“Nabukko”nun ilk azərbaycanlı
ifaçısı
İstedadlı vokalçı Əvəz Abdullayevin sənətə gəlişinin
maraqlı tarixçəsi var. O, xoş təsadüfün və xeyirxah insanların köməkliyi sayəsində
musiqi dünyasına qədəm qoyub. Sənətçi özü
bu barədə belə deyir:
“Musiqiçi olacağım ağlıma gəlməzdi. Xüsusən də vokal sənətini seçmək nə arzum, nə də məqsədim olub. Sadəcə olaraq, eşitdiyim və ürəyimə yatan mahnıları öz-özümə zümzümə edirdim. Ustad sənətkarlarımız Bülbülün, Rəşid Behbudovun repertuarından bir neçə musiqi öyrənmişdim. Orta məktəbi bitirib Aviasiya Akademiyasına daxil oldum. 1998-ci ildə ali məktəbi bitirdikdən sonra ixtisasım üzrə iş tapa bilmədiyim üçün bir müddət aşpaz işləməli oldum. Günlərin birində dostlarımla birlikdə Qubaya səyahətə getməli olduq. Yolda baş verən xoş bir təsadüf mənim həm düşüncələrimi, həm də həyatımı dəyişdi. Yol getdiyimiz avtobusda Azərbaycan Qadınlar Şurasının nümayəndələri də vardı. Yolboyu deyib-gülür, söhbət edirdik. Avtobusda maqnitofon işləmədiyindən dostlarım mənə oxumağı təklif etdi. Mən də bildiklərimdən oxudum. Bunu eşidən səfər yoldaşlarımız məni alqışladılar və dedilər ki, sənin əsl vokal səsin var. Bizimlə yol yoldaşı olan Qadınlar Şurasının rəhbəri Zemfira Verdiyeva isə mənim sənətə yönəlməyim üçün lazımi kömək göstərəcəyini söylədi. Həqiqətən belə oldu. Biz Bakıya qayıdandan sonra məni Əməkdar artist Natəvan Şeyxovanın yanına dəvət etdilər. O, səsimi bəyəndi. Sonra məni musiqi sahəsində peşəkar səviyyədə məşğul olmaq üçün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mürsəl Bədəlovla tanış etdi. Rəhmətlik Mürsəl müəllim mənimlə bir qədər məşğul olduqdan sonra mən özümü tamamilə bu sənətə həsr etmək qərarına gəldim. Sonra Musiqi Akademiyasının vokal şöbəsinə daxil oldum. Burada görkəmli vokalçılar - xalq artistləri Fidan və Xuraman Qasımovalardan dərs aldım. Sənət taleyim belə başladı”.
İndi isə, gəlin, Əvəz Abdullayevin sənətdəki nailiyyətlərindən danışaq.
Tədricən vokal sənətinin sirlərinə bələd olan Ə.Abdullayev böyük səhnəyə can atır, opera müğənnisi olmağı qərarlaşdırır. Musiqi Akademiyasında oxuyarkən opera sənəti üzrə səhnə hərəkətlərini, bu sənətin müxtəlif incəliklərini tanınmış rejissor Gülcahan Güləhmədova-Martınovadan öyrənmişdi. Bu biliklərə yiyələnən gənci sonuncu kursdan Opera və Balet Teatrına qəbul edirlər.
Teatrda ilk rolu Puççininin “Bogema” operasında Martini obrazı olub. Sonra Puççininin “Çio-çio-san”, “Madam Batterflay”,
“Toska», Cüzeppe Verdinin “Trubadur”, “Traviata”, “Riqoletto”, “Aida” operalarında rol alıb. Gənc sənətçi Xalq artisti Firəngiz
Əlizadənin professor Nərgiz
Paşayevanın əsəri
əsasında yazdığı
“İntizar” operasında
da çıxış
edib.
Əvəz Abdullayev bu gün artıq püxtələşmiş opera müğənnisi kimi təkcə respublikamızda
deyil, müxtəlif ölkələrin səhnələrində
də maraqlı obrazlarla çıxışlar
edir. Hər dəfə də
çıxışları uğurla qarşılanıb.
Bu müvəffəqiyyətlərin
başlıca səbəbi
odur ki, o, bir ifaçı kimi daim öz
üzərində çalışır.
Sənətçi vokal imkanlarını
daha da genişləndirmək
və peşəkarlığını
artırmaq məqsədilə
Moskvada görkəmli
vokalçı Misterenkodan,
Almaniyada Lüdviq Baumon və Dmitri Xaritonovdan ustad dərsləri alıb.
Məhz bu çalışqanlığı
və sənət məsuliyyəti onun yaradıcılığına gözəl
nailiyyətlər bəxş
edib. Bu yerdə
Ə.Abdullayevin iştirak
etdiyi bir neçə müsabiqə
və festivalların adını çəkək.
Sənətçi Bakıda
keçirilən Vokalçıların
Bülbül adına Beynəlxalq Müsabiqəsinin laureatı
olub. Daha sonra bu müsabiqənin laureatlarının
iştirakı ilə
Moskva Konservatoriyasında
keçirilən konsertdə
uğurla çıxış
edərək nüfuzlu
İrina Arxipova Fondu tərəfindən xüsusi medala layiq görülüb.
UNESCO-nun xətti ilə
Parisdə keçirilən
konsertdə, Almaniyada keçirilən «Azərbaycan
mədəniyyəti günləri»ndə,
İtaliyanın Roma şəhərində
keçirilən konsertlərdə
və digər xarici səfərlərdə
Ə.Abdullayev öz bariton səsinin qüvvəsi ilə Azərbaycanı təmsil
edib.
Sənətçi beynəlxalq
səviyyəli müsabiqə
və festivallardakı
çıxışı barədə
belə deyir: “Xarici ölkələrdə
çıxış edərkən
özümə daha ciddi məsuliyyətlə
yanaşır, məni
həmin festivallara göndərən insanların
etimadını doğrultmağa
çalışıram. Bu
yaxınlarda Həştərxan
şəhərində iştirak
etdiyim festival buna misaldır. Rusiyanın Mədəniyyət Nazirliyi tərəfindən
bizim Mədəniyyət
və Turizm Nazirliyinə müraciət
olunmuşdu ki, Verdinin “Riqoletto” operasında çıxış
etmək üçün
ifaçı tələb
olunur. Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət
şöbəsinin müdiri,
professor Fərəh Əliyeva
və Opera və Balet Teatrının direktoru Akif Məlikov məni məsləhət görüb
Həştərxana göndərdilər.
“Riqoletto” operasındakı
çıxışım tamaşaçıların alqışları
ilə qarşılandı.
Sevindim ki, bu insanların
etimadını doğrulda
bildim.
Daha bir uğurum
da Çexiyanın
Brno şəhərindəki çıxışımla bağlıdır.
Orada Leoş Yanoçik adına
Opera Teatrında “Madam Batterflay”
operasında Şarples
obrazını ifa etdim. Bu onların
çox xoşuna gəldi və mənə Verdinin “Nabukko” operasında oxumağı təklif etdilər”.
Bu yerdə Əvəzin
sözünə ara verərək nəzərinizə çatdırmaq
istəyirəm ki, “Nabukko” Verdinin ən məşhur operasıdır. Məhz bu operanın
uğuru bəstəkarı
daha sonra 20-dən çox opera yazmağa sövq edib. Onu da qeyd etməliyik
ki, “Nabukko” operası vokalçıdan
böyük məharət
tələb edir.
Əvəz Abdullayev:
“Mənə bu operanı oxumaq üçün iki ay vaxt verdilər. Mən də Bakıya gəlib Opera və Balet Teatrında öz konsertmeystrimizlə bu əsəri mükəmməl öyrəndim.
Sonra isə Çexiyaya gedib orada ifa
etdim. Mənim ifamı böyük
alqışlarla qarşıladılar.
Hətta
operanı oxuduqdan sonra orada qalıb,
işləməyim barədə
müqavilə imzalamaq
istədilər. Mən isə
Vətəndən uzaqda
yaşaya bilmədiyim
üçün bu müqaviləni imzalamadım.
Amma onlar məni növbəti festivala dəvət etdilər.
Bu ilin avqustunda
Avstriyada böyük bir festival keçiriləcək.
Həmin
festivalda Brno şəhərində
çıxış etdiyim
teatrın orkestri və solistləri ilə birgə iştirak edəcəyəm.
Özü də bu
festival açıq havada,
gəmidə keçiriləcək”.
Sənətçi avqustda Münhendə keçiriləcək festivala
da dəvət alıb. Bu festival üç ildir keçirilir və avqustda onun böyük
konserti olacaq.
Əvəz Abdullayev
2008-ci ildə “Əməkdar
artist” fəxri adına layiq görülüb. Onun yaxşı
cəhətlərindən biri
də odur ki, qazandığı uğurlarla kifayətlənmir,
daim yeni ideyalar üzərində düşünür. Opera
sənətinin bəzi
problemləri onu narahat edir. Bu barədə Əvəz Abdullayevin düşüncələrindən:
“İstəyirəm ki,
opera janrına münasibət
daha da yüksək
olsun. Təbii ki, bu da təbliğatdan asılıdır. Odur ki, bu təbliğat yolunu axtarıb tapmalıyıq. Hazırda yeni
rollar, o cümlədən
dahi Üzeyir bəyin “Koroğlu” operasında Həsən xan obrazı üzərində çalışıram.
Arzu edirəm ki, “Koroğlu” operası açıq havada səslənsin”.
Biz isə öz növbəmizdə
maraqlı düşüncələrini
bizimlə bölüşən
ifaçımıza uğurlar
arzulayırıq.
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.- 2010.- 7 iyul.- S.
11.