Ağrılı taleyi olan korifey
sənətkar
Hüseyn Seyidzadə -
100
(Əvvəli ötən
sayımızda)
Rejissorun sonuncu filmi
“Dəli Kür”dən 9 il sonra, yəni
1978-ci ildə H.Seyidzadə sonuncu filmini - ailə-məişət
mövzusunda “Qayınana” kinokomediyasını çəkdi.
Şirin yumor, canlı komik səhnələr və hadisələrin
dinamikliyi “Qayınana” nı baxımlı etmişdi. Film
Aşqabad şəhərində keçirilən XII
Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş,
baş rolun ifaçısı N.Zeynalova və bəstəkar
T.Quliyev mükafata layiq görülmüşdülər.
H.Seyidzadə tədricən onu
haldan salan ürək ağrılarına baxmayaraq,
yaşayıb-yaratmaq eşqi ilə hər gün kinostudiyaya gəlib
gedərdi, işləməkdən yorulmazdı. Bununla belə,
xoşagəlməz hadisələr, ünvanına deyilən
haqsız iradlar H.Seyidzadəni hər addımda izləyir,
işinə mane olurdu.
Günlərin birində
kinostudiyada iclas vaxtı hansısa qəliz bir məsələni
həll edərkən baş verən kəskin münaqişə
zamanı, ona deyilən haqsız iradlara ürəyi dözməyib
səhhəti birdən-birə pisləşdi və 1979-cu il
iyunun 2-də xəstəxanada gözlərini əbədi
yumdu.
Bundan əvvəl isə Hüseyn
müəllim neçə-neçə xoşagəlməz
sürprizlə qarşılaşmalı olmuşdu.
“Çörəyi ver
çörəkçiyə...”
Kinorejissor Hüseyn Seyidzadə hər
dəfə redaksiyanın kandarında görünəndə
birinci sözü bu olurdu ki, “Çörəyi ver
çörəkçiyə, birini də üstəlik”. O,
bunu deyib salamlaşar, iş otağına keçərdi. Əməkdaşlardan
biri tez Hüseyn müəllimə bir stəkan pürrəngi
çay süzərdi, sonra da yer-yerdən suallar verib onu
söhbətə tutardıq. O da olub keçənlərdən,
Bakı İşçi Teatrının aktyoru olduğu
vaxtlardan, “Azərbaycanfilm” kinostudiyasına necə gəlib
çıxmasından, Moskvada Ümumittifaq Kinematoqrafiya
İnstitutunda təhsil almasından danışardı.
Hüseyn müəllimin
yaradıcılıq imkanları böyük idi. Amma rejissor
kimi 43 il ərzində cəmi beş bədii film -“O
olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film”),
“Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli
Kür”, “Qayınana”, bir qısametrajlı bədii film
-“Sovqat” (rejissor H.Bədəlovla birgə), iki sənədli
film - “Əbədi Odlar diyarı” və “Doğma
xalqımıza” (rejissor Y.Fridlə birgə) kino lentlərini
çəkib. Belə bir sənətkar üçün səkkiz
film nə idi ki?! Lakin onu tanıyanlar yaxşı bilirdilər
ki, bunun günahı Hüseyn müəllimdə deyildi.
Kino onun üçün hər
şey idi. 1968-ci ildə M.Maklyarski və K.Rapoportun
yazdıqları ssenari əsasında “Qatır Məmməd”
filmi üzərində işə başlamışdı. Hətta
filmin yarısından çoxunu lentə almışdı.
Sonra kinodramaturqların tələbi ilə filmin çəkilişi
dayandırıldı. Film ondan alınıb tamamilə yenidən
çəkilmək üçün başqa rejissora verildi. Səbəb
də o idi ki, rejissor çəkiliş vaxtı ssenaridən
xeyli kənara çıxmışdı, filmi öz bildiyi
kimi lentə alırdı.
Bu xoşagəlməz əhvalat
H.Seyidzadəyə çox pis təsir etdi. Artıq ürəyi
də sözünə baxmırdı. Bir dəfə onunla
görüşəndə dedi:
- Kinoya gəldiyim gündən
başım qalmaqaldadır. Budur, Maklyarski, Rapoport hara, Qatır Məmməd hara?! Ssenarini oxuyanda görürdüm
ki, burada hər şey var, gəncəbasarlı qisasçıdan başqa.
Mən belə ssenarini çəkə bilməzdim.
Bunu onların özlərinə
də demişdim.
Əvvəlcə mənimlə razılaşmışdılar.
Sonra birdən-birə hər şey alt-üst oldu. Eybi yoxdur, vaxt gələr, kimin haqlı, kimin haqsız olduğunu zaman özü ayırd edər.
Düz on il keçdi. Hüseyn müəllim M.Şamxalovun
məşhur “Qayınana”
pyesi əsasında eyniadlı şən, ekssentrik, musiqili kinokomediya çəkdi.
Azərbaycan Dövlət Kinematoqrafiya
Komitəsinin beşinci
mərtəbəsindəki kino zalında filmə baxış keçiriləndə oturmağa
yer yox idi.
O qədər adam gəlmişdi ki! H.Seyidzadəni tanımaq olmurdu.
Çox
şən idi, üzü gülürdü.
Bəli, başı işə qarışanda, film çəkəndə
Hüseyn müəllimin
kefi kök olurdu, deyib - gülür, zarafat da edirdi. Bekar qalanda, ona təzyiq
göstəriləndə tamam
dəyişir, qaraqabaq
olurdu, bikef gəzir, həmişə
də qayğılı
görünərdi. Onu belə
görəndə heç
inanmazdın ki, məşhur “O olmasın,
bu olsun” kinokomediyasını məhz
o, ekranlaşdırıb.
Filmə baxdıqdan sonra
salondakılar yaradıcı
qrupun üzvlərinə
yaxınlaşıb, onları
təbrik edirdilər.
Mən də Hüseyn müəllimi təbrik etdim və astaca qulağına pıçıldadım:
- Hüseyn müəllim,
atalar bu yerdə bilirsiz nə deyib?
Astadan cavab verdi:
- Nə deyib?
- Atalar deyib ki, çörəyi ver çörəkçiyə,
birini də üstəlik.
O, heç bir söz deməyib gülümsədi.
* * *
Ümumiyyətlə, kinorejissor H.Seyidzadənin
qəribə taleyi olub.
“O olmasın, bu olsun” filmi ekranlara
buraxılandan sonra başı bərk ağrısa da, çəkməyə hazırlaşdığı
“Dərviş Parisi partladır” kinokomediyası,
artıq xeyli hissəsini çəkdiyi
“Qatır Məmməd”
bədii filmi əlindən alındı,
“Var olun, qızlar!” filminin ədəbi ssenarisi ilə bağlı yenə də başağrıları oldu.
“Dəli Kür”
filminin finalının
məcburən dəyişdirilməsi
ona mənəvi zərbə vurdu.
Bir gün ona “Dəli Kür”lə bağlı bir sual verdim:
- Niyə görə
“Dəli Kür”ün
finalını dəyişdiniz?
Birinci variantda həmin səhnəni kitabda olduğu kimi çəkmişdiniz. Kazakların gəlib
Cahandar ağanın torpaqlarına zorla soxulmaları, bu torpaqlara yiyə durmaq istəmələri,
Cahandar ağanın onlarla mərdi-mərdanə
vuruşması necə
də təbii və inandırıcı
alınmışdı. Ancaq ikinci variantda nə gördük? Allahyar Cahandar ağadan arvadına görə intiqam alır. Ailə-məişət mövzusu tamaşaçını
filmdə qaldırılan
əsas məqsəddən
- tarixi həqiqətdən
yayındırır.
- Dərdimi təzələdin.
Bilirsən ki, film çəkilib qurtarandan sonra Moskvada Kino Komitəsinə təhvil verilir, - deyə izah etdi: - Biz filmi təhvil verərkən mənə
finalı dəyişdirməyi
məsləhət gördülər.
Üstüörtülü dedilər ki, əks təqdirdə film,
ümumiyyətlə, ekranlara
buraxılmayacaq...
Mən Hüseyn müəllimi
başa düşürdüm.
Bu, 60 yaşlı kamil bir sənətkarın
cəmi-cümlətanı 4-cü bədii filmi idi. Əgər onun ekranlara
buraxılmasını qadağan
etsəydilər, rejissorun
yaradıcılığında uzun bir fasilə
yaranacaqdı. “Dəli
Kür”dən doqquz il sonra
o, sonuncu filmini - “Qayınana”nı çəkəcəkdi.
“Təbriknamə”
sahibinə çatmadı
Hüseyn Seyidzadənin anadan
olmasının 60 illiyi
yaxınlaşırdı. Kinematoqrafçılar İttifaqı yubiley
münasibətilə dəvətnamə
çap edib qabaqcadan müxtəlif təşkilatlara göndərmişdi.
Bir gün səhər Respublika Kinoprokat İdarəsinin müdiri məni yanına çağırıb
dedi:
- Hüseyn Seyidzadənin yubiley gecəsi keçiriləcək.
Təbriknamə hazırlamaq lazımdır.
Biz də gecədə
iştirak etməliyik.
Təbrikin mətnini hazırladım.
Kinoprokatın zirzəmisindəki mətbəədə onu təbaşirli qalın kağızda zərlə
çap etdik. Ertəsi günü hazır mətni qırmızı
qovluğun arasına qoyub müdirə verdim.
Yubiley gecəsində Kinematoqrafçılar
İttifaqının kino
zalı adamla dolu idi. Həmkarları bir-bir kürsüyə
qalxıb yubilyar barəsində öz ürək sözlərini
dedilər. Başqa respublikalardan
göndərilmiş təbrik
teleqramları oxundu.
Müxtəlif idarələrdən gəlmiş nümayəndələr
də danışdılar.
Kinoprokatın müdiri isə
gəlib çıxmadı.
Ertəsi gün
işə gələn
kimi katibə xəbər dedi ki, müdir səni çağırır.
Getdim.
Vacib işi olduğu üçün yubiley gecəsinə gələ
bilmədiyini söylədi.
Onun səmimiyyətinə inanmırdım.
Çünki o, rəhbərliklə H.Seyidzadə arasında münasibətin sərin olduğunu bildiyi üçün gecəyə
gəlməyi vacib saymamışdı.
Sonra müdir stolun üstündəki “Təbriknamə”ni mənə uzadıb dedi:
- Al bunu, verərsən
Seyidzadəyə, bir söz tapıb deyərsən ona...
“Təbriknamə”ni
götürüb otaqdan
çıxdım. Bu xoşagəlməz əhvalatdan
sonra kinostudiyada bir neçə dəfə Hüseyn müəllimlə rastlaşdım.
Kinostudiyaya gedəndə
hər dəfə “Təbriknamə”ni özümlə aparsam da onu yubilyara
verməyə ürək
eləmədim, açığı,
utandım. Çünki
“Təbriknamə”yə baxanda
hər dəfə yadıma bir atalar sözü düşürdü: “Toydan
sonra nağara!”
“Qürbətdə
yaşaya bilmərəm”
Onunla daha bir görüşümü xatırlayıram.
«Qayınana”nı çəkəndən sonra
filmin reklamını hazırlayan rəssam Adil Rüstəmovla danışmaq üçün
redaksiyamıza gəlmişdi.
Rəssam “Dərviş
Parisi partlıadır”,
“Sevinc buxtası”, “Günlərin bir günü”, “De ki, sevirsən məni”, “Bayquş gələndə”
filmləri üçün
orijinal kinoplakatları
H.Seyidzadəyə göstərib,
poliqrafiya bazamızın
aşağı səviyyədə
olmasından gileyləndi.
Hüseyn müəllim
gülümsəyib cavab
verdi:
- Bəli, bu da bir problemdir.
Xaricdə filmin reklamına
özü ağırlığında
pul xərcləyir və bunun müqabilində
onqat qazanc götürürlər. Biz
isə solğun plakatlarla keçinirik.
Halbuki ən yaxşı filmlərin də reklama ehtiyacı var. Hindistan kinematoqrafçıları
Bakıda olarkən onlara bir neçə
Azərbaycan filmini göstərdik. Məşhur
rejissor və aktyor Raç Kapur mənim filmlərimə baxandan sonra həmkarlarımın
yanında dedi ki, gəl, gedək
mənimlə Hindistana.
Orada filmlər çəkərsən,
səni milyonçu edərəm. Ona təşəkkür edib
bildirdim ki, qürbətdə yaşaya
bilmərəm, bir sənətkar kimi xalqım üçün
hələ az
iş görmüşəm.
Leyla xanım Bədirbəyli bu söhbətin şahididir.
Böyük Əliağa
Vahidin pərəstişkarı
olan rəssam Adil Rüstəmov şairin məşhur qəzəlindən iki misra dedi:
Mən əsiri-eşqiyəm
öz xalqımın,
öz yurdumun,
Sevməyən öz xalqını,
öz yurdunu, divanədir.
Elədir əzizim,
elədir, - deyə Hüseyn müəllim dərindən köks ötürüb, sözünə
davam etdi. - Amma bir yazıçının
- heyif ki, adı yadımdan çıxıb - dediyi kimi, gərək insan vətənə məhəbbətini səs-küylə
deyil, öz əməyi ilə sübut etsin.
Bizim bu söhbətimizdən
xeyli vaxt ötüb. Hüseyn müəllim
dünyasını çoxdan
dəyişib. Ancaq
naməlum yazıçının
müdrik kəlamının
doğruluğunu öz
yaradıcılığı ilə sübut edib: “O olmasın, bu olsun”, “Qayınana”
kinokomediyaları ilə,
“Yenilməz batalyon”, “Dəli Kür” bədii filmləri ilə...
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.- 2010.-
14 iyul.- S. 10.