Bakıda “Samp” Qitələrarası Muzeylər Şəbəkəsinin seminarı keçirilib

 

   Dünyanın müxtəlif ölkələrindən gəlmiş muzey işi üzrə mütəxəssislər azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

  

   İyulun 9-11-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Samp” Qitələrarası Muzeylər Şəbəkəsinin təşkilatçılığı ilə seminar keçirilib.

   Ölkəmizdə ilk dəfə keçirilən və “Samp”ın icraçı direktoru xanım Elizabet Olofssonun apardığı seminarda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Stokholm Kral Texnologiya Universitetinin, Filippin, Tanzaniya, Kolumbiya, Hindistan muzeylərinin əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   

 

    Seminarın ilk günündə “Samp”ın icraçı direktoru xanım Elizabet Olofsson, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova və başqaları çıxış edərək ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə seminarların böyük əhəmiyyətindən danışıblar.

   Seminar çərçivəsində qonaqlar Azərbaycan Turizm İnstitutunun tələbə və müəllimləri ilə görüş keçiriblər. Görüşdə institutun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, “Samp”ın icraçı direktoru xanım Elizabet Olofsson və digər çıxış edənlər hər bir xalqın mədəniyyətinin inkişafında muzeylərin müstəsna rolunu vurğulayıblar. Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

   Seminar iştirakçıları “Hatt qrup” İnkişaf Agentliyində olublar. Burada işgüzar söhbət aparılıb. İnternet əsrində mədəni nailiyyətlərin daha geniş mübadiləsi yolları müzakirə edilib.

   Seminar çərçivəsində Azərbaycanda ilk dəfə muzey işinə dair beynəlmiləl nəşr - “Daha yaxşı işləməyin yolları, işçiləri təşviq etmənin əhəmiyyəti” kitabının təqdimatı da keçirilib. Kitab “Samp” Qitələrarası Muzeylər Şəbəkəsinin layihəsi çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İsveç, Kosta-Rika və Botsvana muzeylərinin birgə əməkdaşlığı nəticəsində dörd dildə - Azərbaycan, ingilis, ispan və isveç dillərində nəşr olunub. Kitab ictimaiyyətlə muzeylərin əlaqələrinin möhkəmləndirilməsi üçün maarifləndirmə rolunu oynayacaq.

   Seminarın sonuncu günü, iyulun 11-də Niyazinin ev-muzeyində seminar iştirakçılarının musiqi məktəblərinin şagirdləri ilə görüşü olub. Qonaqlar məktəblilərin ifasında Azərbaycan və Qərb musiqisi nümunələrini maraqla dinləyiblər.

   Seminar başa çatdıqdan sonra xanım Elizabet Olofsson və tədbirin digər iştirakçıları Bakı haqqında təəssüratlarını bildiriblər.

   Elizabet Olofsson: “Mən Bakıda 5 il bundan əvvəl də olmuşam. Bu müddətdə Azərbaycanın paytaxtı müqayisəyəgəlməz dərəcədə dəyişib. Şəhəriniz çox gözəl, insanlarınız olduqca mehribandır”.

   Tanzaniya Dövlət Mədəniyyət İttifaqının şöbə rəisi Ensao Vivian Şaula: “Bakı çox böyük və müasir şəhərdir. İnsanlar qayğıkeş və nəzakətlidir. İnstitutlarda, mədəniyyət ocaqlarında qonaqlara göstərilən olduqca xoş münasibət bizi heyran etdi”.

 

 

   Mədəniyyət.- 2010.- 14 iyul.- S. 12.