Dahi
bəstəkarın yubileyinə töhfə
Xalq rəssamı Arif Hüseynov
bu günlərdə “Üzeyir Hacıbəyli dünyası”
adlı rəngkarlıq tablosunu tamamlayıb. Rəssam yeni
tablosunu dahi bəstəkarın anadan olmasının 125 illiyinə
həsr edib.
Arif Hüseynovun XX əsrdə milli
mədəniyyət xəzinəmizə bənzərsiz musiqi əsərləri
bəxş edən Üzeyir Hacıbəylinin obrazına
müraciəti təsadüfi deyil. Rəssam 40 ildən
artıq dövrü əhatə edən məhsuldar
yaradıcılığında uzaq-yaxın
keçmişimiz, işıqlı əməlləri ilə
xalqımıza başucalığı gətirən görkəmli
şəxsiyyətlər, mənəvi güvənc yerimiz
olan ədəbi nümunələrlə bağlı bir-birindən
maraqlı qrafika nümunələri yaratmağa nail olub. Onun
“Vətəni düşünərkən” və “Novruz” qrafik
silsilələrinə daxil olan tarixi-etnoqrafik məzmunlu əsərləri,
müdrik Dədə Qorqudu, dahi M.Ə.Sabiri, xalq qəhrəmanı
Babəki, şair Ə.Kürçaylını əks etdirən
portretləri, R.Rzanın “Vaxt var ikən”, M.Ə.Sabirin
“Hophopnamə”sinə, Q.İsabəylinin “Əkil-bəkil”
kitablarına çəkilmiş illüstrasiyaları bu qəbildəndir.
Rəssamın yeni əsəri ilk
növbədə maraqlı kompozisiyası ilə diqqəti cəlb
edir. Tamaşaçıya Üzeyir Hacıbəyli
dünyası haqqında tutumlu bədii bilgi vermək istəyən
müəllif kompozisiyaya daxil etdiyi çoxsaylı süjetləri
mərkəzi obraz ətrafında, onunla əlaqəli yerləşdirməklə
əsərin başlıca ideyasının
duyğulandırıcı və
düşündürücü bədii ifadəsini sərgiləyə
bilib. Əsərin mərkəzi hissəsini tutan bəstəkarın
obrazı onun nurlu çöhrəsinin gerçəkçi
təqdimatı ilə diqqət çəkir. Üzeyir bəyin
eynək arxasından tamaşaçıya baxan
düşüncəli gözləri, onun müdrikliyini hifz edən
digər üz cizgiləri o dövr üçün səciyyəvi
olan geyim atributları ilə vəhdətdə
inandırıcı baxılır. Portretin əsərin mərkəzi
hissəsindəki bəyaz haşiyə arasında
Şuşanın qədim mənzərəsi fonunda təsviri
də məqsədli olub, bəstəkarın boya-başa
çatdığı məkana işarə kimi qəbul
olunur.
Əgər kompozisiyanı təşkil
edən digər elementləri də şərh etməli olsaq,
onların hamısının bilavasitə ümumi fikrin
açılmasına xidmət etdiyini vurğulamalıyıq.
Əsərin yuxarı hissəsində bəstəkarın əsərlərinin
adlarının bulud şəklində bir neçə dildə
yazılışı verilib. Portretin sağ tərəfində
ilk Azərbaycan operası olan “Leyli və Məcnun” əsərinin
qəhrəmanları təsvir olunublar. Kompozisiyanın
müvazinətini təmin edən soldakı təsvir isə
“O olmasın, bu olsun” operettasına həsr edilib. İnamlı
duruşunu qollarını naxışlı xalça üzərinə
qoymaqla möhkəmləndirən görkəmli bəstəkarın
obrazı kompozisiyanın aşağı hissəsində onun
şah əsəri - “Koroğlu” operası ilə bağlı
süjetlə tamamlanır. Tablonun bütün enini təşkil
edən süjetdə əli qılınclı-sazlı
Koroğlu ilə yanaşı, onun ömür-gün
yoldaşı Nigarın, eləcə də Keçəl Həmzənin
dastandakı hadisələrə əyanilik gətirən
detallarla vəhdətdə təsviri də bütün
kompozisiyadan alınan təəssüratı daha da zənginləşdirir.
Bütünlükdə mövzu
poetik-epik ovqat daşıyıcısı olan incə rəng
çalarları ilə ifadə olunsa da, süjetin
atributlarının inandırıcılığını səciyyələndirəcək
özünəməxsus forma-biçim və təsirli faktura
keçidləri ilə təqdimatı əsərin yüksək
sənətkarlıq nümunəsi olduğunu təsdiqləyir
və təbii ki, bu ilk növbədə müəllifin yeni
yaradıcılıq uğuru hesab edilməlidir. “Üzeyir
Hacıbəyli dünyası” tablosunu görkəmli bəstəkarın
xatirəsinə layiqli töhfə hesab etmək olar. Bu
baxımdan əsərin yubiley günlərində Üzeyir
Hacıbəylinin ev-muzeyinə gələn musiqisevərlərin
yaddaşında dərin iz buraxacağına da
inamlıyıq...
Ziyadxan
Əliyev,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2010.-
16 iyul.- S. 8.