İşğal olunmuş torpaqlarımızın maddi mədəniyyəti haqqında dəyərli tədqiqat

 

   Müəyyən bir bölgənin etnoqrafik tədqiqi ümumən xalqın tarixinin, mədəniyyətinin və etnoqrafiyasının öyrənilməsində mühüm rol oynayır. Bu baxımdan tanınmış etnoqraf-alim, Əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmovanın «Elm» nəşriyyatında işıq üzü görən «XIX -XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin maddi mədəniyyəti və təsərrüfatı» adlı monoqrafiyası xüsusi maraq doğurur. Monoqrafiyanın elmi redaktorları akademik T.Bünyadov və tarix elmləri namizədi Q.Rəcəblidir.

  

   Müəllif respublikamızın Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi mədəniyyəti və təsərrüfat həyatı, digər bölgələrlə oxşar və fərqli cəhətlərini tədqiq edərək mütəxəssislərə və geniş oxucu kütləsinə çox maraqlı bir əsər təqdim edib. Nəzərə alsaq ki, sözügedən bölgə bu gün müvəqqəti də olsa, düşmən tapdağındadır, o zaman monoqrafiyanın xüsusi əhəmiyyət kəsb etdiyini görərik.

   Monoqrafiya üç fəsildən ibarətdir. Birinci fəsil «Bölgənin təbii-coğrafi şəraiti və öyrənilməsi haqqında. Tarixi icmal» adlanır. Adından göründüyü kimi, bu fəsildə bölgənin təbii-coğrafi şəraiti və tarixi, habelə mövzunun öyrənilməsi dərəcəsi araşdırılıb. Müəllif burada XIX əsrdə və XX əsrin əvvəllərində bölgədəki mövcud vəziyyət, habelə burada baş vermiş sosial-siyasi və tarixi hadisələr barədə məlumat verib.

   Məlumdur ki, XIX əsrin əvvəlində Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ xanlığı çar Rusiyası tərəfindən işğal olunub. Bu dövrdən sonra ölkənin çar Rusiyasının qayda-qanunları ilə idarə olunması əhalinin maddi mədəniyyətinə, təsərrüfatına da öz təsirini göstərib.

   Monoqrafiyanın «Maddi mədəniyyət» adlı fəslində bölgədə yaradılmış və istifadə olunmuş yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəklər, yemək və içkilər, xalq nəqliyyat vasitələri və yollar araşdırılır, onların inkişaf yolu izlənilir. Müəllif öz araşdırmalarının nəticəsi olaraq belə bir qənaətə gəlir ki, bölgənin maddi mədəniyyətinə aid xüsusiyyətlər başqa bölgələrdə də var. Bununla yanaşı, tədqiqatçı elə spesifik cəhətləri üzə çıxarıb ki, bunlara yalnız bu bölgədə rast gəlmək mümkündür. Müəllif bunu ərazinin coğrafi şəraiti və təsərrüfat həyatı, xüsusilə əhalinin XX əsrin əvvəllərinədək köçəri maldarlıqla (tərəkəmə) məşğul olması ilə əlaqələndirir.

   S.Məhərrəmovanın fikrincə, bölgənin maddi mədəniyyəti ilə bağlı bir sıra xüsusiyyətlər, yaşayış məskənləri və yaşayış evlərinin tikintisində öz əksini tapıb. Müəllif bölgə əhalisinin təsərrüfat həyatı, daha doğrusu, maldarlıqla məşğul olması ilə əlaqədar olaraq yaşayış məskənlərinin də daimi və müvəqqəti olmaqla iki qrupa bölündüyünü, burada qışlaq, yaylaq, oba, biçə, yurd kimi yaşayış məskənlərinin yaranmasını və bunların sonradan böyük kəndlərə çevrilməsinə zəmin yaratdığını xüsusi qeyd edir. Müəllif öz müşahidələri nəticəsində müəyyən edib ki, bölgənin topoqrafik quruluşundan asılı olaraq evlər həm dağınıq, həm koma-koma, həm də pərakəndə inşa edilib.

   Tədqiqatçının bölgənin geyim və bəzəkləri barədə araşdırmaları da xüsusi maraq doğurur. O göstərir ki, XIX əsrin sonu - XX əsrin əvvəlində mövcud şəraitə uyğun olaraq bölgə əhalisinin geyimində bir sıra dəyişikliklər baş verib, ənənəvi geyim nümunələri ilə yanaşı, fabrik istehsalı olan paltarlardan istifadə edilib, saç düzümündə də müəyyən yeniliklər əmələ gəlib. Bununla yanaşı, dövrün etik normalarına ciddi əməl olunub, bölgənin əksər kəndlərində və yaşayış məntəqələrində qız və gəlinlərin qısaqol, yaxası açıq paltar geyinməsi və yaşca böyüklərin qarşısına belə görünüşdə çıxması yolverilməz sayılıb. Müəllif bunu bölgədə milli xüsusiyyətlərin və ənənələrin ciddi şəkildə saxlanılmasının ifadəsi kimi xarakterizə edir.

   Monoqrafiyada bölgənin özünəməxsus yeməkləri və içkiləri, habelə nəqliyyat vasitələri barədə araşdırmalar da diqqəti cəlb edir.

   Monoqrafiyanın üçüncü fəslində bölgənin təsərrüfat sahələri tədqiq olunub. Müəllif burada maldarlıq, əkinçilik, ipəkçilik, çəltikçilik, bağçılıq, arıçılıq, ovçuluq və balıqçılığın inkişafını bölgənin təbii-coğrafi şəraiti ilə əlaqələndirib, eyni zamanda, maldarlığın inkişafının toxuculuq, xalçaçılıq, keçəçilik, dəriçilik kimi sənət növlərinin yaranmasına zəmin yaratdığını xüsusi qeyd edib.

   Tədqiqat işində Azərbaycanın digər bölgələrindən fərqli olaraq bu bölgədə əhalinin təsərrüfat həyatında maldarlığın aparıcı rol oynadığı göstərilib. Müəllif burada bəslənilən heyvan cinslərinin ətli olması, bol süd verməsi, keyfiyyətli yunu və sərt iqlimə uyğunlaşması ilə səciyyələndirib, bölgədə ayrı-ayrı şəxslərə məxsus at ilxılarının olduğunu, bu ilxılarda cins Qarabağ atları, habelə digər cinslər (Şahmar, Durnalar, Ağcadil və s.) yetişdirildiyini qeyd edib.

   Müəllif bölgənin tarixi etnoqrafik tədqiqi nəticəsində bu rayonların əhalisinin özünəməxsus cəhətlərinin olduğunu, eyni zamanda, bütün bunların ümumazərbaycan səciyyəsi daşıdığını müəyyənləşdirib.

   İnanırıq ki, bu gün müvəqqəti olaraq Azərbaycanın ayrı-ayrı guşələrində məskunlaşmış və burada da öz adət-ənənələrini, özünəməxsus milli xüsusiyyətlərini, müxtəlif mərasimlərin keçirilməsi qaydalarını qoruyub saxlayan soydaşlarımız yaxın zamanda öz maddi və mənəvi dəyərlərini doğma yurdlarında dirçəldəcək, daha da inkişaf etdirəcəklər.

  

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2010.- 14 iyul. - S. 13.