Norveçin Azərbaycandakı səfiri
Yon Ramberq:
«Mədəniyyət
sərhəd tanımır»
Avropanın şimalında, Skandinaviya yarımadasında yerləşən
Norveçlə Azərbaycan arasında uzaq
məsafənin olmasına baxmayaraq, bu ölkələri yaxınlaşdıran tarixi bağlar var. Azərbaycan kimi, Norveç də qədim tarixə, mədəniyyətə
malik ölkədir. Hər iki
ölkə müasir dünyada
zəngin enerji ehtiyatları, neft-qaz istehsalı ilə yanaşı, zəngin
mədəni irsi ilə də
tanınır.
Xatırladaq ki, ötən əsrin
80-ci illərində ölkəmizə səfər edən məşhur
norveçli səyyah və alim Tur Heyerdal
Qobustanda olarkən, bu
məkanın Norveçin tarixi
ilə bağlılığını aşkara
çıxarıb. Səyyahın apardığı
araşdırmalar nəticəsində gəldiyi qənaətə
görə, norveçlilərin əcdadları olan vikinq tayfaları vaxtilə
(eramızdan əvvəl II-I əsrlərdə) məhz Qafqazdan, Azərbaycandan uzaq
səfərə çıxaraq Skandinaviyaya
gedib çıxmış insanlar olublar. Heyerdal Qobustandakı qayaüstü
rəsmlərin eynisinin Norveçdə də
olduğunu önə çəkərək
bu rəsmlərin iki
ölkə arasında tarixi
bağların nümunəsi olduğunu bildirmişdi. Qeyd edək ki, bu məsələ dünya alimləri arasında da
böyuk maraq doğurmuşdu.
Azərbaycanla Norveç
arasında qədim dövrlərdən, qayaüstü
rəsmlərdən başlanan tarixi-mədəni
əlaqələr isə bu gün geniş şəkildə
inkişaf edir. Ötən
əsrin 90-cı illərindən Azərbaycanın iqtisadi, özəlliklə neft
sahəsində əsas tərəfdaşlarından birinə
çevrilən Norveç
ölkəmizlə mədəni sahədə əməkdaşlığa
da xüsusi önəm
verir. Norveçin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqlə söhbətimiz də ikitərəfli
mədəni əlaqələr, bu sahədə
həyata keçirilən layihələr və s. barədədir:
- Cənab səfir,
üç ildən artıqdır ki, Azərbaycanda fəaliyyət
göstərirsiniz. Ölkələrimiz arasındakı əlaqələrin
hazırkı səviyyəsini
necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, ölkələrimiz arasında əlaqələrin səviyyəsi çox yaxşıdır. Bu sahədə əldə edilmiş nəticələrlə yanaşı, gələcək əməkdaşlıq üçün də böyük potensial var. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verir. Ümumiyyətlə, Norveç alimi Tur Heyerdalın nəzəriyyəsinə əsaslansaq, Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə bu torpaqlarda, Qobustan ərazisində yaşamış, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Norveç xalqı arasında antropoloji, tarixi, mədəni əlaqələrin olmasından xəbər verir. Qobustandakı qayaüstü rəsmləri tədqiq etmək üçün xüsusi səfərlər təşkil edən Tur Heyerdal bu rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda olduğunu söyləmişdi. Norveç alimləri bu qayaüstü rəsmləri araşdırarkən heyrətamiz oxşarlıqlar üzə çıxarıblar. Heyerdal Xəzər sahillərini qədim və böyük bir sivlizasiyanın beşiyi hesab edirdi. Beləliklə, alimin qənaətincə, ölkələrimiz, insanlarımız arasında tarixi bağlılıq olub. Yəqin elə bunun nəticəsidir ki, bizim xalq musiqilərimiz çox oxşardır.
- Qobustanda olmusunuz? Bu məkan sizdə hansı təəssürat yaradıb?
- Əlbəttə, olmuşam. Bura cəlbedici məkandır. Düşünürəm ki, Qobustan Daş dövründə yaşayan insanlar üçün əlverişli yaşayış yeri olub. Norveçdə də Qobustana bənzər çoxlu yerlər var. Hesab edirəm ki, bu da qədim əcdadlarımızın həyat tərzləri arasındakı oxşarlıqdır.
- Cənab Ramberq, Norveçlə Azərbaycan arasında mədəni əlaqələr necə inkişaf edir? Bu əlaqələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik?
- Mədəniyyət bizim səfirliyin fəaliyyətində ən çox önəm verilən sahələrdən biridir. Mədəniyyət sərhəd tanımır, ölkələrimiz arasında bu sahədə sıx əlaqələr var və onları daha da inkişaf etdirməyə çalışırıq. İki il əvvəl «Azərbaycan-Norveç muzeyləri arasında əlaqələr» adlı layihəyə start verilib. Bu layihə iki ölkənin muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycanın Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında imzalanan sazişə əsasən həyata keçirilir. Bundan öncə isə, “Azərbaycan - Odlar yurdu” adlı sərgi Norveçdə müvəffəqiyyətlə nümayiş olunmuşdu. Stavanger Arxeologiya Muzeyində keçirilən bu sərgini çoxlu sayda insanlar ziyarət etdi. Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev də bu sərgini ziyarət etmişdi. Əminəm ki, sözügedən layihə hər iki ölkədən olan muzey peşəkarlarını daha sıx şəkildə bir yerə toplanmasına kömək edəcək. Məsələn, Norveç tərəfi muzey əşyalarının təqdimatı ilə bağlı Azərbaycan tərəfə nələrisə öyrədə bilər və ya əksinə, biz də Azərbaycandan bu işlə bağlı bilmədiyimiz hansısa təcrübəni öyrənə bilərik. Bir sözlə, ölkələrimiz arasında qarşılıqlı maraqlara və təcrübə mübadiləsinə əsaslanan mədəni əlaqələri genişləndirmək istəyirik.
İki ölkə arasında sənətçilər - musiqiçilər, müğənnilər və rəssamlar - arasında əlaqələrə, təcrübə mübadiləsinə xüsusi önəm veririk və bu sahəni inkişaf etdirmək istəyirik. Qeyd etdiyim kimi, Norveç və Azərbaycanın xalq musiqiləri çox oxşardır. Bu baxımdan iki ölkənin folklor musiqiçiləri arasında yaranmış əlaqələr çox maraqlıdır. Bu sahədə əməkdaşlığın yaranması məni sevindirir.
Norveçin xalq mahnıları ifaçısı Liv Runesdatter bu il mayın 17-də Norveçin Konstitusiya Günü münasibətilə Bakıda konsert verdi. Onun azərbaycanlı həmkarı - muğam ifaçısı Ehtiram Hüseynovla birlikdə çıxışı çox maraqlı alınmışdı. Liv Runesdatter Norveçin Stavanger şəhərində yaşayır, müğənni, bəstəkar və prodüsserdir. O, Norveç və Azərbaycan xalqlarının folkloru arasında çox bənzərlik olduğunu bildirir. Artıq Azərbaycan və Norveç musiqiçilərinin birgə «Sarı gəlin» ansamblı da var. Bu günlərdə Liv Runesdatter və Ehtiram Hüseynov «Sarı gəlin» ansamblı ilə Şəkidə keçirilən «İpək Yolu» Beynəlxalq Festivalında gözəl konsert proqramı ilə çıxış etdilər.
Ölkələrimiz arasında ədəbiyyat sahəsində əlaqələrə də önəm veririk. 2006-cı ildə Norveç yazıçısı Henrix İbsenin 100 illik yubileyi Bakıda bir sıra tədbirlərlə qeyd olunmuşdu. Norveç yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etməyə hazırlaşırıq. Biz Azərbaycan tərəfdən xahiş etmişik ki, böyük kitab mağazalarından birində Norveç yazıçılarının kitab yarmarkası keçirilsin.
- Azərbaycana gələnədək ölkəmiz haqqında nələri bilirdiniz? Burada olduğunuz müddətdə Azərbaycan sizdə hansı təəssüratı yaradıb?
- Əlbəttə, buraya gələnədək ölkəniz barədə müəyyən məlumata malik idim. Məsələn, Tur Heyerdalın nəzəriyyələrini bilirdim. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım var idi. Mənə məlum idi ki, Norveçin «Statoil» şirkəti Azərbaycana böyük sərmayə qoyub.
Burada olduğum 3 il müddətində isə bu təəssüratlar daha da zənginləşdi. İndi Azərbaycan mədəniyyəti, tarixi haqqında daha çox bilgim var. Azərbaycan Qərblə Şərq arasında körpü rolu oynayıb. Zəngin tarixi irsiniz, heyrətamiz musiqiniz var. İnsanlarınız isə çox qonaqpərvərdir.
- Cənab səfir,
regionlarımıza səfər
etmisinizmi?
- Mən səyahət
etməyi sevirəm. Quba, Lənkəran, Şirvan xoşuma gəlib. Şəkidə də çox
tez-tez oluram. Biz norveçlilər dağlıq yerləri sevirik. Bu baxımdan
Şəki çox xoşuma gəlir. Lahıcda da olmuşam və çox bəyənmişəm. Bu
yaxınlarda isə Gəncədə oldum, Kənd Təsərrüfatı
Akademiyasında konfransda
iştirak etdim.
- Opera, konsert və
teatrlarımızda necə,
tez-tez olursunuz?
- Əlbəttə, tez-tez Opera və Balet Teatrına, Filarmoniyaya gedirəm.
Gənc Tamaşaçılar Teatrında
«Viktoriya» tamaşasına
baxmışam. «Yuğ» Teatrını çox bəyənirəm.
Burada olduğum müddətdə
mədəniyyətinizdən çox şey öyrəndim və faydalandım, xüsusilə
muğamı çox
sevdim. Onu da deyim ki, buraya ilk gəldiyimdə bunu o qədər də hiss etməmişdim. Bu çox dərin mahiyyətli musiqi janrıdır və insana ruh verir.
Bundan başqa, Novruz bayramı şənliklərinizi
də bəyənirəm
və ona böyük hörmətlə
yanaşıram. Bu bayram baharı təqdim etməyin ən gözəl vasitəsidir. Novruzun əsas
əhəmiyyəti həm
də ondan ibarətdir ki, o, bütün dünya azərbaycanlılarını birləşdirir.
Sizin qədim adət-ənənələri
belə qoruyub saxlamanızı alqışlayıram.
- Bakıya gələn
qonaqlarınıza şəhərimizin
hansı yerlərini göstərirsiniz?
- Əlbəttə, Bakının tarixi-mədəni
abidələrini, İçərişəhəri,
digər yerləri göstərirəm. Təbii ki,
qonaqlarımı Qobustana
da aparıram. Bir də onları
Bakıdakı Şəhidlər
xiyabanı ilə
- Azərbaycanı hansı
hisslərlə tərk
edəcəksiniz?
- Etiraf edim ki, illər elə tez gəlib
keçdi ki, bunun fərqində olmamışam. Azərbaycanda
keçən illərimi
iş həyatımın
ən gözəl illəri hesab edirəm. Onu da deyim ki, ailəm Norveçdə yaşayır
və burada tək yaşadığımdan
bütün enerjimi işə sərf etmişəm. Azərbaycanla bağlı çoxlu dostlarım, gözəl xatirələrim var. Təəssüf
ki, fəaliyyətimin
başa çatmasına
görə ölkənizi
tərk edirəm.
Amma
internet vasitəsilə dostlarımla
əlaqə saxlayacam.
Mehparə
Sultanova
Mədəniyyət.- 2010.- 7 iyul.- S.
5.