Britaniya Milli Muzeyi

 

   Dünya muzeyləri

  

   Mədəniyyəti muzeylərsiz təsəvvür etmək çətindir. Muzeylərdə saxlanılan əlyazmalar, rəsm əsərləri, qədim sikkələr, heykəllər, poçt markaları, xalçalar, bir sözlə, mədəniyyət inciləri ziyarətçiləri heyran edir. Bu eksponatların çoxu şəxsi kolleksiyaçılardan alınıb. Dünya tarixində bir çox görkəmli insanlar kolleksiyaçı olublar. Onların arasında qədim yunan alimi Aristotel, romalı məşhur natiq Mark Siseron, Roma imperatorları Yuli Sezar, Mark Antoni və başqaları olub. Mark Siseron əlyazmalar və mədəniyyət abidələri kolleksiyası, Aristotel herbari kolleksiyası toplayıb. İndi həmin kolleksiyaların eksponatlarının bir çoxu dünyanın məşhur muzeylərində saxlanılır. «Dünya muzeyləri» rubrikasında ilk olaraq Britaniya Milli Muzeyi haqqında söhbət açmaq istəyirik.

  

   Britaniya Milli Muzeyi dünyada ən qədim muzeylərdən sayılır. 1753-cü ildə İngiltərə parlamentinin qərarı ilə yaradılıb. Muzeyin fəaliyyət göstərməsi üçün lord Qalifaksa məxsus Monteqyu-haus malikanəsi alınıb və təmir olunub. 1759-cu ildə muzey istifadəyə verilib. Muzeyin ilk eksponatlarını məşhur kolleksiyaçı ser Hans Sloandan o dövr üçün böyük məbləğ sayılan 20 min funt-sterlinqə alınmış əşyalar təşkil edib. Parlament muzeyin himayəçisi idi və muzeyə təqdim olunan əşyaların pulunu ödəyirdi. Hans Sloandan sonra parlament Oksford Universitetinin professoru, qraf Qarleyin əlyazmalarını və ser Ceyms Kottonun şəxsi kitabxanasını da alır.

   Qeyd edək ki, muzeyə xərclənən vəsait dövlət büdcəsindən deyil, milli lotereyanın satışından gələn gəlirdən ödənilirdi. Lotereyanın keçirilməsi zamanı 300 min funt-sterlinq məbləğində fond yaranmışdı. İlk vaxtlar muzeyi ziyarət üçün məhdudiyyət qoyulduğundan ora gələnlərin sayı ildə 60 nəfəri keçmirdi. Bir neçə ildən sonra bu rəqəm günə 120 nəfər təşkil edib.

   Muzeyin eksponatları əsasən qədim əlyazmalar (manuskriptlər), kitablar, sikkələr və medallardan ibarət idi. Bəzi əşyalar öz qəribəlikləri ilə ziyarətçiləri heyrətə gətirirdi. Onların arasında müəmmalı Misir mumiyası, təkgöz siklop donuz, Meri Devis adlı qadının başında çıxmış buynuz təsviri olan portrets. var idi. Saxlanılan nadirqeyri-adi eksponatlara görə,Britaniya Milli Muzeyi uzun müddət dünyada lider olaraq qalıb.

   Dövlət tərəfindən edilən köməkdən başqa muzeyə könüllü ianələr də edilirdi. Əgər bu yardımlar olmasaydı, muzey öz varlığını qoruyub saxlaya bilməzdi. 1772-ci ildə nadir və əntiq əşyalar - yunan vazaları, 1804-cü ildə Taunli mərməri, 1810-cu ildə Qrevil mineralları kolleksiyası muzey üçün alınıb. 1814-1815-ci illərdə parlament antik dövrün ən qiymətli adidələrindən olan Afina Parfenonunun (Yunanıstan) surətini aldı. Onu Britaniyanın İstanbulda ( o vaxt Yunanıstan Osmanlı impertorluğunun tərkibinə daxil idi) səfiri olmuş lord Eldjin Londona gətirmişdi.

   XIX əsrin ortalarında muzeyin yeni binası tikildi. Bina memar Robert Smaykın yunan intibah dövrünün arxitekturası üslübünda çəkdiyi layihə əsasında tikilmişdi. Əvvəlki binadan fərqli olaraq, yeni binada kitabxana oxu zalı da var idi. Lakin bunlar geniş oxucu kütləsi üçün yox, elmi işçilər üçün nəzərdə tutulmuşdu.

   Əlyazmalar zalında məşhur ingilis şairi Vilyam Şekspirin imzası olan vəkalətnamə, Oliver Kromvelin Nesbi döyüşünü təsvir edən məktubu, Nostradamusun, İsaak Nyutonun, Qalileo Qalileyin, Rene Dekartın, Kelvinin avtoqrafları saxlanılır.

   1845-ci ildə muzeyin təbabət tarixi şöbəsinin eksponatları Londonun Keninqston məhəlləsindəki Kromvel küçəsində yerləşən yeni binaya köçürüldü. Burada təbabət tarixinə aid çoxlu sayda kolleksiyalar yerləşdirilmişdi. Şöbədə ziyarətçilərə zoologiya, geologiya başya elmlərə aid pulsuz mühazirələr oxunurdu.

   İndi Britaniya Milli Muzeyi min illər əvvəl müxtəlif xalqlar tərəfindən yaradılmış nadir qiymətli əşyaları qoruyub saxlayır. Muzeyin qədim Misir abidələri zalında Misir fironları ilahələrin qara qırmızı qranitdən hazırlanmış heykəlləri, heroqliflərlə örtülmüş mumiyalar, zinət geyim əşyaları, müxtəlif məişət kolleksiyaları saxlanılır. Bu eksponatlar Avropada ilk dəfə məhz burada nümayiş olunur.

   Bu zaldakı eksponatlar kolleksiyası Misirin ilk sülalələrindən tutmuş romalıların işğalına qədər olan dövrü əhatə edir. Zalda həmçinin bütün dünyada məşhur olan «Rozett daşı» adlanan bazalt plitə saxlanılır. Onun üzərindəki yazıların sirri fransız alimi J.Şampolon tərəfindən açılıb. Yazıda Memfis kahinlərinin Efianlı Ptolomeyin şərəfinə söylədikləri çıxış əks olunub.

   Britaniya Milli Muzeyində qədim Misir mədəniyyətini əks etdirən eksponatlar üstünlük təşkil edir. Misir qalereyasının ortasında buraxılış tarixi b.e.ə. XIV əsrə məxsus olan «Ölülər kitabı» yerləşir. Muzeyin Assuriya zalında nadir eksponatlar nümayiş olunur. Zalı sonuncu Assuriya hökmdarı Sarqonun sarayından götürülmüş heykəllər bəzəyir. Zalın girişinin hər iki tərəfində insan başlı, qanadlı öküz heykəlləri durur. Assuriya əfsanələrinə görə, bu öküzlər insanları bəd ruhlardan qoruyurmuş.

   Britaniya Milli Muzeyində 94 qalereya var onların ümumi uzunluğu 94 kilometr təşkil edir. Muzey o qədər zəngindir ki, burada eksponatları, sadəcə, ötəri seyr edib keçmək üçün 7 gün vaxt lazımdır.

  

 

  Mədəniyyət.- 2010.- 14 iyul.- S. 12.