Səhnəmizin Vaqifi
Ələsgər
Ələkbərov - 100
1938-ci
il oktyabrın 5-də Azərbaycan Dövlət
Dram Teatrında Səməd Vurğunun ilk səhnə
əsərinin - «Vaqif» pyesinin
premyerası oldu. Bu əsər
S.Vurğunun həm də istedadlı bir dramaturq olduğunu
təsdiq etdi.
S.Vurğun teatra yüksək qiymət verir, onun böyük əhəmiyyətini məqalə və çıxışlarında geniş şərh edirdi. Şairin ayrı-ayrı teatr tamaşaları barədə yazdığı məqalələr müasir ədəbiyyatşünaslıq və teatrşünaslıq baxımından bu gün də öz əhəmiyyətini itirməyib.
S.Vurğun Azərbaycan teatrını dərin bir məhəbbətlə sevib, onun daim irəliləməsini, dünyanın qabaqcıl teatrları ilə bir cərgədə durmasını arzulayıb, bu istiqamətdə əməli fəaliyyət göstərib.
Cəfər Cabbarlıdan sonra teatrımızda yaranmış durğunluq şairi də narahat edirdi. O, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Zeynal Xəlil, İslam Səfərli kimi gənc yazıçıları səhnə əsərləri yazdıqları üçün alqışlayır, onlara öz xeyirxah məsləhətləri ilə kömək edirdi.
SSRİ Xalq artisti Adil İsgəndərov yazırdı: «Səməd Vurğun həmişə teatrımızın yaradıcı kollektivi ilə yaxından əlaqə saxlamış, teatr və dramaturgiyaya dair öz qiymətli mülahizələri ilə səhnəmizin repertuar cəhətdən zənginləşməsində, tamaşalarımızın bədii-tərbiyəvi əhəmiyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Səməd bizim milli teatrımızın inkişafında böyük rol oynamış sənətkarlardandır».
Səməd Vurğunun ev-muzeyində şairin teatrla əlaqələrini əks etdirən qiymətli eksponatlar toplanıb. Bunların sırasında onun pyeslərinin, teatr və dramaturgiyaya dair məqalələrinin əlyazmaları, müxtəlif tamaşaların proqram və afişaları, resenziyalar, rejissor və aktyorların lentə alınmış xatirələri, maketlər, geyim və dekorasiya eskizləri, fotoşəkillər və s. var.
SSRİ Xalq artisti Ələsgər Ələkbərovun Vaqif rolunda fotoşəkli xüsusi maraq doğurur. Bu fotoşəkil uzun illərdir ki, şairin iş otağından asılıb. Fotoşəklin arxasında Vaqif obrazının mahir yaradıcısının belə bir xatirə yazısı var: «Xalqımızın böyük sənətkarı Səməd Vurğun yoldaşa! «Vaqif»in 100 dəfə oynanılması münasibətilə məndən yadigar. 24.XII. 39-cu il. Ə.Ələkbərov».
Tədqiqat əsərlərindən, tamaşanın quruluşçu rejissoru Adil İsgəndərovun, ayrı-ayrı teatr xadimlərinin xatirələrindən öyrənirik ki, S.Vurğun «Vaqif» tamaşasının hazırlanmasında yaradıcı qrupla birlikdə çalışıb, iş prosesində əsərdə dəyişikliklər aparıb və əlavələr edib. Şübhəsiz, şairin məsləhətləri və onun rejissorla müştərək işi tamaşanın uğurlu alınmasına öz təsirini göstərib.
Teatrşünas Mahmud Allahverdiyev Ələsgər Ələkbərovla şəxsi söhbətlərinə istinad edərək yazırdı: «Səməd Vurğun məşqlər zamanı mənə dedi: «Ələsgər, birinci şəkildəki Vaqif gözəlləri Məkkə və Mədinə hesab edən bir şairdir. Burada onun yalnız ötəri bir kədəri var. Qalan pərdələrdə isə o, gün kimi işıqlıdır».
Məlumdur ki, əsərin ilk şəklində Vidadi Vaqifi doğma yurdu unutmaqda təqsirləndirir, onu məzəmmət edir. Bu zaman Vaqif ona belə cavab verir:
Mən orda olmasam, qan çıxar dizə,
Quşlar da ağlayar ellərimizə.
Xan məndən utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
Ələsgər Ələkbərov söhbətlərində uzun müddət bu parçanın əhval-ruhiyyəsini dərk etmədiyini söyləyib. Bununla əlaqədar şairlə aktyor arasında belə bir söhbət olub:
- Ələsgər, mənə elə gəlir ki, «mən orda olmasam qan çıxar dizə» sözlərini deyərkən sən darıxırsan. Eləmi?
- Elədir. Özümü heç istədiyim kimi hiss edə bilmirəm.
- Yəqin ki, sən həmin sözlərin əhatə etdiyi aləmi yaxşı təsəvvür etmirsən. Bunun üçün xanın rəzalətlərini bir-bir təsəvvüründə canlandır və onları başa sal ki, mənim orada olmağım sizi ağır işgəncələrdən xilas edir.
Vaqif Ə.Ələkbərovun ifasında ağıllı dövlət xadimi, incə qəlbli şair, öz Vətənini, xalqını, dilini sevən və müdafiə edən bir vətənpərvər kimi təqdim olunub.
Ə.Ələkbərov elə ilk çıxışdan tamaşaçıları da, tənqidçiləri də razı salıb, uzun illər Vaqif rolunun əvəzsiz ifaçısı kimi tanınıb. Onun Vaqif rolunda çıxışları respublikadan kənarda - Moskvada, Özbəkistanda, Gürcüstanda tamaşaçı alqışları ilə qarşılanmışdı.
Akademik Məmməd Arif yazırdı: «Etiraf etmək lazımdır ki, Vaqif surəti Ələkbərova borclu olduğu kimi, Ələkbərov da öz yaradıcılığının inkişafında Vaqif surətinə borclu idi».
Əlbəttə, «Vaqif» tamaşasının geniş müvəffəqiyyət qazanmasında Ələkbərovun mühüm xidmətləri olub. O, Vaqif rolunda təxminən 600 dəfə səhnəyə çıxmış, bu obrazı illər keçdikcə daha da cilalamış və təkmilləşdirmişdi.
Xalq yazıçısı Mehdi Hüseyn yazırdı: «Vaqif» ilk dəfə səhnəyə qoyulan zaman, mən Səməd Vurğunla bir lojada idim. O, necə dərin bir həyəcan keçirirdisə, əlində tüstülənən papirosu belə söndürməmişdi... Nəhayət, Vaqif - Ələkbərov səhnəyə ayaq basanda və ilk sözlərini deməyə başlayanda salon dərin bir sükuta qərq oldu. Bu vaxt səhnənin şərtiliyi də, Vaqifin aktyor tərəfindən ifa olunması da yavaş-yavaş unuduldu. Hamı «Vaqif»in müəllifini - hələ saçlarına dən düşməmiş, hələ qibtə və həsəd doğurmayan Səməd Vurğunu axtarmağa başladı. O, birinci tamaşa müddətində bir neçə dəfə səhnəyə çıxmalı və tamaşaçı alqışları qarşısında baş əyməli oldu.
Xalq böyük oğlunu belə qarşıladı və o gündən sonra Səməd Vurğunu Azərbaycan ədəbiyyatının həqiqi bayraqdarı kimi tanıdı».
Ə.Ələkbərov da o gündən xalq arasında Vaqif kimi tanınmağa başladı. O, Azərbaycan səhnəsinin ən sevimli aktyorlarından biri oldu.
S.Vurğunun və Ə.Ələkbərovun xatirəsi ilə bağlı olan həmin fotoşəkil indi daha qiymətlidir.
Adilxan Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.-
2010.- 7 iyul.- S. 6.