İmkanlarımız...
iddialarımız... işlərimiz...
Növbəti teatr
mövsümünün bağlanması ilə əlaqədar
düşüncələr
Respublikamızın bütün
teatrları növbəti mövsümü
yekunlaşdırıblar. Müəyyən səfər
və tədbirlər nəzərə alınmazsa, kollektivlər
yay tətilinə çıxıblar. Truppalar
bir də avqustun sonlarında məzuniyyətdən
qayıdacaqlar.
Bəlkə də belə bir vaxtda teatrlar,
onların durumlarının nəzərəçarpan
qüsurları barədə danışmaq yerinə
düşməz? Amma yanaşmamın məqsədini
çözələyəndə fikirləşirəm: deyəsən
düşər... Çünki elə məsələlər
var ki, onların islahına çox geciksək də, aradan
qaldırılması yollarını arayıb-axtarmağa elə
məhz bu isti yay aylarından başlamaq lazımdır.
Bəri başdan bir məsələyə
aydınlıq gətirim. Oxucular və
teatr xadimlərimiz yazımı oxuyandan sonra soruşa bilərlər
ki, nə üçün yalnız tənqiddən söz
açıram? Məgər
uğurlarımız olmayıb?
Əlbəttə olub. Olub
və istər fərdi, istər kollektiv uğurlar barədə
kifayət qədər danışılıb, deyilib,
yazılıb və göstərilib. Nailiyyətlərə
mən də sevinirəm və məhz bunların daha
çox, daha əzəmətli, daha möhtəşəm
olmaları üçün yalnız tənqidi fikirlərimi və
iradlarımı bildirməyə üstünlük verirəm.
Eyni zamanda, Mədəniyyət və Turizm
Nazirliyinin bu istiqamətdə atdığı cəsarətli
addımları dəstəkləyirəm və nazirliyin teatrla
bağı həyata keçirməyi
planlaşdırdığı səmərəli tədbirlərindən
az-çox xəbərdar olduğum üçün
uğurlara inamım böyükdür.
* * *
Əvvəlcə bəzi faktları
oxucularla birlikdə xatırlayaq.
Akademik Milli Dram Teatrı növbəti
mövsümü ilk dəfə tamamilə yenidən
qurulmuş, çox çağdaş texniki və texnoloji təchizatlı
binada açacaq. (Xatırladıram: bina
1960-cı ildə istifadəyə verilib və bir dəfə
də əsaslı təmir edilməyib).
Dövlət Gənclər Teatrının və Bakı
Kamera Teatrının kollektivi ötən il
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının yaradıcı heyətinə birləşdirilib.
Teatr 2009 - 2010-cu il teatr
mövsümünü əsaslı təmirdən yenicə
çıxmış binada başladı.
Dövlət Kukla Teatrı ikinci ildir ki,
mövsümü işıq, istilik-soyutma sistemləri yeniləşmiş,
texniki imkanları tam təzə təchizatlı binasında
açır və bağlayır.
Rus Dram Teatrı növbəti yeni
mövsümü də təzə binada açacaq.
Ölkə prezidenti «Azərbaycan teatrı
2009 - 2019-cu illərdə» Dövlət Proqramı»nın təsdiq
edilməsi haqqında» sərəncam imzalayıb.
Hər il olduğu kimi, bu il də may
ayında respublika prezidentinin sərəncamı ilə bir qrup
teatr işçisi prezident təqaüdünə və
prezident mükafatına layiq görülüblər...
Bunlar son dərəcə fərəh və
qürur doğuran faktlardır. Deməli,
teatr sənətimizin tərəqqisinin və təkamülünün
fəaliyyət perspektivləri açıq və genişdir,
yaradıcılıq zəmini münbitdir. Lakin bu o demək deyil ki, teatr işçilərinin
maaşlarını artırmağa ehtiyac yoxdur. Var və bu, mütləqdir. Yaxud
teatrların yaradıcı heyətlərinin tərkibində,
fəaliyyət prinsiplərində islahatların bitdiyini
söyləmək düzgün deyil. Həqiqət
odur ki, bu istiqamətdə fundamental islahatlar və yeniləşmə
prosesi gedir.
Mən də teatr sahəsinə maraq
göstərən bir qələm sahibi kimi dövlətin
milli səhnə sənətinə diqqət və
qayğısından məmnunluq duyuram. Ancaq eyni zamanda bu
ilin sentyabr-oktyabr aylarında başlanacaq 2010 - 2011-ci il teatr mövsümü qarşısında
müəyyən rahatsızlıqlar keçirirəm. Təbii ki, rahatsızlığım və
nigarançılığım sırf fərdi və
subyektiv düşüncələrimdən doğur. Lakin ümid edirəm və inanmaq istəyirəm ki,
söyləyəcəklərim müəyyən məsələlərə
daha prinsipial və daha yaradıcı münasibətlərlə
yanaşmaq üçün təkan verə bilər.
* * *
Bir qisim sənətkarlarımızın
adları builki prezident mükafatı siyahısında
olmadı. Narazılıqlar... etirazlar...
küskünlük... açıq müstəviyə
keçdi. Kimlərinsə
giley-güzarını mətbuatdan da oxuduq. Onların arasında xalq artistləri də var, əməkdar
artistlər də. Nəyəsə etiraz
etmək, nə ilə isə barışmamaq, hansısa
haqqını qorumaq hər yaradıcı fərdin öz
şəxsi işidir.
Məni başqa məsələ
düşündürür.
Nə üçün bu səhnə
işçiləri unudurlar ki, prezidentin mükafatı fəxri
adlara görə deyil, ilin sənət uğurlarına görə
verilir? Halbuki həmin aktyor və
aktrisaların böyük əksəriyyəti son
üç-dörd teatr mövsümündə prezident
mükafatını hər ay alıb bir dəfə də təzə
rolda səhnədə görünməyəndə heç səsləri
də çıxmırdı. Xatırladıram
ki, prezident mükafatları vaxtilə görülmüş
işlərə görə deyil, son ilin yaradıcılıq
uğurlarına görə verilir. Çox-çox
təəssüflər olsun ki, həm teatr rəhbərləri,
həm də aktyor və aktrisalarımız bu tələb və
meyarı unudurlar. Unudurlar ki, lap elə son beş
ildə hər mövsümdə mükafat alan heç bir
aktyorun hadisəyə çevrilən və sorağı məmləkətimizin
hüdudlarını adlayan sənət nailiyyəti
olmayıb. Təbii ki, bunun da bir çox səbəbləri
var və çalışacam ki, onlardan bəzilərinə
çıraq tutum. Amma ilkin qənaətim və
tövsiyəm odur ki, bir qisim aktyorlar dövlətdən
«aldıqlarının» əvəzində sənətə
«verdiklərini» də haqq-hesaba vursunlar, mizan-tərəziyə
qoysunlar... Onda obyektiv həqiqət daha
qabarıq və daha aydın görünər.
Bəri başdan onu qətiyyətlə etiraf edirəm
ki, Azərbaycanın teatr məkanında kifayət qədər
istedadlı aktyor və rejissor var. Lakin kollektiv
yaradıcılıq növü olan (dramaturq, rejissor, aktyor, rəssam,
bəstəkar...) teatrlarımızda eyni amalla, eyni
coşqunluqla, ehtiraslı yaratmaq eşqi ilə işləmək
vərdişi öləziyib. Bəzi kollektivlərdə
isə bu vacib şərt tamamilə itib. Hətta
vəziyyət o yerə çatıb ki, məşqlərdə
hər aktyor özünün səhnələrini başa
vurandan sonra salonda oturub hadisələri izləmək əvəzinə
məşqi tərk edir. Buna görə də
əksəriyyətinin bütöv, tam tamaşa barədə
məlumatları olmur. Bəla burasındadır ki, əksər
teatrlarımızda onlara irad tutub elementar sənət
qanunlarına riayət etməyə çağıran iş
prinsipi mövcud deyil.
Dediyim estetik yaradıcılıq şərtinin
öləziməsinin və itməsinin səbəbləri
çoxdur. Ancaq mənim fikrimcə, bunun əsas
səbəbi kollektivi arxasınca apara biləcək baş
rejissorların son dərəcə azlığıdır.
Bu gün öz estetikası olan baş rejissor
deyəndə Dövlət Pantomima Teatrının baş
rejissoru Bəxtiyar Xanızadə və «Yuğ» Dövlət
Teatrının bədii rəhbəiri Vaqif İbrahimoğlu
yada düşür. Digər teatrlarda,
dostlarım məndən inciməsinlər, baş rejissor (və
ya bədii rəhbər) adını şərəflə,
yaradıcılıq uğurları ilə daşıyan
baş rejissorlarımız yox dərəcəsindədir.
Daha doğrusu, istedadlı rejissorlarımız
var, amma onların baş rejissor kürsüsündəki
yaradıcılıqları və gördükləri işlərin
nəticəsi daha çox ümidsizlik və
rahatsızlıq doğurur. Halbuki Azərbaycan
teatrında özlərinin poetika göstəriciləri,
estetik sənət prinsipləri formalaşmış Ədil
İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov,
İsmayıl Hidayətzadə, Soltan Dadaşov, Məhərrəm
Haşımov, Zəfər Nemətov, Şəmsi Bədəlbəyli,
İbrahim Həmzəyev, Vəli Babayev, Hüseynağa
Atakişiyev (Şəki teatrındakı dövrü)... kimi
baş rejissorlarımız olublar.
Təəccüb doğurur ki, Azər
Paşa Nemət kimi ölkəmizdən kənarda da
tanınan bir rejissor bu gün hansısa sənət kollektivinə
rəhbərlik etmir. Hətta heç bir məntiqə
sığmır ki, Akademik Milli Dram Teatrında bu
zövqlü rejissorun son işi səkkiz ilə əvvəl
olub («Hamlet», Vilyam Şekspir).
Niyə?..
Nə üçün?..
Mən bu suallara aydın və ifadəli
cavab tapa bilmirəm. Amma əvəzində
başqa bir həqiqətin qənaətindəyəm.
Fikrimcə, teatrlarda baş rejissorların yerində
olmamaları ucbatından «pulla rol almaq», «hədiyyə ilə əsər
hazırlamaq», «bəxşişin dərəcəsinə
görə baş rola yiyələnmək» və bu kim ifadələr
teatr ictimaiyyətində ağızdan-ağıza dolanır.
Məsələ kiminsə bu faktla bağlı
istintaq təhqiqatı aparmasında, kimlərisə cəzalandırmasında
deyil. Məsələnin göynərtili tərəfi
odur ki, bu acı reallığa meydan açılıb. Belə meydan mütləq
tamaşaçıları teatrdan soyudur, onların hansısa
sənətkara rəğbət və ehtiramına, pərəstiş
və sevgisinə kölgə salır.
Son illər Azərbaycan teatrlarında
nizam-intizamdan da çox danışılır. Mənim qənaətim odur ki, teatrlarımızda sənət
etikası və yaradıcılıq nizam-intizamı çox
zəifləyib.
Sübut?
Mən elə buradaca kifayət qədər
aktyor adı çəkə bilərəm ki, son üç,
dörd... hətta on ildə bir dənə də təzə
rol oynamayıb.
Mən kifayət qədər aktyor adı
çəkə bilərəm ki, işlədiyi teatrın
qapısını yalnız maaşdan maaşa açır.
Ona görə də həm repertuardan, həm də
kollektivin daxilindəki proseslərdən xəbərdar deyil.
Mən kifayət qədər aktyor adı
çəkə bilərəm ki, heç
truppalarındakı aktyorların adlarını tam bilmirlər.
Mən son beş ildə görməmişəm,
şahidi olmamışam ki, hansısa teatrın yeni
tamaşasında, yəni premyerasında, başqa sözlə,
sənət bayramında kollektivin tamaşada məşğul
olmayan üzlərinin hamısı iştirak etsin. Sual edirəm:
məgər teatr üçün premyeranın təqdimindən
də müqəddəs gün varmı?
Bu məqamlarda daha çox iradım mənə
son dərəcə doğma kollektiv olan Akademik Milli Dram
Teatrınadır. Soruşa bilərsiniz ki,
niyə? Çünki birmənalı
şəkildə bu sənət ocağı milli
teatrımızın flaqmanıdır. Deməli,
hamıya örnək olmalı, əyani nümunələr
göstərməlidir. Hamı dərk etməlidir
ki, kollektivin rəhbərliyi ilə «isti» münasibət
heç bir aktrisaya böyük yaradıcılıq ənənəsi
olan kollektivdə meydan sulamağa haqq vermir. Müdirlə bir qismət çörək kəsibən
də hikkəylə, çığır-bağırla,
açıq və ya gizlin riyakarlıqlarla gənclərin və
ya digər həmkarlarının axtarışlarının
qarşısını «kəsmək» səlahiyyəti
heç kimə verilməyib.
Sənət ciddiliyi, sənətkarların
qarşılıqlı ehtiram prinsipləri o dərəcədə
pozulub ki, bəzi yaşlı aktyorlar «sənət mənimlə
bitdi» deyirlər, teatrın sabahını «görmədiklərini»
söyləyirlər. Təəssüflər
olsun ki, televiziya əməkdaşları belə müsahibələri
redaktə etmədən efirə verməklə kollektiv daxilində
intriqaya zəmin yaradırlar.
Yaxud bəzi gənclər səhnəyə
çıxmaqla səhnədə yaratmağı
qarışıq salırlar. Unudurlar ki, lap əlli il də səhnəyə çıxmaq, amma
yaradıcılıq uğuru qazanmamaq olar. Yaxud
da elə iki-üç rolla istedadı sübuta yetirmək
mümkündür. Məsələ
ondadır ki, sənət meyarları kobudcasına
pozulmasın, sənətkarlıq şərtləri
hoqqabazlıqla tay-dəyişik salınmasın, qiymətvermə
ölçüləri urvatdan düşməsin.
Belə xoşagəlməz hallardan
çox misal çəkə bilərəm. Məsələ burasındadır ki, son vaxtlar Milli
Dram Teatrının inzibati rəhbərliyində dəyişikliklər
olub. Bəzi sərt, ancaq çox vacib
islahatlar da aparılacaq. Mən də
sevinirəm, mən də ümidliyəm, mən də sabaha
inamla baxıram. Xatırladıram: vaxtilə bu teatrda Ədil
İsgəndərovun bədii rəhbər kimi dəmir
intizamı (1938 - 1960), Tofiq Kazımovun baş rejissor kimi (1964
- 1980) son dərcə çağdaş və çevik,
dinamik və coşqun yaradıcılıq
axtarışları olub. Onların hər ikisi qabaqcıl
sovet teatrlarıının yaradıcılıq iqlimləri ilə
uzlaşa bilən teatr prosesinə nail olmuşdular. İstərdim
ki, təzə mövsümdə bu iki nəhəngin iki vacib
rəhbərlik cəhətini (ciddi nizam-intizamını və
qanadlı, coşqun axtarışlar ehtirasını) bir
yaradıcılıq məramında görüm...
Açığı, buna ümidliyəm...
Ümid edirəm ki, Akademik Milli Dram
Teatrı, nəhayət, vahid yaradıcılıq üslubu
istiqamətində əsaslı və qətiyyətli
axtarışlara başlayacaq. Rejissorlar illərlə
işsiz qalmayacaqlar. Ayrı-ayrı
rejissorların fərdi sənət konsepsiyaları ilk növbədə
teatrın vahid və aparıcı üslubunun fəlsəfi-estetik
əsaslarına söykənəcək. Bununla
da müxtəlif tamaşalardakı çox müxtəlif
«üslub» qarışıqlığına son qoyulacaq. Yeri gəlmişkən, zənnimcə, Milli Dram
Teatrında ştatda olan quruluşçu rejissorların say tərkibinə
də yeni prinsiplərlə yanaşılmalıdır.
Son illərdə teatrlarımızda səhnədə
səs yarışına çıxmaq dəb halını
alıb. Yüksək diapazonlu, qəltənlı,
şaqraq səs, lirik-dramatik, lirik-poetik səhnə
danışığı, sözlərə xarakterik və
koloritli çalarla «don biçmək», təbii ki, teatrın
yaraşığıdır. Bu istiqamətdə mən
səslərini səhnədə çox məharətlə
tənzimləyən Abbasmirzə Şərifzadənin, Sidqi
Ruhullanın, Ələsgər Ələkbərovun,
Ağadadaş Qurbanovun, Yusif Vəliyevin, Ağasadıq Gəraybəylinin,
Əliağa Ağayevin, Məlik Dadaşovun, Həsən
Turabovun, Səməndər Rzayevin, Mərziyə
Davudovanın, Barat Şəkinskayanın, Hökümə
Qurbanovanın, Nəcibə Məlikovanın, Firəngiz Şərifovanın...
adlarını çəkə bilərəm. Lakin
təəssüflər olsun ki, aktyorlarımız teatrın
bufetində, qeybət məqamlarında vərdiş etdikləri
danışıq ahəngini daha kobud şəkildə səhnəyə
gətiriblər.
Aktyorun hansısa tamaşada səs tellərinin,
boğaz damarlarının partlamaq həddinə gəlib
çıxması yaradıcılıq uğuru deyil. İstedadın gücsüzlüyüdür.
Elə buradaca demək istəyirəm ki, həm istedadsız
peşəkarlar, həm də peşəkarlığa yiyələnməyən
istedadlar ali sənət üçün həmişə
təhlükəlidirlər.
Azərbaycan teatrlarında şərti olaraq son beş ildə oynanılan tərcümə əsərlərini,
xüsusən dünya klassiklərinin irsinə müraciəti
nəzərdən keçirsək, siyahı kifayət qədər
əlvan və sanballı görünər. Gəlin, baxaq
görək, həmin əsərlərin hansı birinin
tamaşası parlaq sənət hadisəsinə çevrilib?..
Susmaq və ya tərəddüd
keçirmək məcburiyyətində qalırıq. Bu sahədə də çox zərərli vərdiş
(ənənə də demək olar) yaranıb. Rejissorlarımız repertuar seçimində
kollektivin yaradıcılıq potensialına arxalanmaqdan,
uğur naminə axtarışlara başlamaqdan, hansısa
istedadın yeni yaradıcılıq keyfiyyətini üzə
çıxarmaqdan uzaqdırlar. Əslində
onlar daha çox özlərinin sənət
bioqrafiyalarının siyahı sırasına «işləyirlər».
Deməli, repertuarı deyil, bioqrafiyalarında
hazırladıqları tamaşaların siyahısını
«zənginləşdirirlər».
Görünür, belə zərərli
halların getdikcə geniş meydan almasının nəticəsidir
ki, bəzi teatrlarımızın repertuarında janrı,
üslubu, fikri, estetikası... məlum olmayan «həftəbecər
şoular» meydan sulayır.
Görünür,
yüksək sənət meyarlarının itməsinin nəticəsidir
ki, zəif əsərlərin repertuardan düşməyə
taqəti qalmayıb.
Görünür, Mədəniyyət və
Turizm Nazirliyi teatrlara orijinal pyes qəbulunun yeni və daha
obyektiv, daha faydalı, daha səmərəverici prinsiplərini
işləyib hazırlamalıdır.
Görünür, sənət
prinsipiallığının yoxa çıxmasının nəticəsidir
ki, tamaşa salonlarında onlarla boş kürsülərdə
əyləşmiş nəzarətçilər işsizlikdən
mürgü vururlar. Dahi Jül Renarın ifadəsini
xatırlayıram: aktyor səhnədə pəncəsi üstə
gəzirdi ki, bəlkə salondakı alqış səsini
eşidə bildi...
Görünür, müəlliflərə
qarşı teatrların tələbkarlığının
lazımi həddə olmamasıdır ki, hətta
yaradıcılıq qabiliyyətlərinə, istedadlarına
güvəndyimiz müəlliflərin də bəzən
«çiy» əsərləri teatr qazanına düşür.
Çağdaş müəllifə ehtiram və
qayğı, mənəvi dayaq və yardım mütləqdir.
Çünki bu, teatr sənətinin vacib etik tələblərindəndir.
Teatr bir də ona görə müasirdir ki,
istedadlı çağdaş dramaturqları öz ətrafında
cəmləyə bilir. Ancaq heç bir halda ehtiram
«ehtiyatla», qayğı «məddahlıqla», dramaturqa mənəvi
dayaq «özünə dayaq axtarmaqla», yaradıcı yardım
«yaltaqlıqla» əvəzlənməməlidir.
Görünür, bir neçə ildir müəyyən
xidmətləri olmuş aktyorların yalnız fəxri
adlarının «kölgələrində» gün keçirmək
«xəstəliyinə» tutulmaqlarının nəticəsidir
ki, artıq ləhcə xəstəliyi səhnələrdə
meydan sulayır. Azərbaycanın bədii dil
qanunlarına uyğun olan, səhnə
danışığının elmi əsaslarından şirələnən
təravət, ləzzət, həzz... itir.
Bu yaxınlarda Gənc
Tamaşaçılar Teatrının binasında Akademik Milli
Dram Teatrının hələlik son işi olan «Oğru cənnətdə
və yaxud Vinçenso de Pretore» (Eduardo de Filippo)
tamaşasına baxırdım. Sağımda-solumda
peşəkar teatr xadimləri əyləşmişdilər.
Səhnədəki aktyorların böyük əksəriyyətinin
danışıqlarında tələffüz aydın deyildi.
Fikirləşdim ki, yəqin mənə elə
gəlir. Ya da vacib səhnə tələblərinin
ciddiliyi itib. Həmkarlarıma baxanda və
onların da acı dodaq büzmələrini görəndə
ikinci fikrimdə yanılmadığımı duydum.
Yuxarıda qeyd etdim ki, Dövlət Gənclər
Teatrının və Bakı Kamera Teatrının
truppaları Gənc Tamaşaçılar Teatrının
yaradıcı heyətilə birləşdirilib. Gənc Tamaşaçılar Teatrının də
rus bölməsi Rus Dram Teatrına verilib. Fikrimcə,
qətiyyətli və lazımlı addımdır. Ancaq teatrın repertuarına nəzər salsaq
görərik ki, kollektiv bu birləşmənin məram və
məqsədini, mahiyyətini və bədii qayəsini bir qədər
unudub. Kamera Teatrında
hazırlanmış və o kollektivin sənət
estetikasına cavab verən «Məkkəyə yol» (Cəlil Məmmədquluzadə),
«Otello» (Vilyam Şekspir), «Şeyx Sənan» (Hüseyn Cavid),
«Hekayəti xırs quldurbasan» (Mirzə Fətəli Axundzadə),
«Aydın» (Cəfər Cabbarlı) tamaşaları Gənc
Tamaşaçılar Teatrının repertuarına daxil
edilib. Halbuki indiki təqdimatda həmin səhnə
əsərləri Gənc Tamaşaçılar
Teatrının yaradıcılıq konsepsiyasına uyğun gəlmir.
Respublikamızda, o cümlədən
Bakıda, Gəncədə, Naxçıvanda, Salyanda, Qaxda
kukla teatrları fəaliyyət göstərir. Fakt özlüyündə mədəniyyət
göstəricisi kimi son dərəcə ürəkaçan
və fərəhlidir. Arzu edərdim ki, həmin
kollektivlərin repertuarlarındakı təkrarçılıq
imkan daxilində aradan qaldırılsın. Ayra-ayrı truppaların heyətlərinin peşəkarlığına
diqqət artırılsın, bəbəklərin
(kuklaların) hazırlanmasında zəriflik gücləndirilsin.
Respublikamızda iki sənət
ocağı «musiqili dram teatrı» adlanır. Bunun biri Naxçıvanda, digəri isə
Sumqayıtda fəaliyyət göstərir. Vaxtilə Naxçıvan teatrında Üzeyir bəy
Hacıbəyovun muğam operaları, operettaları, Səid
Rüstəmovun, Süleyman Ələsgərovun, Fikrət Əmirovun...
musiqili komediyaları oynanılıb. Sumqayıt
teatrında isə bir neçə əsərin zəif
tamaşasının adını çəkməklə
siyahını tamamlaya bilərəm. Faktdır
və sənət ciddiliyi də bunu tələb edir ki, bu
xarakterli teatrların mütləq öz orkestr kollektivi
olmalıdır. Yalnız bu zaman muğam
operalarının və musiqili komediyaların yüksək
peşəkarlıqla tamaşaçılara təqdim edilməsinə
nail olmaq mümkündür. Zənnimcə, Mədəniyyət
və Turizm Nazirliyi özünün vaxtaşırı
apardığı səmərəli struktur islahatlarında bu
məsələnin də obyektiv həllini tapacaq.
* * *
...Teatrlarda pərdələr bağlıdır.
Ancaq Mədəniyyət və Turizm
Nazirliyində və bir sıra teatrların rəhbər
işçiləri arasında növbəti
mövsümün uğurlu başlanğıcı
üçün tədbirlər görülür.
Teatrda pərdələr bağlıdır...
Lakin arzumuz budur ki, onlar açılanda
tamaşaçılara sənətin ecazkar aləmini, səhnənin
füsunkar sehrini, teatrın ülviyyət cazibəsini bəxş
edəydi...
Mədəniyyət.- 2010.- 14 iyul.- S. 6-7.