Məcnun Kərimovun
səs xəzinəsi
«Xoşbəxtəm ki, musiqi xəzinəmizin 11 incisini
qədimdən bu günümüzə gətirmişəm
və ruhumuzu oxşayan
səsləri hər kəs dinləmək imkanı
qazanıb»
Ümid insanı gələcəyə, maraq keçmişə aparır. 43 il əvvəl sadə bir musiqiçi tarixin
yaddaşında it-bata düşmüş
qədim musiqi alətlərini axtarıb tapmaq qərarına gəldi. Bu maraqla
uzun bir yola çıxıb əsrləri adladı,
zamanın dərin qatlarına enib sonda axtardığını tapdı. Qədim
zamanlardan bizə ancaq
adı gəlib çatan 11 musiqi alətini bərpa edib,
yenidən xalqımıza qaytardı. Odur ki, min bir
çətinliklə bərpa etdiyi alətlər
ilk dəfə səslənəndə,
o, özünü xəzinə
tapan adam kimi xoşbəxt sayır. «Kiçik
maraq böyük xəzinənin
üstünü açdı” - deyir.
Budəfəki qonağımız Bakı Musiqi Akademiyasının professoru,
sənətşünaslıq doktoru, Qədim
Musiqi Alətləri Ansamblının rəhbəri
Məcnun Kərimovdur.
- Məcnun müəllim, Azərbaycan mədəniyyətində xidmətləri olan insanlardansınız. “Məcnun Kərimov kimdir” sualına özünüz necə cavab verərdiniz?
- Məcnun Kərimov sadəcə musiqiçidir. 1959-1963-cü illərdə Ü. Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində təhsil almışam. 1963-1972-ci illərdə Zəngilan rayon 7 illik Uşaq Musiqi məktəbinə rəhbərlik etmişəm. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinin tar fakültəsini bitirmişəm. İlk müəllimlərim bəstəkar Səid Rüstəmov və Adil Gəray idi. Hər ikisi Üzeyir Hacıbəyovun tələbəsi olub. Mən də həmin məktəbin üçüncü nəslinin nümayəndəsiyəm.
Qəribə
emalatxana
- Ancaq müəllimlərinizdən fərqli olaraq özünüzə fərqli yol seçdiniz...
- 1967-ci ildə ilk dəfə bu fikrə düşdüm. Düşündüm, necə olub ki, bizim zəngin musiqi irsimizdən olan musiqi alətlərimiz unudulub, müasir dövrümüzə gəlib çatmayıb? Nizaminin, Füzulinin əsərlərində qədim musiqi alətlərinin adına rast gələndə həyəcanımı, marağımı gizlədə bilmirdim. Qərara aldım ki, bu işin ardınca gedim. Əvvəlcə M.Füzuli adına Əlyazmalar İnstitutuna üz tutdum. İki ilə yaxın bir müddətdə ərəb-fars dili mütəxəssislərinin köməyi ilə bir çox alətlərin - rud, çəng, bərbəd, rübab, qopuz, çəqanə, tambur alətlərinin tarixini araşdırdım, miniatür sənət əsərlərində o musiqi alətlərinin təsvirini tapdım. Beləliklə, bu sahəyə marağım günü-gündən artdı. Alətlərin görünüşü, səslənməsi isə məni daha da maraqlandırırdı. Bu həvəslə eskiz hazırlayıb musiqi alətləri hazırlayan bir çox sənətkarlara müraciət etdim, ancaq onlar bunun çətin iş olduğunu bildirdilər. Sonda özüm bu alətləri hazırlamaq qərarına gəldim.
Hər bir sənətin sirri, incəlikləri, hazırlanma texnologiyası var. Təbii ki, bunları bilmirdim. Ancaq məqsədimə çatmaq üçün öyrənməli, alətləri hazırlamaq üçün dəzgahlar, materiallar yığmalı idim.
O vaxtlar Bayılda
birotaqlı evim vardı. Uşaqlar körpə olduqlarından
bağçaya gedirdilər.
Onlar bağçaya gedən kimi işə başlayırdım. Pəncərənin ağzını emalatxana eləmişdim, ağacları
yonurdum, yonqarlayırdım.
Əvvəlcə rud alətini
hazırladım. Bu alətin yarısı dəridən, yarısı
tut ağacındandır. Onu çox çətinliklə,
6-7 aya hazırladım.
İlk alət hazır olub səslənəndə
gördüyüm işdən
o qədər zövq
alıb sevindim ki, elə bildim,
xəzinə tapmışam.
Doğma
səslər
- Ən çox vaxt sərf etdiyiniz və çətin başa gələn alət hansı olub?
- Çəng musiqi
aləti var. Nizaminin, Füzulinin çox sevdiyi musiqi aləti olub. 31 simdən ibarətdir.
Miniatür əsərlərində onun şəkli var, simlər pərdənin üstündən
bağlanır. Amma necə,
hansı texnologiya, hansı üsulla? Üç il
çalışdıqdan sonra
axır ki, onu bərpa edə bildim.
- Bugünədək 11 qədim musiqi alətini bərpa edib, xalqımıza qaytarmısız. Bu alətlər musiqiçilər
tərəfindən necə
qarşılandı?
- Əlbəttə, qədim alətlərin səsləndirilməsi məsələləri
vardı. 3 saylı Musiqi Məktəbində şöbə
müdiri işləyəndə
artıq 6 musiqi alətini bərpa etmişdim. Qərara gəldim ki,
bu alətləri ansambl şəklində səsləndirim. Bu məqsədlə məktəbin
müəllimlərindən ibarət ansambl yaratdım. Məşq edib bir neçə musiqi nömrəsi hazırladıq.
Artıq
işlərimizdən və
əldə etdiyimiz nəticələrdən mətbuat,
televiziya, radio xəbər
tutmuşdu. Bir gün
Dövlət Filarmoniyasına
dəvət olundum.
Şah İsmayıl Xətainin
500 illiyi ilə bağlı tədbir keçiriləcəkdi, bizim
kollektivə o tədbirdə
çıxış etməyi
təklif etdilər.
Çıxışımızı yüksək səviyyədə
qarşıladılar.
O konsertdən sonra
mənə şərait
yaradıldı, emalatxana
verildi, fəaliyyətimi
genişləndirdim. 1991-ci ildə
hörmətli Fərhad
Bədəlbəyli məni
Musiqi Akademiyasına dəvət etdi, məsləhət bildi ki, akademiyanın nəzdində Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi
laboratoriyası açaq.
Bu mənim çoxdankı
arzum idi. Bununla bağlı Mədəniyyət
Nazirliyinə müraciət
etdim, laboratoriya açıldı və bu gün də
fəaliyyət göstərir.
Qədim
alətlər muzeydə
yaşayır
- 90-cı illərin əvvəlində
ansambl bir müddət fəaliyyətini
dayandırmışdı. 1996-cı
ildə Musiqi Akademiyasının tələbələrindən
ibarət yeni bir heyət yığıb məşqlərə
başladıq. Fərhad müəllim
bizi akademik Yusif Məmmədəliyevin
yubileyinə dəvət
etdi. Prezident Heydər Əliyev
həmin tədbirdə
iştirak edirdi.
Ansamblımızda musiqi alətləri
kimi geyimlər də fərqli idi. Bütün bunlar cənab
prezidenti çox maraqlandırmışdı. Nazir Polad Bülbüloğlu
kollektivimiz barədə
prezidentə məlumat
verdi. Səhərisi gün prezident bizim ansamblla bağlı sərəncam
imzaladı. Böyük şəxsiyyətin
qayğısı ilə
ansamblımız dövlət
statusu aldı, Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyətə
başladı.
- Min bir çətinliklə
bu alətləri bərpa etmisiniz. Onların yaşaması üçün
daha nələr edilməlidir?
- Alətlərin bərpa
edilməsində dörd
mərhələ var. Birinci
tədqiqat işləri,
ikinci alətin hazırlanması, üçüncü
səsləndirilməsi, dördüncü
bu alətlərin tədrisə daxil olmasıdır. Biz bu gün varıq, sabah yoxuq,
bu alətlər itib batmasın, muzey eksponatı olmasın deyə, mütləq tədrisə
salınmalı, hər
biri ayrılıqda tədris edilməli və gələcəkdə
ansamblların, orkestrlərin
tərkibinə əlavə
olunmalıdır.
- Bildiyimizə görə,
bu alətlər haqqında kitab da yazmısınız...
- 2002-ci ildə “Azərbaycan
musiqi alətləri” kitabım üç dildə - ingilis, rus, azərbaycan dillərində nəfis şəkildə çap
olunub. Bu kitabın
yazılmasının da
maraqlı tarixçəsi
var. 1997-ci ildə Avstriyada
elmi konfransda iştirak edirdim. Tokio Musiqi Kollecinin professoru olan bir xanım çəng alətinin Şərqdə yayılmasından
geniş danışdı,
ondan sonra mən çıxış
etdim. O vaxt 9 musiqi alətini bərpa etmişdik, bu alətlər haqqında məlumat verdim, onların qədim miniatürlərdəki
təsvirlərini göstərdim
və bu alətlərin bərpası,
səslənməsi və
nəhayət, ansamblın
yaradılması barədə
danışdım.
Həmin xanım
fasilədə mənə
yaxınlaşıb dedi
ki, əgər siz bunları əyani şəkildə
göstərməsəydiniz, sübut etməsəydiniz,
heç kəs inanmazdı ki, sizin xalqınız belə zəngin mədəniyyətə sahibdir.
Bakıya gələndən bir ay sonra ondan
bağlama aldım.
O mənə Tokioda nəfis şəkildə
çap olunmuş “Dünya xalqlarının musiqi alətlərinin atlası”nı göndərmişdi. Dünyanın bütün xalqlarının
musiqi alətləri barədə məlumat vardı, amma bizim musiqi alətləri
o atlasda yox idi. O yazmışdı
ki, kitabın üçüncü nəşri
nəzərdə tutulub,
xahiş edirik, alətlər haqqında məlumatları bizə yazın, şəkillərini
göndərin, üçüncü
nəşrdə atlasa
daxil edək. Biz həmin məlumatları
hazırlayıb göndərdik.
Mən onsuz da işlərimin
son nəticəsi kimi
kitab çap etdirmək istəyirdim, həmin hadisə bu işi sürətləndirdi.
“Repertuarımızda
40-a yaxın musiqi nömrəsi var”
- Son vaxtlar iki musiqi alətini bərpa etmisiniz. Onlar barədə bir qədər məlumat verə bilərsinizmi?
- Nusə adlı
alət tam hazırdır,
hələlik onun ifası, səsləndirilməsi
məsələsi ilə
məşğul oluruq.
Bu alətin 81 simi var. Hələ XIII əsrdə Səfiəddin
Urməvi nusə alətinin 108 simli növü barədə məlumat verirdi. Urməvi yazır ki, mən o dövrün insanlarının,
musiqiçilərin çoxsimli
musiqi alətinə olan maraqlarını nəzərə alıb 3
alətin - çəng,
səntur və qanun (kanon) üstünlüyündən,
gözəlliyindən istifadə
edib bir alət icad elədim. O da nusədir. Nusə əylənmək, şənlənmək, ruh
vermək mənasını
daşıyır. Indi
o aləti bərpa etmişik və çox gözəl səsi var.
Muğni adlanan ikinci
alətin də yaradıcısı Səfiəddin
Urməvidir. Uda bənzər
bu alətin 37 simi var. Bu ilin sonunadək muğni alətinin də bərpası başa çatacaq.
- Qədim Musiqi Alətləri Dövlət
Ansamblı ilə xarici ölkələrdə
Azərbaycan musiqisini layiqincə təmsil edirsiniz...
- Dünyanın 20-dən artıq ölkəsində
çıxış etmişik.
Bir çox qədim musiqilər, xalq mahnıları, rənglər,
təsniflər işləyib
hazırlamışıq. Ansamblın üzvləri çox vətənpərvər, milli
ruhlu, sənəti yaşatmağa çalışan
insanlardı. Ansamblımızın konsertmeysteri əməkdar
artist Munis Şərifov
həm də qədim çəqanə
alətinin mahir ifaçısıdır. Ansamblımızın solistləri əməkdar
artistlər Nuriyyə
Hüseynova, Teyyub Aslanov gözəl sənətkarlardır. Repertuarımızda 40-a yaxın musiqi nömrəmiz, 3 saatdan çox proqramımız
var. Bizim laboratoriyanın
elmi əməkdaşı
Sürəyya Ağayeva
həm Əbdülqədir
Marağayinin, həm də orta əsrlər
musiqisinin tədqiqatçısıdır.
O, Türkiyədə araşdırmalar
aparıb bir çox Azərbaycan bəstəkarlarının əsərlərini
əldə edib gətirib. İndi biz həmin əsərlərdən
ibarət yeni proqram hazırlayırıq.
Yeri gəlmişkən onu da deyim
ki, son illər nazirlik tərəfindən
bizə çox böyük qayğı-diqqət
var. Mən bunu xüsusi qeyd etməliyəm. Çünki sənətkarın ən
böyük qazancı,
ən böyük qiyməti onun sənətinə verilən
qiymətdir.
- Xoşbəxtlik nisbi
anlayış olsa da, həm də
ömrün bəzəyidir.
- Çox xoşbəxtəm
ki, kiçik bir maraq məni
böyük xəzinəyə
aparıb çıxardı.
Musiqi xəzinəmizin 11 incisini
qədimdən bu günümüzə gətirə
bildim və xoşbəxtəm ki, ruhumuzu oxşayan bu səsləri hər kəs dinləmək imkanı qazandı.
Təranə
Məmmədova
Mədəniyyət.-
2010.- 7 iyul.- S. 7.