Şəki turizm mərkəzinə çevrilir

 

   Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Rayondakı tarixi-mədəniyyət abidələri, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, Şəki xanlarının sarayı, bacarıqlı ustaların sənət əsərləri sərgilənən «Sənət evi», qədim hamamlar bu baxımdan turistlər üçün cəlbedici məkanlardır.

  

   Şəkiyə ayaq basan istər yerli, istərsə də əcnəbi qonaqların ziyarət etdikləri ilk məkan Şəki xanlarının yay sarayıdır. Bu memarlıq incisi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilib. Hüseyn xan, eyni zamanda, «Müştaqi» təxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu saray «Müştaqi imarəti» kimi qeyd olunur. Burada rastlaşdığım əcnəbilər, Koreyanın Azərbaycandakı səfiri və onun xanımı, Norveçin Bakıdakı səfiri və səfirlikdə çalışan əməkdaşlar və digərləri abidəyə böyük maraq göstərdiklərini qeyd etdilər. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq bildirdi ki, sarayda üç dəfə olmasına baxmayaraq bu memarlıq abidəsinə baxmaqdan doymur: «Saray kiçik olmasına baxmayaraq çox gözəldir. Suvaq üzərindəki rəngli naxış, şəbəkələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri əsl qiymətli sənət əsərləridir. Burada həm də rəngli şüşə parçalarından bərkidilmiş həndəsi naxışlı pəncərə şəbəkələri diqqətimi cəlb edir. Bir-birindən fərqli divar rəsmləri isə olduqca əsrarəngizdir».

   Koreyanın Azərbaycandakı səfiri isə sarayda öz əksini tapmış maraqlı folklor nümunələrinə heyran olduğuna diqqət çəkdi: «Bu sarayın misli-bərabəri yoxdur. Burada maraqlı sənətkarlıq nümunələri əksini tapıb. Baxdıqca baxmaq istəyirsən».

   Qeyd edək ki, XVIII əsrin yadigarı olan bu tarixi tikili öz görünüşü, tikilmə üslubu, mürəkkəb ornamentləri, xüsusilə də şəbəkələri ilə diqqəti cəlb edir. Saraydan çölə iki eyvan açılır. Bu eyvanların tikilmə üslubu da maraq doğurur. Eyni istiqamətdə tikilmələrinə baxmayaraq, kişilər üçün nəzərdə tutulan eyvana çıxdıqda «Xanımın eyvanı»nı görmək qeyri-mümkündür. İkimərtəbəli sarayın mərtəbələri arasında əlaqəni təmin edən pilləkənlərdən biri qadınlar, digəri kişilər üçün nəzərdə tutulub. Hasarla əhatəyə alınmış sarayın həyətindəki möhtəşəm çinarların yaşı isə sarayın yaşından çoxdur.

   1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan müqaviləyə əsasən, «Mədəni irsin qorunması» layihəsi çərçivəsində saray təmir və bərpa olunub. Sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib.

   Şəkidə turistlərin maraq göstərdiyi digər memarlıq abiəsi Yuxarı Karvansaradır. Böyüklüyü və ticarət üçün əlverişliliyi ilə vaxtilə Cənubi Qafqazda məşhur olan Yuxarı Karvansaranın ümumi sahəsi 6 min kv. m-dir.

   Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kolorit verir. Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilib. 300-dən artıq otağı olan karvansara zirzəmi və iki mərtəbədən ibarətdir. Tacirlər malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayırmışlar.

   Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır. Öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir.

 

   Şəkidə abidələr necə qorunur?

  

   Bu məkandakı abidələrin qorunmasına gəlincə, bildirək ki, Şəkidə iki qoruq var: Bunlardan biri 1967-ci ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılmış «Yuxarıbaş tarix-memarlıq qoruğu», digəri isə 2004-cü ildə yaradılan «Kiş dövlət tarix-memarlıq qoruq-muzeyi»dir.

   Yuxarıbaş tarix-memarlıq qoruğunun direktoru Təranə Abdullayevanın sözlərinə görə, burada memarlıq, arxeoloji, o cümlədən yeraltı, yerüstü abidələr yer alıb: «Hazırda qoruq ərazisində dövlət tərəfindən qeydiyyata götürülmüş 25 abidə var. 16 yeni abidə də tapılıb və bu haqda Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. Məsələn, Şəki xan sarayı dünya əhəmiyyətli abidədir, 2012-ci ildə abidənin 250 yaşı tamam olur. Bundan başqa 11 ədəd ölkə əhəmiyyətli, 14 ədəd isə yerli əhəmiyyətli abidələr var».

   Təranə xanım onu da bildirdi ki, abidələr dövlət tərəfindən mühafizə olunur: «Son 10 il ərzində yerli icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə səyi nəticəsində bir çox dünya, ölkə əhəmiyyətli abidələr təmir edilib. Hazırda Aşağı Karvansarada əsaslı təmir işləri başlanıb. Bir neçə aydan sonra Şəkixanovların, Mirzə Fətəli Axundovun evində əsaslı təmir işləri başlanacaq. Bundan başqa, qoruq ərazisində olan məscidlər, Gödək minarə təmir olunaraq istifadəyə verilib. Lakin bir neçə abidə var ki, onların əsaslı təmir olunması nəzərdə tutulur».

   Söhbət əsnasında qoruq rəhbəri Xan qəbiristanlığından da bəhs etdi: «XVIII əsrdə salınan qəbiristanlıqda Şəki xanları, onların övladları uyuyur. Onların qəbirlərinin üstündə olan qəbirüstü daşların artıq 250 yaşı olduğuna görə, atmosfer çöküntülərinə, küləyə, qara, soyuğa, istiyə məruz qalıb. Bir sıra qəbirüstü daşlardan qopan hissələr varbu haqda da artıq nazirliyə məlumat verilib».

   Beləliklə, tarixin yaşandığı qədim Şəki öz zəngin və əsrarəngiz abidələri, eləcə də gözəl təbiəti ilə turistləri özünə cəlb etməkdədir. İnanırıq ki, yaxın gələcəkdə Şəki böyük turizm mərkəzinə çevriləcək.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2010.- 9 iyul.- S. 8.