Kinooperator
Valeri Kərimovun 65 illik yubileyi qeyd edildi
İyunun
30-da Muzey Mərkəzində
Dövlət Film Fondunun
təşkilatçılığı ilə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı
laureatı Valeri Kərimovun 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Muzeyin foyesində sənətkarın
həyat və yaradıcılığına həsr
edilmiş fotosərgi
açılmışdı.
Tədbiri açıq elan
edən Dövlət
Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın yaradıcılıq
tarixindən söz açdı. Tədbirdə sənətkarın dostları
- operatorlar Rafiq Qəmbərov, Kənan Məmmədov, kinoşünas
Aydın Kazımzadə
Valeri Kərimovla bağlı xatirələrdən
danışdılar.
Qeyd olundu ki, V.Kərimov operator sənəti
baxımından özünəməxsus
üslubu ilə seçilən sənətkarlarımızdan
biri olub. O, peşəkar kinooperator kimi 30-dək film çəkib.
V.Kərimov çəkdiyi filmlərdə
Azərbaycanın zəngin
təbiətini, gözəl
guşələrini tərənnüm
edib, xalqımızın
özünəməxsus xüsusiyyətlərini
qabarıq şəkildə
göstərməyə çalışıb.
V.Kərimov bir neçə il
kinostudiyada işıqçı,
operator assistenti vəzifələrində
işləyib, ötən
əsrin 60-cı illərinin
sonunda Moskvaya gedərək Ümumittifaq
Dövlət Kinematoqrafiya
İnstitutunun kinooperatorluq
fakültəsinə daxil
olub.
Kinostudiyada gənc operatorun
ilk böyük işi
1974-cü ildə çəkdiyi
“Çarvadarların izi
ilə” bədii televiziya filmidir. Elə həmin il operator “Ömrün
səhifələri” kinoalmanaxında
iki novellanı - “Baladadaşın ilk məhəbbəti”
və “Nəğmə
dərsi”ni lentə alıb. Onun çəkdiyi filmlərin
arasında müxtəlif
janrda və mövzuda ekran əsərləri var. Bunlara
misal olaraq “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl
uçurum”, “Yarımçıq
qalmış mahnı”,
“Ailə”, “Sizi dünyalar qədər sevirdim”, “Bir ailəlik bağ evi”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. filmləri göstərmək
olar.
V.Kərimov özünü rejissorluq
sahəsində də
sınayıb və “Həmyerli” bədii filminə quruluş verib. Azərbaycanın
Kinematoqrafçılar İttifaqının
katibi olmuş V.Kərimov bu sahədə də səmərəli iş aparıb.
Mərasimdə Valeri Kərimovun
zəngin yaradıcılıq
təcrübəsindən, böyük insani keyfiyyətlərindən də
danışılıb və
onunla bağlı xatirələr yada salınıb. Daha sonra
Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti Aqşin Dadaşov Valeri Kərimova həsr etdiyi musiqi kompozisiyasını
pianoda ifa etdi.
Tədbir Valeri Kərimovun
oğlu Teymur Kərimovun atasına həsr etdiyi sənədli filmin nümayişi ilə yekunlaşdı.
Yeganə
Mədəniyyət.-
2010.- 2 iyul.- S. 10.