın yerləşdiyi kənd klubunun
əsaslı təmirə ehtiyacı var. Yerli sakinlərin
dediyinə görə, burada tamaşa oynanılanda ətrafdakı
gürcü kəndlərinin sakinləri axışıb
gəlirlər.
Teatrın kollektivi ilə
görüşə bilməsək də, onun
həyətindəki çiçək açmış iri
maqnoliya ağacı, böyük gürcü
yazıçısı, Qafqaz tarixinin çətin
məqamlarında haqqı nahaqın ayağına
vermədiyinə görə ehtiram bəslədiyimiz İlya
Çavçavadzenin büstü diqqətimizi çəkdi.
Hərçənd burada bir heykəl də var
idi. SSRİ-nin yeganə qafqazlı
dövlət başçısı Stalinin yəqin ki,
ötən əsrin 30-40-cı illərində
ucaldılmış heykəli. Tarixə
müxtəlif baxışlardan münasibət
bəsləmək mümkün olduğundan, şərhə
ehtiyac görmürük.
Zita xanım isə bizi evində gözləyirdi.
Bu zərif və gözəl xanım bizi
elə səmimiyyətlə qarşıladı ki,
özümüzü çoxdankı
tanışımızın evindəki qədər
sərbəst hiss etdik. Əslində bizi
bir-birimizə doğmalaşdıran məqam çox idi.
Zita xanımın qayını Eldarın dediyi
kimi, milli mənsubiyyətimizdən asılı olmayaraq,
hamımız Azərbaycan vətəndaşıyıq, bir
torpağın övladlarıyıq, hamımız da teatra
bağlı adamlarıq. Teatrla bağlı
istəklərini bizimlə bölüşən Zita xanım
açıq deməsə də, kənddə dövlət
teatrına rəhbərlik etməkdən, başçılıq
etdiyi kollektivin öz işini sevməsindən, onların
Tiflisdə ali teatr təhsili almağından haqlı olaraq
qürur duyduğu hiss olunurdu.
Bu mehriban və sadə ailə ilə daha çox vaxt keçirərdik, amma festivalın proqramı sıx, vaxt məhdud, Əlibəyli kəndi isə rayon mərkəzindən xeyli aralı olduğundan «süfrəniz açıq olsun!» deyib ayağa qalxdıq. Bir də ki, kəndin yaşam qaydaları şəhərinkinə heç bənzəməz. Malın örüşdən qayıdan vaxtı ev sahibəsini söhbətə tutmaq olmaz. «Toylara gələk!» deyib Zita xanımgildən ayrılanda o, sevinclə dilləndi: «Allah qoysa, tezliklə böyük oğlumu evləndirəcəyəm. Mütləq gələrsiniz!».
(ardı var)
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2010.- 2 iyul.-
S.- 12.