Firəngiz
Əlizadə: “Festival çox
uğurlu keçdi”
Ötən həftə
Şəkidə keçirilən
“İpək yolu” I Beynəlxalq Musiqi Festivalı ölkəmizin
mədəni həyatında
mühüm hadisə
kimi yadda qaldı. Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə
festivalın yekunları
ilə bağlı fikirlərini bildirib:
-Hər bir işin başlanğıcı
çox çətin
olur. Mənə elə gəlir
ki, ilk dəfə keçirilməsinə baxmayaraq,
I Beynəlxalq Musiqi Festivalı çox uğurlu keçdi, maraqlı və rəngarəng proqramı
ilə yadda qalacaq. Burada təbii ki,
Şəki Şəhər
İcra Hakimiyyətinin
yüksək təşkilatçılığını,
yerli musiqi kollektivlərinin fəal iştirakını xüsusi
qeyd etmək lazımdır. Festivalın proqramı
rəngarəng idi.
Burada müxtəlif kollektivlərin
çıxışı, muğam operasından başlamış ustad dərsinə qədər
hər şey var idi. Belə festivallar çox nadir hallarda keçirilir.
Ona görə ki, adətən festivallar müəyyən növlərə
aid olur. Məsələn, pianoçular festivalı,
müasir musiqi festivalı, klassik musiqi festivalı və sair. “İpək yolu”
festivalı isə bu növlərin hamısını sanki özündə cəmləşdirmişdi.
Bu konsertləri izləyən insanlar hər gün yeni bir şey
kəşf edirdilər.
Bir gün kamera orkestrini dinlədilər, ertəsi gün xalq çalğı alətləri orkestrinin çıxışını izlədilər, həmçinin
çox gözəl rəqslərə baxdılar.
Biz həm də
Azərbaycan xalqının
zəngin musiqisinin, zəngin mədəniyyətinin
canlı şahidi olduq.
Festivalda bir sıra ölkələrin nümayəndələri
çıxış etdilər.
Koreyadan gəlmiş ansamblın təqdim etdiyi 25 dəqiqəlik kompozisiyada
biz sanki dərvişlərin
ritminə qulaq asdıq. Kiş kəndindəki qədim
alban məbədində
“Sarı gəlin” Norveç-Azərbaycan ansamblı
çox maraqlı proqramla çıxış
etdi. Burada sanki paralel inkişaf edən iki musiqi mədəniyyəti
gözlərimiz önündə
bir-biri ilə qovuşdu. Festivalın kulminasiya nöqtəsi
isə, şübhəsiz
ki, ilk dəfə açıq havada muğam operaları əsasında hazırlanmış
tamaşa-kompozisiyaların təqdimatı
oldu.
Mənə elə gəlir
ki, çox gözəl festival oldu və Şəki camaatı da festivala böyük maraq göstərdi. Festivalda Koreya, Norveç və Rusiyanın səfirləri
də iştirak ediblər. Bu, festivala
olan böyük maraqdan irəli gəlirdi. Bir
sözlə, festival gözlədiyimiz nəticələri
verib.
Mədəniyyət.- 2010.-
7 iyul.- S. 11.