Aşıq İsgəndər dərdini “ dəvə”yə yükləyib yol gedir...

 

   El sənətkarları

  

   Aşıq İsgəndər 64 ilin zurnaçısıdır. Bir zamanlar zurnasının sədası bir eli, bir obanı yerindən oynadardı. İndiel var, nə oba...

   Ömrünün 84-cü yayını Sumqayıtda oğlunun, nəvələrinin əhatəsində doğma torpaq nisgili ilə qarşılayır. Xəyalında dolaşan isə Laçındı, doğma kəndi Mişnidi, bir sözlə, Qarabağdı. Əli çatmır, ünü yetmir, gümanı bircə ona çatır ki, dərdini “ dəvə”yə yükləyib yol getsin...

  

   Onu xəyaldan ayırıram:

   - Neçə yaşından zurna ifa etməyə başlamısan?

   - 15 yaşından bu alətdə ifa edirəm. O vaxtdan gör neçə illər keçir...

   Kövrəlir, bükülmüş barmaqları titrəyir. İmkan vermirəm ki, araya çökən sükut ləpələnsin...

   - Ustadınız kim olub?

   - Bizim tərəflərdə Aşıq Səməd adlı mahir bir zurnaçı vardı, Allah ona rəhmət eləsin, mənim ustadım o olub. Böyük sənətkar idi.

   - O vaxtlar zurnanı nədən düzəldirdilər?

   - Keçmişdə zurnanı öküz buynuzundan düzəldərmişlər. Biz onu görməmişik. Amma bizim vaxtımızda balabanı da, zurnanı da ərik ağacından hazırlayırlar.

   - Çaldığınız zurnanın yəqin ki, xeyli yaşı olar?

   - Ermənilərin tifağı dağılsın. Gecənin bir vaxtı hay düşdü ki, ermənilər yolu bağlayırlar. Bu süfrə haqqı, evimdən əyin paltarımı da götürə bilmədim. Çalğı alətlərim, Aşıq Səməddən mənə yadigar qalan gümüş ətəkli zurnam da orda qaldı. Gördüyünüz bu zurnanı isə 13 il olar almışam...

   - Eşitdiyimizə görə, toyların birində zurnanı elə çalmısız ki, zurna ikiyə bölünüb. Bəlkə bu barədə özünüz danışasınız?

   - Neçə illər bundan əvvəl soyuq bir qış günündə qonşu Mayıs kəndində Abdüləli müəllimin toyuna getmişdim. Toyda çaldığım yerdə zurna əlimdə ikiyə bölündü. O gün şaxtalı hava idi, görünür soyuğun təsirindən parçalanmışdı. Bir nəfər zurnanı bərpa etdi, toyu necə lazımdırsa o cür yola verdim.

   - İndiyə kimi nə qədər zurnanız olub?

   - Bəlkə 20-30 cüt olub. Ancaq ən qiymətlisi ustadımdan mənə yadigar qalanı idi. 

 

   Başımın tükü sanı toy yola vermişəm

  

   - Təxminən nə qədər toy yola salmısınız?

   - Vallah, başımın tükü sanından çox olar... Eh, nə məclislər yola salmışıq, nə yaxşı günlər keçirmişik!...

   - Hansı toy bu günə kimi xatirinizdədir?

   - Qarabağ məsələsi təzə başlayanda Cağazür kəndindən Allahverdi müəllim gəlib məni oğlunun toyuna apardı. Toya iki min adam çağırılmışdı. Üç gün, üç gecə durmadan toy çaldıq. O toy heç yadımdan çıxmır.

   - Əvvəllər yeddi gün, yeddi gecə toy çaldırardılar. Belə bir toy çalmısınız?

   - Olub, o vaxtlar mağar qurmazdılar, toyları “qara damda keçirərdilər. Çalardılar, oxuyardılar, o toyların özgə ləzzəti olardı...

   - Bəs niyə yeddi günlük toylar sonradan üç günə, sonra iki günə, daha sonra bir günə endi? İndi isə toy bir neçə saat çəkir?

   - Hər saatın bir hökmü var. Zəmanə dəyişib, indi başqa əyyamdır...

   - Siz çaldığınız toyların təməli möhkəm olurdu?

   - Mənim çalğım Allah tərəfindən idi. Vaxtı ilə toyunu elədiyim adamların sonradan oğullarının, nəvələrinin toyunu yola vermişəm. boşanan olub, ayrılan...

  

   Aşıq İsgəndər deyir ki, keçmişdə yeddi gün, yeddi gecə toy çalıb yuva qurardılar, indi toy çaldırıb pul yığırlar. Toyun hay-küyü, pulun istisi qurtaranda divarlar da uçur...

  

   - Adətən toyları hansı hava ilə açıb, hansı hava ilə bağlayırdınız?

   - ToylarıQoçəli”, “Vağzalıilə açar, “Heyvagülü”, “Tərəkəmə”, “Gəlin havası”ı, hansı tuş gəlsə, onunla da bağlayardıq.  

 

    Mərcdə kim uddu?

  

   - Zurnanızın havasına oynayanlar az olmayıb...

   - , belə şeylər çox olub. Soyuqbulaq kəndində toyda idik, bir nəfər dedi ki, məni iki saat durmadan oynatdın, sənə 300 manat pul verəcəyəm, oynatmadın, 300 manatını alacağam. İki saat yarım ifa etdim, 300 manatı gətirib stolun üstünə qoydu. Onda yaxşı nəfəsim vardı...

   - Zurnada hər havanı çalmaq olur?

   - Olur. Səməd Vurğunun, Aşıq Alının, Aşıq Ələsgərin sözlərinə qoşulan aşıq havalarının hamısını çalırdım.

   - O tərəflərdə elə bir adam olub ki, bu sənətdə sizi üstələsin?

   - Qara zurnada heç kəs məni üstələyə bilməyib. Deyirlər, filankəs haqq aşığıdır, bu nəfəsi, bu ruhu mənə verən Allahdır. Camaatla yaxşı rəftar eləmişəm, sənətimi sevib, mənə hörmət ediblər.

  

   Üç dost

  

   Bir kənddə üç dost yaşayırdı: Aşıq İsgəndər, Aşıq Mirzəli, Aşıq Möhübbət. Toy başlamamış pıçhapıç düşərdi: “İsgəndərin dəstəsi gəlir”. Dünyanın yamanlıqlarını unudub çalardılar, elə çalardılar ki, dağ - daş lərzəyə gələrdi. Günlərin birində müharibə qarlı dağlardan başladı. Dağılan tək evlər, kəndlər, obalar olmadı, İsgəndərin dəstəsi dağıldı...

   - “Deyirəm, Allahın altında Vətənimdən çıxanda erməni gülləsinə tuş gələydim, sümüklərim o torpaqda qalaydı!”.

  

   Aşıq İsgəndər dərdin əlində aciz qalan insanlar kimi yığışıb yumağa dönur...

  

   Son arzu

  

   - vaxt kövrəlirsiniz?

   - “Dağlar”ı çalanda kövrəlirəm, “Vagzalı» isə ən yanıqlı havadı», - deyib zurnasını əldəqayırma taxta çamadandan çıxarır. “Dağlar”ı haraylayır. Dağlardan ayrı düşən insanın nisgili, acısı, həsrəti dil açıb danışır. İsgəndərin zurnası qan ağlayır...

   - Laçına qayıtsaq, ilk çaldığınız hava hansı olacaq?

   - “Qaçaq Nəbi”ni çalardım...

  

   Aşıq İsgəndər o yerlərə qayıtmaq ümidi ilə yaşayaır. O gün uzaqdadırmı, yaxındadırmı, onu bir Allah bilir...

  

   - Həyatdan umacağınız nədir?

   - Allah səsimi eşitsin, məni Vətən torpağında öldürsün, bundan başqa arzum yoxdur.

  

   Papaqdan söz düşür. Ömrü boyu başına qazağı papaq qoyan Aşıq İsgəndər indi başında adi, nimdaş bir papaq gəzdirir. Adi, çox adi bir papaq...

   Hər halda o papaqsızlığı özünə sıgışdırmır. Papaqsız kişilər papaqlı kişiləri gərək papaqsız qoymayaydılar...

   ... Aşıq İsgəndər çalır, ” dəvə”nin harayı isə o dağlara çatmır ki, çatmır...

  

 

   Təranə Məmmədova

 

   Mədəniyyət.- 2010.- 9 iyul.- S. 7.