«Gənc bəstəkarlar
muğamlarımızı dərindən bilməlidirlər»
Tanınmış musiqişünas-alim,
sənətşünaslıq doktoru, professor, pedaqoq, ictimai xadim, Bəstəkarlar
İttifaqının katibi, Xalq artisti Ramiz
Zöhrabov əsl vətəndaş ömrü yaşayan
şəxsiyyətlərdən biridir. Milli musiqimizin, görkəmli
sənətkarların həyat və
yaradıcılığının tədqiq və təbliğinə
həsr olunmuş qiymətli əsərlərin
müəllifidir. O, daim
axtarışdadır. Tanrı belə simaları bir ömürdə neçə ömür yaşatmaq üçün yaradıb desək,
yanılmarıq. Onu əsl sənət fədaisi
adlandırmaq olar. Bunu
onun geniş
yaradıcılıq yolunu əks etdirən
monoqrafiyaları, pedaqoji və ictimai fəaliyyəti təsdiq edir.
Xalq musiqisini, xüsusən də muğamları erkən yaşlarından mənimsəyən musiqişünas onları dərindən öyrənib, tədqiq edərək dəyərli monoqrafiyalar yazıb. Alimin 1983-cü ildə Moskvada nəşr olunan «Azərbaycan təsnifləri» fundamental tədqiqat əsərində ustad xanəndələrin ifasından 100 təsnif nota köçürülüb, poetik mətninə, üslub, melodiya, ritm və s. cəhətlər baxımından təhlil edilib. Kitab ifaçılar və bəstəkarlar üçün dəyərli elmi mənbədir.
Bu uğurlu tədqiqat işindən sonra Ramiz Zöhrabov milli musiqimizin özəyi olan muğam sənətinin tədqiqi ilə məşğul olmağa başlayır. Bu yerdə sənətşünaslıq namizədi Fəttah Xalıqzadənin görkəmli musiqşünas haqqında yazdığı kitabdan belə bir fikri diqqətinizə yetirək: “Muğamlarımızın dahi Üzeyir Hacıbəyli və professor Məmmədsaleh İsmayılov tərəfindən aparılan nəzəri tədqiqatları yeni dövrdə öz inkişafını Ramiz Zöhrabovun yaradıcılığında tapır”.
Bu elmi axtarışların sayəsində Ramiz müəllimin bir
neçə sanballı monoqrafiyası işıq üzü görüb. Onlardan
1986-cı ildə Azərbaycan və rus
dilində nəşr olunan “Azərbaycan zərbi
muğamları”, 1991-ci ildə çap olunan “Muğam”
kitabını, sonrakı illərdə nəşr olunan “Çahargah” və
“Rast” muğam dəstgahlarının
nəzəri əsaslarına dair tədqiqat
əsərlərini, “Azərbaycan rəngləri” və s. kitabları qeyd edə
bilərik. Müəllifin “Azərbaycan modal musiqisi”
kitabı 1999-cu ildə
Tehranda fars
dilində nəşr
edilib.
Ramiz Zöhrabovun yaradıcılığı
geniş və çoxşaxəli olduğundan
onun haqqında çox danışa bilərik. Bizim isə bu yazıda məqsədimiz hörmətli alimin düşüncələrindən bəhs etməkdir. Elə bu məqsədlə Ramiz müəllimlə görüşüb, ona bir neçə sualla müraciət etdik, fikir və
düşüncələrini öyrəndik. Çünki bu gün sənətimizin
belə dolğun düşüncələrə ehtiyacı var.
* * *
- Ramiz müəllim,
musiqişünaslıq öz
məziyyətlərinə görə çətin bir peşədir. Bir alim və pedaqoq
kimi musiqişünaslığın
inkişafını və
aktual problemlərini necə izah edərdiniz?
- Musiqişünas hərtərəfli
biliyə mailk olmalıdır. Musiqinin müxtəlif janrlarını
bilməklə yanaşı,
tarixi, ədəbiyyatı,
fəlsəfəni və
digər elmləri də yaxşı öyrənməlidir. Məsələn, tarixi yaxşı bilməlisən ki, yazdığın mövzunu
lazım gəldikdə
tarixi faktlarla izah edəsən. Dili, ədəbiyyatı mükəmməl
bilməlisən ki, öz tədqiqatlarını
yazıda və ya danışıqda daha rəvan, axıcıl, bədii şəkildə ifadə
edə biləsən.
Fəlsəfəni bilmək lazımdır
ki, gəldiyin dialektik nəticələri
düzgün anlaşılan
tərzdə şərh
edə biləsən.
Bir sözlə, musiqişünaslıq
çox zəhmət,
geniş bilik və qabiliyyət tələb edir. Əks halda yaxşı musiqişünas olmaq olmaz.
Bir
də ki, gərək özün üçün düzgün
istiqamət seçəsən.
Məsələn, hər musiqişünas
ilk növbədə öz
yolunu tənzimləməli
sonra fəaliyyətə
başlamalıdır. Əgər musiqişünas muğamı
yaxşı bilmirsə,
heç vaxt muğamdan yaza bilməz, onu nəzəri cəhətdən
təhlil edə bilməz. Bəstəkar yaradıcılığı da həmçinin. Gərək musiqinin bütün məziyyətlərini dərindən
biləsən ki, hər hansı bir əsər haqqında da fikir söyləyəsən.
Bütün bu cəhətlərə nail olmaq
üçün musiqişünaslığı
seçən şəxs
tələbəlik dövründən
özünü bu peşəyə hazırlamalı,
mükəmməl elm öyrənməlidir.
Bizə müəllimlərimiz belə
öyrədib. Biz də bunları tələbələrə aşılayırıq.
- Ramiz müəllim,
siz nümunə üçün muğamların
təhlilini qeyd etdiniz. Bu gün
muğam sənətinə
böyük qayğı
və diqqət var. Sözsüz ki, bu da musiqişünasların
bu istiqamətdə tədqiqatlarına daha geniş meydan açır. Muğam tədqiqatçısı
kimi gənc musiqişünasların bu
sahədə işləri
sizi qane edirmi?
- Doğrudan da
son dövrdə muğama
qayğı xeyli dərəcədə yüksəlib.
Xüsusən bu işdə
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
layihələr mühüm
rol oynayır. Eyni zamanda, bu qayğı
musiqişünasların üzərində
böyük məsuliyyət
qoyur. Çünki hər bir musiqişünas bu qayğıya öz layiqli işi ilə cavab verməlidir. Elə kor-koranə,
hamı yazır, mən də yazım deyib muğamdan yazmaq olmaz. Əvvəla, hər hansı
muğamdan yazıb onu təhlil etmək üçün
ilk növbədə o muğamı
nota salmaq, əruz vəznini bilmək, sonra isə təhlillər aparmaq lazımdır. Bu işdə əvvəlki mənbələrə də
istinad edilməlidir.
Bildiyiniz
kimi, bu mənbələr hələ
XIII əsrdən, yəni
Səfiəddin Ürməvi,
sonra Əbdülqadir Marağayidən Üzeyir
bəyə qədər
geniş dövrü əhatə edir. Dahi Üzeyir bəy o mənbələrə istinad
edərək apardığı
tədqiqatlar nəticəsində
1945-ci ildə “Azərbaycan
xalq musiqisinin əsasları” elmi konsepsiyasını işləyib
hazırladı. Ondan sonra
isə Məmmədsaleh
müəllim, yəni
Üzeyir bəyin tələbəsi “Azərbaycan
məqam və muğam nəzəriyyəsinə
dair elmi-metodik oçerklər” monoqrafiyasında
bir qədər Üzeyir bəydən fərqli muğam nəzəriyyəsi yaratdı.
Bu mənbələri ona görə qeyd edirəm ki, mən öz
tədqiqatlarımda daim
onlara müraciət etmişəm. Bu mənbələrdən tədris
proqramında da istifadə olunur. Gərək musiqişünaslar onları
dərindən öyrənsinlər
ki, sonra özləri də yeni bir fikir
söyləyə bilsinlər.
Muğam dərin bir
dəryadır. Odur ki, onun nəzəri təhlili də çox mürəkkəbdir.
Mənim
bu yaxınlarda muğam dəstgahlar və zərbi muğamlardan ibarət monoqrafiyam işıq üzü görəcək.
Mən bu kitabı 11 dəfə redaktə etmişəm. Bu muğam sənətinin zənginliyindən və bu elmə olan
məsuliyyətdən irəli
gəlir. Mən gənclərimizə
də belə məsuliyyətli olmağı
arzulayıram.
- Ramiz müəllim,
sizin yaradıcılığınızın
bir şaxəsini də Azərbaycan bəstəkarlarına həsr
olunan məqalə, oçerk və monoqrafiyalar təşkil edir. Məlumdur ki, Üzeyir
bəydən başlayaraq
bəstəkarlarımız muğam janrına əsaslanan professional əsərlər
yaradıblar. Simfonik muğam
janrı da buna misaldır. Bəs bu gün necə?
Bəstəkarlar muğam janrından
nə dərəcədə
istifadə edirlər?
Bu sahədə inkişafmı var, yoxsa əksinə?
- Çox aktual sualdır. Biz deyirik
ki, muğam Azərbaycan professional musiqisinin
əsasını təşkil
edir. Belə olan halda sözsüz ki, hər bir azərbaycanlı
bəstəkarın əsərində
bu ab-hava duyulmalıdır. Bunun üçün
bir sıra vacib məsələlər
var. Onlardan birincisi odur ki, hər
bir bəstəkar milli alətlərdə muğam ifa etməyi bacarmalıdır.
- Bu yerdə dahi
Üzeyir bəyin kəlamı yada düşür. O yazırdı
ki, hər bir bəstəkar, bəstəkarlıq texnikasına
yiyələnmədən əvvəl
milli alətlərimizdən
birində mükəmməl
ifa etməyi bacarmalıdır.
- Bəli, Üzeyir
bəyin belə müdrik bir kəlamı var. Bu fikir bəstəkarların yaradıcılığında
son dərəcə müsbət
məna kəsb edir. Odur ki, bu fikrə əsaslanan bəstəkarlar milli köklər zəminində
əsl professional əsərlər
yazıblar. Sizin qeyd
etdiyiniz kimi, simfonik muğamlar buna ən gözəl
nümunədir. F.Əmirov, Niyazi,
S.Ələsgərov, V.Adıgözəlov,
T.Bakıxanov kimi bəstəkarlar bu gözəl sənət nümunələrini yaradıblar.
Bu özü də mükəmməl bir metodologiyaya əsaslanır. Sizin toxunduğunuz
bu məsələ həmişə mənim diqqətimdə olub.
20 kitabım var,
onlardan 12-si muğama həsr olunub. Bu kitabların sonuncu
bölməsində mən
təhlil etdiyim muğamlardan bəstəkarların
necə istifadə edə bilməsi barədə öz qeydlərimi yazıram.
- Burada sizin bəstəkarlıq qabiliyyətiniz
də mühüm rol oynayır. Siz özünüz də bir sıra
musiqi əsərlərinin
müəllifisiniz...
- Dediyim odur ki, hər hansı
bir yeni əsərin musiqi dilində muğam xüsusiyyətlərini təhlil
etmək üçün
bir qədər gərgin düşünməli
olursan. Yəni indi muğamdan
istifadə çox azdır. Xüsusən gənc bəstəkarların
əksəriyyətinin əsərlərində
bu cəhətlər zəif sezilir. Düzdür,
yaxşı nümunələr
də var. O nümunələrdə
muğam improvizələri
bəstəkar texnikası
ilə elə qovuşur ki, onu təyin etmək üçün çox düşünməli
olursan. Bu da göstərir ki, belə istifadə
üsullarında müasir
tələblər də
mühüm rol oynayır. Sizin toxunduğunuz bu
məsələ geniş
bir müzakirə mövzusudur. Mən istərdim
ki, gənc bəstəkarlar muğamlarımızı
dərindən bilsin ki, ondan istifadə
etməkdə də yeni üsullar tapa bilsinlər.
* * *
Görkəmli musiqişünas-alim,
professor Ramiz Zöhrabovla söhbətimiz
çox geniş və əhatəli idi. Elə bu yazını
da Ramiz müəllimin fikirləri
ilə tamamlamaq istəyirəm. Zənnimcə,
bu sözlər hər bir azərbaycanlının
ürəyincədir: “Muğam
Şərq dünyasının
məhsulu olsa da, başqa Şərq xalqlarına nisbətən bizim muğamlarımız daha təkmil və kamildir. Bu fikri
dünya alimləri də təsdiq edib”.
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 2 iyul.- S. 7.