Ağrılı taleyi olan korifey
sənətkar
Hüseyn Seyidzadə - 100
Kino tariximizdə
dərin iz qoymuş rejissor Hüseyn Seyidzadə
şəxsi həyatından, ağrılı taleyindən,
istər Moskvada institutda
təhsil alarkən, istərsə də kinostudiyada
işləyərkən üzləşdiyi haqsızlıqlardan
danışmağı sevməzdi. Halbuki
görkəmli sənətkar enerjisini, bilik və bacarığını
yaradıcılığa həsr etmək əvəzinə daha çox özünü haqsızlıqlardan, intriqalardan, qarşıdurmalardan qorumağa sərf etməli olmuşdu.
Tərcümeyi-haldan
səhifələr
Hüseyn müəllim deyərdi: “Mənim bəxtim onda gətirib ki, Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən böyük sənətkarlardan - Mixail Romm, Lev Kuleşov, Sergey Eyzenşteyndən dərs almışam, onlardan çox şey öyrənmişəm. Ona görə də pis film çəkməyə haqqım yoxdur. Ən çox ona heyifsilənirəm ki, öyrəndiklərimi, təcrübəmi Azərbaycan kinosunun inkişafına tam sərf edə bilmirəm. Daha doğrusu, buna imkan vermirlər...”
Buna baxmayaraq, H.Seyidzadə həyata nikbin baxır, ürəyi yaşayıb-yaratmaq eşqi ilə döyünürdü. Halbuki... Gəlin, sənətkarın ağrılı taleyinin həyat səhifələrini birlikdə vərəqləyək.
Hüseyn Əli oğlu Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvan şəhərində anadan olmuşdu. Erməni daşnaklarının azərbaycanlı əhaliyə qarşı qırğınlar törətdiyi 1918-ci ildə Hüseynin ailəsi doğma yurdu tərk edərək Bakıya köçür. Hüseyn 15 yaşında ikən fabrikdə fəhləlik edir, 1928-ci ildə Bakı İşçi Teatrının səhnəsində aktyor fəaliyyətinə başlayır. 1929-cu ildə Leninqrada göndərilir, Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir.
1931-ci ildə kinostudiya bir qrup gənci Moskvaya, Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa göndərir. 21 yaşlı Hüseyn burada həmyerliləri Niyazi Bədəlov, Əlisəttar Atakişiyev və Əsgər İsmayılovla birlikdə tanınmış sənətkarlardan kinonun sirlərini öyrənir.
1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləyir. 1940-cı ildə N.Bədəlovla birgə “Ayna” bədii filmini çəkməyə başlayır. Lakin məlum olmayan səbəblərə görə filmin çəkilişi dayandırılır. Çox söz-söhbətdən sonra N.Bədəlovla birgə 1942-ci ildə “Ayna”nın materialları əsasında “Sovqat” qısametrajlı bədii filminə quruluş verir. Bir müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki adına kinostudiyalarda təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir.
Axırıncı xəbərdarlıqla şiddətli
töhmət
1948-ci ildə H.Seyidzadə kinostudiyada işləyərkən Sov.İKP sıralarına daxil olur. Dörd il sonra onun ailə üzvlərini yaxşı tanıyanlardan biri rayon partiya komitəsinə xəbər verir ki, H.Seyidzadə partiyaya daxil olarkən tərcümeyi-halında özünün sosial mənşəyini “gizlədib”. Bununla əlaqədar Bakı Şəhər Partiya Komitəsinin büro iclasında H.Seyidzadənin işi müzakirə edilir. Həmin iclasın protokolunda yazılmışdı ki, Bakı kinostudiyası ilk partiya təşkilatının 31 yanvar 1952-ci il tarixli qərarı ilə H.Seyidzadəyə uçot vərəqəsinə yazılmaqla və axırıncı xəbərdarlıqla şiddətli töhmət verilib. Qərarda oxuyuruq: “H.Seyidzadə göstərmişdir ki, onun atası 1917-ci ilə kimi və ondan sonra ortabab kəndli olub. Halbuki müəyyən edilmişdir ki, H.Seyidzadənin atası 1908-ci ildən 1915-ci ilə kimi İrəvan şəhərində manufaktura satışı ilə məşğul olmuşdur. Bununla belə H.Seyidzadə bacısı Xədicəbəyimin Türkiyə vətəndaşına ərə getməsini və 1920-ci ildə Türkiyəyə köçməsini, digər bacısının əri İsmayıl İsmixanovun Böyük Vətən müharibəsi zamanı cinayət törətməsini və cərimə batalyonuna göndərilərək naməlum səbəblər üzündən cəbhədən qayıtmamasını öz tərcümeyi-halında göstərməmişdir. Həmçinin musavatçılarla əlaqəsi olan xalası oğlu Məmməd Məhərrəmov inqilab vaxtı Fransaya qaçmışdır”.
Belə bir hadisədən sonra mənən sarsılmasına baxmayaraq H.Seyidzadə ruhdan düşmür, əksinə, onu həyatda yalnız bir şey maraqlandırırdı: film çəkmək.
O, anadan kinorejissor doğulmuşdu
1953-ci ildə kinostudiya “Doğma xalqımıza” bədii-sənədli filminin çəkilişini rejissor Yan Fridə tapşırır. Görkəmli rus kinorejissoru M.Rommun xahişindən sonra H.Seyidzadəyə Y.Fridlə birgə filmi çəkməyə icazə verilir. Film 1954-ci ildə müvəffəqiyyətlə çəkilib ekranlara buraxıldı. Hüseyn müəllim bu işi ilə bir daha sübut etdi ki, ona müstəqillik, sərbəstlik, irihəcmli filmlər vermək lazımdır. O, Azərbaycan kinematoqrafiyasını şöhrətləndirə biləcək kino əsərləri yaratmağa qadir sənətkardır.
50-ci illərin ortalarında axır ki, tale H.Seyidzadənin üzünə gülməyə başladı. O, 1956-cı ildə Ü.Hacıbəyovun məşhur “O olmasın, bu olsun” operettasını ekranlaşdırdı. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. S.Rəhmanın ssenarisi əsasında böyük həvəslə işləyən H.Seyidzadə yüksək səviyyəli milli film yaradacağına əvvəlcədən inanırdı. Musiqili kinokomediya Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilmiş və yüksək qiymətləndirilmişdi. Film 60-dan artıq ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılmışdı.
Bakıda isə ilk baxışdan sonra mətbuatda filmlə bağlı kəskin tənqidi yazılar dərc edilmişdi. “Kommunist” qəzeti yazmışdı: “...Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər... Eybəcər oyunbazlıqlar... Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir...”
«Ədəbiyyat və incəsənət» qəzetində isə bu sözlərə rast gəlirik: “O olmasın, bu olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda çəkilən çirkin naturalist səhnələr və i. a. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır...”
Lakin bədxah mülahizələr filmin ekran ömrünü qısalda bilmədi. Bənzərsiz və dahiyanə film bu gün də əbədi ömrünü yaşayır. Dahiyanəlik filmin komik, təbii, bütün dövrlər üçün böyük sənət nümunəsi sayılan səhnələrindəndir. Milli kolorit, bənzərsiz obrazlar, bədii realizmindədir. Dahilik nümunəsi olan “O olmasın, bu olsun” artıq milli sərvətimizdir. Üzeyir Hacıbəyov və Hüseyn Seyidzadə isə bu milli sərvəti yaratmış dahilərdir.
1959-cu ildə çəkilişinə başlanan “Koroğlu” qəhrəmanlıq kino-dastanı H.Seyidzadənin ikinci filmi idi. Belə bir qəhrəmanlıq dastanını ekrana çıxarmaq, eyni zamanda bədii kinomuzda ilk genişekranlı film yaratmaq H.Seyidzadənin cəsarətinin təzahürü olsa da, ssenari Moskvada əsaslı dəyişikliklərə məruz qaldığından çox şey itirmişdi.
Filmin ilk variantı rus dilində lentə alınmışdı. “O olmasın,
bu olsun” filmindəki o qeyri-adi, bənzərsiz aktyor ansamblı ilə müqayisədə bu ifaçılar sönük
görünürdülər. Aktyor seçimi obrazın xarakteri, fərdiyyəti ilə üst-üstə düşmürdü. Bu da filmin yaradılması
prosesində rejissorun təzyiqlərə məruz
qaldığını göstərirdi.
Nəticədə “Koroğlu”
rejissorun 2-3 il
ondan əvvəl çəkdiyi filmdən sənətkarlıq baxımından
kəskin fərqlənirdi.
Rejissorun sonrakı iki
filmi - “Yenilməz batalyon” və “Dəli Kür” də Azərbaycanın tarixi keçmişinə
həsr olunmuşdu.
Yazıçı Qılman İlkinin
ssenarisi üzrə
1965-ci ildə istehsal olunmuş “Yenilməz batalyon” tarixi-inqilabi filmi yazıçının
“Qalada üsyan” romanının ekran variantıdır. Rejissor H.Seyidzadənin
bu filmində Rusiya imperiyası tərəfindən Azərbaycanın
ucqar şəhəri
Zaqatalaya sürgün
edilmiş üsyankar matroslarla yerli inqilabçıların birgə
mübarizəsindən danışılır.
Bununla belə, “Yenilməz
batalyon” bu gün hadisələrin təqdimatı, ideoloji nöqteyi-nəzərdən deyil,
sənət baxımından
bizdə daha çox maraq doğurur. Əvvəla filmin qəhrəmanları
simasız kütlə
deyil, düşünən,
mübarizə aparan canlı insanlardır.
Rejissor H.Seyidzadə bu
filmin çəkilişinə
böyük həvəslə
başlayarkən onun sənət yanğısı
arxasında kövrək
istək gizlənirdi.
O, filmini müəllimi
Sergey Eyzenşteynin “Potyomkin”
zirehli gəmisi” kino əsərinin davamı kimi görmək istəyirdi. Seçilmiş stil, çəkiliş
üsulu, kameranın rakursu, obrazların, vəziyyətlərin iri planlarla, miqyaslı təqdimatı sovet kinosunun yaranma dövrünü, inqilabi pafosunu xatırladırdı.
Bu dinamik, təzadlı,
obrazlı, ifadəli təqdimatla H.Seyidzadə bir daha sübut
etdi ki, Kinematoqrafiya İnstitutunda
görkəmli kino ustalarından öyrəndikləri
hədər getməyib.
“Yenilməz batalyon”
istər peşəkarlıq,
istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından
H.Seyidzadənin mükəmməl
işlərindən biridir.
H.Seyidbəylinin 1969-cu ildə İ.Şıxlının
eyniadlı romanı əsasında çəkdiyi
“Dəli Kür” filmi Azərbaycan kinosunun ən yaddaqalan nümunələrindəndir.
Filmdə xalqımıza xas
olan bir sıra xüsusiyyətlər,
millilik ideyası qabarıq şəkildə
tamaşaçıya çatdırılıb.
Lakin Moskvada təhvil verilərkən onun finalı məcburən dəyişdirilmiş, nəticədə
ekran əsərinin ahəngi bir qədər pozulmuşdu.
Bu, rejissorun təzadlı
kino həyatında aldığı növbəti
zərbələrdən biri
idi...
Ardı
var
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2010.- 9 iyul.- S. 10.