«Tamaşaçı
alqışını eşitmək sənətkar
üçün böyük xoşbəxtlikdir»
Hafiz Quliyev: «Opera sənəti sevgi
kimidir. Bu aləmə daxil olmaq da, oradan çıxmaq da
çətindir.»
Bu il milli operamızın 102
yaşı tamam oldu. Opera və Balet Teatrının baş rejissoru
Hafiz Quliyev isə bu il 50 yaşını
tamamlayıb. Bu illərin tən yarısı bu
sənət məbədi ilə bağlıdır. Çalışdığı teatrı həyatının
ayrılmaz hissəsi sayan rejissor opera sənətini sevgi ilə
müqayisə edir. Ən böyük sənət
əsərləri də sevgidən yaranır. 25 il ərzində
Opera və Balet Teatrının səhnəsində
Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”
operalarını, “Arşın mal alan”, “O olmasın, bu olsun”
operettalarını , Z.Hacıbəyovun “Aşıq Qərib”,
F.Əmirovun “Sevil”, Ş.Axundovanın “Gəlin qayası”, S.Ələsgərovun
“Solğun çiçəklər”, N.Əliverdibəyovun
“Cırtdan”, R.Mustafayevin “Vaqif” operalarını böyük sənət
sevgisi ilə səhnələşdirib.
Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət
xadimi Hafiz Quliyevlə teatr mövsümünün son günlərində
görüşdük.
- Teatrlarımız mövsümü başa vurur. Bu mövsüm Opera və Balet Teatrı
üçün nə ilə yaddaqalan oldu?
- Hər il olduğu kimi, bu
mövsümdə də Opera və Balet Teatrının
yaddaqalan sənət hadisələri oldu. Keçən il ölkəmizdə “Uşaq ili” elan olunduğundan
uşaqlar üçün iki tamaşa - Nazim Əliverdibəyovun
“Cırtdan” nağıl operasını və İohan
Ştrausun “Düyməcik” baletini hazırlayıb balaca
tamaşaçılarımıza təqdim etdik. Bütün
dünyada belə bir təcrübə var: uşaqları lap
erkən yaşlarından ciddi musiqiyə, ciddi incəsənətə
alışdırmaq lazımdır ki, böyüyəndə
ciddi incəsənətə meyil etsinlər. Bu baxımdan hər
il teatrımızda uşaqlar
üçün opera və balet nümunələri
hazırlayırıq.
Opera və Balet Teatrının özünəməxsus
cəhətləri var. Biz bu teatr vasitəsilə Azərbaycan
bəstəkarlarının opera və baletlərini dünya
tamaşaçılarına, eyni zamanda, dünya klassik opera və
balet əsərlərini Azərbaycan
tamaşaçısına təqdim edirik. Bu gün
Bakıya gələn əcnəbi qonaqların əksəriyyəti
birinci növbədə bu teatra üz tutur, burada Azərbaycan
musiqisi, incəsənəti ilə yaxından
Bu mövsüm “Leyli və Məcnun“
operası 102 illik tarixində ilk dəfə dastanın
doğulduğu yerdə - ərəb dünyasında
nümayiş olundu. Qətərdə Azərbaycan
Mədəniyyəti Günləri keçirildi. Bu səfərə zəngin proqramla getmişdik.
Opera sənətimizin şah əsərlərindən
olan “Leyli və Məcnun” orada nümayiş olundu və
çox yüksək səviyyədə, maraqla
qarşılandı.
Teatrımız üçün bu mövsumdə
yaddaqalan bir sənət hadisəsi də iyun ayında Şəkidə
keçirilən “İpək yolu” I Beynəlxalq Musiqi
Festivalında baş verdi. “Leyli
və Məcnun” və “Şah İsmayıl” operalarını
ilk dəfə olaraq açıq havada, təbii dekorlarla
göstərdik. Düzdür, biz bu
operaları qısaldılmış kompozisiya şəklində
(hərəsi 1 saat) təqdim etdik, bununla belə, bu ideya
çox yaxşı qarşılandı, müsbət fikirlər
söylənildi.
Bu mövsüm mənim üçün
bir məqamla da yaddaqalan oldu. 2003-cü ildə Ankarada
Ü.Hacıbəylinin “Arşın mal alan”
əsərini tamaşaya qoymuşdum və tamaşa çox
böyük uğur qazanmışdı. Elə
oldu ki, Türkiyə tərəfi məni bu mövsümdə
Samsun Dövlət Opera və Balet Teatrına dəvət etdi.
2009-cu ilin dekabrında orada «Arşın mal alan”
əsərini səhnələşdirdim, 2010-cu ilin
yanvarında tamaşa teatrın repertuarında oldu. Türkiyədə
ən yaxşı tamaşalar yay qastrollarında, yay turnesində
göstərilir və “Arşın mal alan”
tamaşası da Türkiyəni qarış-qarış gəzir.
Mənim üçün önəmli olan hadisələrdən
biri də budur.
Bundan əlavə, teatrımızın
özünün repertuar siyasəti var. Ən böyük, ən
ciddi incəsənəti yaşatmaqla yanaşı, yeni
tamaşaçıları teatra cəlb etmək də önəmlidir.
Başa çatan mövsümü həm də
ona görə uğurlu sayıram ki, səhnəmizdə
gözəl sənət nümunələri göstərildi
və nümayiş olunan hər bir tamaşa anşlaqla
keçdi.
- “Opera teatrına münasibət heç
vaxt birmənalı olmayıb” - bu sizin qənaətinizdir.
Belə qənaətə gəlməyinizin səbəbi
nədir?
- Opera janr etibarı ilə ağır, çətin bir
janrdır. Ola bilsin ki, bütün təbəqələrdə
bu eyni cür qavranılmır. Amma təcrübəmdən
belə bir qənaətə gəlmişəm ki, opera sənəti
sevgi kimi bir şeydir. O aləmə daxil olmaq da, o aləmdən
çıxmaq da çətindir. Elə ki, o aləmə
düşdün, o sənətin aludəçisi oldun,
artıq o aləmdən çıxa bilmirsən.
- Opera və Balet Teatrı bir qayda olaraq ənənələrinə
sadiq qalır. Ancaq tamaşaçı
zövqü dəyişir. Nə etmək
lazımdır ki, tamaşaçı zövqü ənənəni
qəbul etsin?
- Söz yox ki, hazırda dünya teatrlarında müxtəlif
istiqamətlər var. Ancaq bu gün ən çox qəbul
olunan da elə klassik formadır. Çünki klassikanın
içində bir müasirlik xətti var. Əgər bu
gün Ü.Hacıbəylinin yüz il əvvəl
yazdığı musiqiyə böyük heyranlıqla qulaq
asırıqsa, demək, müasirlik xətti o klassikanın
içindədir. Böyük teatrlar da adətən
ənənəvi və klassik yolla gedirlər. Çünki biz böyük teatrda böyük sənəti
yaşadırıq və böyük sənətə baxmaq
üçün tamaşaçılar hazırlayırıq.
Əslində mühafizəkar adam deyiləm,
amma incəsənətimizdə, mədəniyyətimizdə
nə gözəldirsə, onu qoruyub gələcək nəsillərə
ötürməyin tərəfdarıyam.
- 14 ildir ki, böyük bir teatrda baş rejissor vəzifəsində
çalışırsınız. Təbii ki,
rejissordan yüksək zövq, fantaziya tələb olunur.
Bu gün tamaşaçıları heyrətləndirmək
o qədər də asan deyil. Sənət isə heyrətləndirməlidir...
- Rejissorun mütləq dünyagörüşü,
zövqü, elmi, savadı və bundan da əvvəl fitri
istedadı olmalıdır. Üstəlik rejissor
işləməli, tər tökməlidir. Çalışıram ki, işin öhdəsindən
gəlim. Bu sənətdə
müşahidə və fantaziya da əsas şərtlərdəndir.
Rejissor istəyir ki, fantaziyasını hər
yerdə nümayiş etdirə bilsin. Amma
opera teatrında belə bir spesifik xüsusiyyət var ki,
fantaziyanı bəstəkarın yazdığı musiqi
taktlarına sığışdırmağa məcbursan.
İkinci çətinlik isə o taktların
işində fantaziyanı göstərə bilmək
bacarığıdır. Əsl sənət
qarşısında isə tamaşaçılar mütləq
heyrətlənir. Bu anları görmək,
tamaşaçı alqışlarını eşitmək hər
bir sənətkar üçün ən böyük xoşbəxtlikdir.
- Teatrda çalışmaqla yanaşı, Mədəniyyət
və İncəsənət Universitetində aktyor və
rejissor sənətindən dərs deyirsiniz. Bütün
bunlara necə vaxt tapırsınız?
- Mən tələbə olanda müəllimlər həmişə
deyərdilər ki, üç cür - praktik, nəzəri,
pedaqoq rejissorlar olur. Ən maraqlı və
püxtələşmiş rejissor bu üçünü
özündə birləşdirə bilənlərdir. Həvəs, maraq, zəhmət olan yerdə isə həmişə
vaxt tapmaq mümkündür.
- Deyirlər, rejissor tamaşaçı ilə səhnə
arasında vasitəçidir. Siz necə
düşünürsünüz?
- Mən ilk məşqlərdə çox
çılğın görünürəm, tamaşa
hazır olana yaxın aktyorlarla tamaşaçı arasında
əriyirəm. Çünki mənim ifadə
vasitəm aktyor, ifadə vasitəmi qəbul edən isə
tamaşaçıdır. Sənin
işini necə ifadə edəcəklər və
tamaşaçılar bu işi necə qəbul edəcəklər
- bu əslində maraqlı, tamaşadan-tamaşaya dəyişən
bir vəziyyətdir.
- Opera və Balet Teatrında mövsüm ərzində
neçə tamaşa təqdim olunur?
- Repertuarımızda tamaşaların sayı 40-dan
çoxdur. Həftədə 3-4 opera və balet
tamaşası nümayiş olunur və
çalışırıq ki, tamaşaçılar milli və
dünya əsərlərini növbəli şəkildə təqdim
edək. Eyni zamanda, yeni ifaçılar cəlb
edirik. Bu vacib şərtdir. Məsuliyyətlə deyə bilərəm ki, teatrda
baş rola bir opera sənətçisi hazırlamaq, bir
tamaşa qoymaq qədər məsuliyyətli işdir. Bir obraz üzərində 6-7 ay
çalışmalı olursan. İstedadlı
gənclərə opera səhnəsində sınaq imkanı
verilir. Kim Opera və Balet Teatrının səhnəsində
özünü ifadə eləmək gücünə
qadirdirsə, burada qalır. Teatrın yeni
ifaçılara həmişə ehtiyacı var.
Yaradıcı heyət təzələndikcə teatrın
coşqusu da artır. Buna görə də
biz teatra davamlı olaraq istedadlı gəncləri dəvət
edirik.
- Mayın 10-da 50 yaşınız tamam oldu. Ömrünüzün yarısını bu teatrda
keçirmisiniz. Teatr sizin üçün
nədir?
- Bu teatr mənim üçün çox böyük
bir sənət məkanı, həyatımın bir hissəsidir.
- Teatr mövsümü bağlanır, siz
mövsümü nə zaman yekunlaşdıracaqsınız?
- İyulun 20-də rəsmi olaraq
mövsümü bağlayacağıq. Ancaq
elə həmin gün - iyulun 20-də teatrımızın
simfonik orkestri TÜRKSOY-un xəttilə İstanbulda
“Koroğlu» operası ilə çıxış edəcək.
Avqust ayında isə teatrımızın
simfonik orkestri Avropada ən möhtəşəm musiqi
festivallarından biri olan Münhen Opera Sənəti
Festivalında iştirak edəcək.
- Bəs yeni teatr mövsümünü necə
qarşılamaq fikrindəsiniz?
- Sentyabrın 18-i - dahi bəstəkar Üzeyir Hacıbəylinin
doğum günü Azərbaycanda musiqi bayramı kimi qeyd
olunur. Hər il teatrımız yeni
mövsümü Üzeyir bəyin bir əsəri ilə
açır. Çox güman ki,
mövsümü “Koroğlu” operası ilə
açacağıq. Mən həmişə
deyirəm, Ü.Hacıbəylinin möhtəşəm
musiqisi, “Koroğlu”nun “Uvertüra”sı ilə başlanan
mövsüm Allahın köməyi ilə yaxşı
olmalıdır.
Təranə Məmmədova
Mədəniyyət.-
2010.- 16 iyul.- S. 5.