Sabir
Əhmədlinin “Yazılmayan yazı” kitabının təqdimatı
keçirilib
İyulun 10-da görkəmli nasir, Xalq yazıçısı Sabir Əhmədlinin anadan olmasının 80 illiyi münasibətilə Kitab Klubunda tədbir keçirilib. Tədbirdə yazıçının vəfatından sonra “Təhsil” nəşriyyatında çapdan çıxmış “Yazılmayan yazı” romanının təqdimatı keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, yazıçı-publisist Aqşin Babayev, Kitab Klubunun direktoru Elxan Rzayev və başqaları çıxış edərək Sabir Əhmədlinin həyat və yaradıcılığından, yazıçının ölümündən sonra nəşr olunmuş və avtobioqrafik səciyyə daşıyan “Yazılmayan yazı” romanının əsas məziyyətlərindən danışıblar. Qeyd edilib ki, S.Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Bakı Dövlət Universitetinin (o zamankı ADU) filologiya fakültəsini bitirib. Ədəbi yaradıcılığa hələ tələbə ikən başlayan S.Əhmədlinin ilk qələm məhsulu olan “Poçtalyon” hekayəsi “Pioner” jurnalında dərc edilib. Bundan sonra yazıçının “Bir payız axşamı”, “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Dünyanın arşını”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Yanvar hekayələri”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu”, “Uyuq” və s. kitabları işıq üzü görüb. Xalq yazıçısı Sabir Əhmədli 2009-cu il aprelin 17-də vəfat edib.
Mədəniyyət.- 2010.-
14 iyul.- S. 13