Azərbaycanda turizmin
geniş inkişaf perspektivləri var
Aydın İsmiyev: «Hər
addımda turizm sahəsinə dövlətin dəstəyini
hiss etmək mümkündür»
Turizm müasir dünyada iqtisadiyyatın ən
gəlirli sahələrindən biridir. Təbii-coğrafi
baxımdan əlverişli mövqedə yerləşən və
zəngin resursları olan Azərbaycanda da turizm sektoru sürətlə
inkişaf etməkdədir. Təbii ki,
inkişafda olan bütün sahələrdə olduğu kimi,
turizm sahəsində də çətinliklər mövcuddur.
Problemlərin həlli istiqamətində görülən
işlər, əldə olunan uğurlar, ümumiyyətlə,
ölkəmizin turizm sektorunda mövcud vəziyyətlə
- Azərbaycanda turizmin inkişafını necə qiymətləndirirsiniz?
- Turizm sahəsində son 5-6 ildə əldə edilən
nəticələrə görə inkişafı yüksək
qiymətləndirirəm. Bu illər ərzində turizm sahəsinin
bütün göstəriciləri 3-3,5 dəfə
artıb. Əgər 2001-2002-ci illərdə
respublika üzrə 70-90 hotel vardısa, hazırda Azərbaycanda
432 hotel fəaliyyət göstərir. Bu
ayrı məsələdir ki, bu hotellərin hamısı
müasir standartlara cavab verir, yoxsa yox. Amma fakt odur ki, bu qədər
hotelimiz var. Həm yerli, həm də xarici iş
adamlarının ölkəmizin turizm sənayesinə
investisiya qoymaq maraqları artıb. Hazırda
50-dək mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi
gedir. Bu sırada mən beynəlxalq hotellər
şəbəkəsinə daxil olan hotellərin tikintisini
xüsusi qeyd etmək istərdim. Hazırda
Bakıda 4-5 beşulduzlu brendli hotellər, o cümlədən
«Hilton», «Mariot», «For Season» hotelləri tikilir. Bu isə Azərbaycanın turizm bazarının cəlbediciliyinin
göstəricisidir.
- Bu günlərdə ölkənin turizm obyektlərində
monitorinq aparmısınız. Nəticələr
qaneedicidirmi?
- Bu hər il
mövsümqabağı həyata keçirilən prosedurdur.
Bu il də turizm obyektlərinin
mövsümə hazırlıq səviyyəsini və qiymət
siyasətini öyrənmək məqsədilə Turizm
şöbəsinin əməkdaşları bölgələrdə
oldular. Quba-Qusar-Xaçmaz zonasında və
Şamaxı, Qəbələ, İsmayıllı, Şəki
rayonlarında fəaliyyət göstərən obyektlərə
baxış keçirilib. Avqust ayında
isə turizm mövsümünün gedişatı ilə
bağlı məlumatları əldə etmək
üçün əməkdaşlarımızı
respublikanın cənub zonasına ezam etməyi nəzərdə
tuturuq. Bir çox nöqsanlar
aşkarlanıb. Əsasən də xidmətin
səviyyəsi və standartlara cavab verməməsi ilə
bağlı neqativ hallar üzə çıxıb. Eyni zamanda qeyd edim ki, bu bölgələrdə
müasir standartlara uyğun turizm obyektlərinin sayı
azdır. Gələn turistlərin sayı
ilə müqayisədə gecələmə yerləri
çatışmır. Ümumilikdə
götürdükdə isə vəziyyəti qənaətbəxş
qiymətləndirmək olar. Elə obyektlər
var ki, bütün standartlara cavab verirlər. Amma elələri də var ki, bir çox
çatışmazlıqlar mövcuddur. Belə
obyektlərin sahibləri ilə görüşlər
keçirmişik. Onlara həm qiymətlərlə
bağlı, həm də xidmət səviyyəsinin yüksəldilməsi
istiqamətində nazirlik tərəfindən lazımi
tövsiyələr verilib. Bir şeyi də qeyd edim ki,
ötən illə müqayisədə bu il
qiymətlərdə artım müşahidə edilmir.
- Yeri gəlmişkən, turizm obyektlərində xidmətlərin
baha olması ən çox narazılıq doğuran məsələdir.
Nazirlik tərəfindən qiymətlərin tənzimlənməsinə
hər hansı formada təsir etmək
mümkündürmü?
- Turizm özəl sektordur. Biz istirahət
mərkəzlərinin, hotellərin qiymət siyasətinə
qarışa bilmərik. Obyekt dolu olduqda,
orada boş yer qalmadıqda, hətta bir ay əvvəldən
bütün yerlər üçün sifarişlər
alındıqda, onda onun qiymətini endirməyə də əsas
yoxdur. Bu bazar iqtisadiyyatıdır. Yalnız obyekt boş qalanda onu doldurmaq
üçün bu addımı atmaq olar. Bunun
üçün də gərək turizm məkanlarının,
hotellərin sayı çox olsun. Bu zaman rəqabət
də güclü olur, nəticədə isə sahibkarlar qiymətlərdə
endirimlər etməyə məcbur olurlar.
- Məlumdur ki, hazırda Azərbaycanın turizm sənayesində
mövcud olan problemlərdən biri ixtisaslı kadr
çatışmazlığıdır. Bu
baxımdan turizm üzrə mütəxəssislərin
hazırlanması hansı səviyyədədir?
- Sahibkar müəyyən miqdarda vəsait qoyub hotel
tikibsə, onun işləməsi də birinci növbədə
həmin sahibkarın öz marağındadır. Bəzən olur ki, bütün tələblərə
cavab verən bir obyektdə çalışan xidməti
personalın peşəkarlıq baxımından səviyyəsi
aşağı olur. Sahibkar iş adamıdır, ola bilər ki, onun turizm sahəsi ilə
bağlı anlayışı azdır. Burada
peşəkar kadrlar lazımdır ki, həmin hoteli idarə
edə bilsin. Azərbaycan Turizm
İnstitutunun ilk məzun buraxılışı oldu.
İlk dəfə ölkəmizin turizm sektorunda bu sahə
üzrə ali təhsilli kadrlar yer alacaq. Düzdür, bu, turizm kadrları ilə bağlı
boşluğu tam doldurmasa da, düşünürəm ki,
bundan sonra müəyyən mənada bu baxımdan çətinliklər
azalacaq. Bir qisim şirkət və hotellər
mütəxəssislərlə təmin ediləcək. Yəqin ki, ildən-ilə bu baxımdan problemlər
də azalacaq.
- Mehmanxanalara və turizm obyektlərinə lisenziya verilərkən
bu amillər nəzərə alınırmı? Bir müddət
əvvəl mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev qeyd etmişdi ki, 2010-cu ildən etibarən turizm şirkəti
və ya hotelin lisenziya alması üçün mütləq
onların əməkdaşlarının 25 faizi turizm təhsilli
olmalıdır...
- Mehmanxanalara və turizm obyektlərinə lisenziya almaq
üçün onların normal fəaliyyətinə əsas
verəcək sənədlər qaydasında olmalıdır. Əgər tələb olunan sənədlər
yoxdursa, deməli, həmin müəssisənin fəaliyyət
göstərmək imkanı da yoxdur. Bu
halda biz həmin obyektlərə lisenziya verməkdən imtina
edirik. Lisenziya 5 il müddətinə
verilir. Əslində hotellərin və turizm
şirkəti sahiblərinin özlərinin marağı
olmalıdır ki, peşəkarlarla
çalışsınlar. Bu mənada
lisenziya şərtlərinə belə əlavələrin
edilməsi onların xeyrinədir. Turist
qaldığı hotelin xidmətindən razı qaldıqda,
növbəti dəfə gələndə yenə də həmin
hotelə müraciət edir. Buna nail
olmaq üçün isə peşəkar xidməti personalla
çalışmaq lazımdır.
- Bəs hotellərə ulduz dərəcəsi hansı
şərtlərlə verilir?
- Ulduz almaq üçün hotel standartlara cavab verməli,
peşəkar xidməti personalla təmin edilməlidir. Ulduz lisenziya ilə deyil, üç illik sertifikatla
verilir. Hazırda 71 hotel ulduz sertifikatı
ilə fəaliyyət göstərir. Bu
müddət bitdikdən sonra həmin hotelin fəaliyyətinə
nəzər salınır. Əgər
mehmanxana aldığı ulduz dərəcəsinə
uyğun işləyə bilmirsə, onun ulduzu geri alına,
yaxud sayı azaldıla bilər. Əksinə də ola bilər. Əgər mehmanxana
fəaliyyətini genişləndiribsə, tələblərə
cavab verirsə, onda onun ulduzlarının sayını da
artırmaq olar. Bütün bunlar normal
prosedur qaydalarıdır.
- «Turizm haqqında» yeni qanun layihəsinin
hazırlanması nə yerdədir? Yeni
qanunun qəbulu hansı zərurətdən yaranıb?
- «Turizm haqqında» 1999-cu ildə qəbul
edilən qanun və prezidentin sərəncamı ilə təsdiq
edilən 2002-2005-ci illərdə Azərbaycanda turizmin
inkişafına dair Dövlət Proqramı çərçivəsində
biz müvafiq işlər görmüşük və
bugünkü nəticələri əldə etmişik.
Dünyada turizmin inkişaf tendensiyası elədir ki, bundan
sonrakı mərhələdə daha operativ və daha
geniş, yüksək səviyyədə beynəlxalq turizm
bazarına inteqrasiya olunmaq, standartlara uyğun turizm xidmətini
təşkil etmək, keyfiyyəti yaxşılaşdrmaq,
ölkənin turizm potensialını daha geniş təbliğ
etmək baxımından yeni qanuna ehtiyac var. Qəbul ediləcək
turizm qanunu bizə imkan verəcək ki, daha geniş
rıçaqları işə salaq. Bu, turizm xidməti
infrastrukturunun genişləndirilməsi, yerləşdirmə
obyektlərinin sayının artırılması, Mədəniyyət
və Turizm Nazirliyi olaraq, mədəniyyət obyektlərinin
turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili,
yeni ərazilərin seçilməsi, mövcud potensiala
uyğun olaraq, turizmin müxtəlif növlərinin
inkişafı üçün lazımdır. Yeni
qanun çərçivəsində yuxarıda qeyd etdiyim vəzifələrin
öhdəsindən gələ biləcəyik.
Qanunun ilkin variantı artıq təqdim
edilib. Lazımi formatı tapmaq
üçün müvafiq nazirliklərlə
razılaşmalar əldə ediləcək. Yeni qanunda
beynəlxalq normalar, bu çərçivədə dövlətin
Mədəniyyət və Turizm Nazirliyi qarşısında
qoyduğu tapşırıqlar, beynəlxalq turizm bazarına
inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin
tənzimlənməsi kimi məsələlər öz əksini
tapacaq.
- Xarici ölkələrin turizm qurumları və
müvafiq beynəlxalq təşkilatlarla əlaqələr
necə qurulub?
- Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiya
etməsi üçün müxtəlif beynəlxalq səviyyəli
qurumlarla və inkişaf etmiş xarici ölkələrlə
çox geniş əlaqələr qurulub. İllərdir Azərbaycan
bu təşkilatların keçirdiyi tədbirlərə ev sahibliyi edir. 2006-cı ildə
İslam Konfransı Təşkilatına daxil olan ölkələrin
turizm nazirlərinin toplantısı Bakıda keçirildi.
Təkcə bu il İqtisadi Əməkdaşlıq
Təşkilatının turizm üzrə İşçi
Qrupunun və GUAM ölkələrinin qurum rəhbərləri
səviyyəsində Turizm üzrə İşçi
Qrupunun 5-ci toplantısı Azərbaycanın paytaxtında
baş tutdu.
Bu faktın özü deməyə əsas
verir ki, Mədəniyyət və Turizm Nazirliyi yalnız əlaqələr
qurmaqla kifayətlənmir, eyni zamanda bu əlaqələrin
davamlı olması və daha da möhkəmlənməsi
istiqamətində işlər aparır. Bildiyiniz
kimi, Azərbaycan 2001-ci ildən Dünya Turizm Təşkilatının
tam üzvüdür. Həmin vaxtdan bu təşkilatın
bütün tədbirlərində yaxından iştirak edirik.
MDB ölkələrinin Turizm Şurası ilə
sıx əlaqələr yaratmışıq, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Turizm üzrə İşçi Qrupunda yaxından təmsil
olunuruq. Bundan başqa, Azərbaycanın
turizm fəaliyyəti ilə məşğul olan təşkilatları
xarici ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq
edir.
- Ölkəmizdə turizmin gələcək inkişaf
perspektivlərini necə görürsünüz? Bu sahədə mövcud olan problemlərin həlli
istiqamətində hansı addımlar atılır?
- Bizi turizm sektorunda narahat edən ən zəif nöqtə
xidmətin səviyyəsidir. Bu problemin aradan
qaldırılması istiqamətində Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər
həyata keçirilir. Hər il mütəmadi olaraq,
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və
TİKA təşkilatı ilə əməkdaşlıq
çərçivəsində, Dünya Turizm Təşkilatı
ekspertlərinin köməkliyi ilə müxtəlif istiqamətlər
üzrə treninq-kurslar keçiririk. Amma bilirik
ki, ildə 120-150 nəfər üçün bu kursların
keçirilməsi kifayət deyil. Turizm sənayesi
kimi böyük bir sahənin tələblərini ödəmək
üçün bu rəqəm bəs etmir. Ona görə də bu problemin həlli
üçün müəyyən vaxt lazımdır. Ümumilikdə götürdükdə isə Azərdaycanda
turizmin inkişafı qənaətbəxşdir.
Dövlət də bu sahənin gələcəyinə
böyük ümidlər bəsləyir. Buna görə
də hər addımda turizm sahəsinə dövlətin dəstəyini
hiss etmək mümkündür. 2002-2005-ci illərdə
Azərbaycanda ilk dəfə olaraq turizmin inkişafına dair
dövlət proqramı qəbul edildi. Bu sənəddə
nəzərdə tutulan bütün işlər həyata
keçirildi. Bildiyiniz kimi, bu ilin aprelində
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı” da ölkə
başçısı tərəfindən təsdiq edildi.
Hazırda bu istiqamətdə də işlər
aparılır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.-
16 iyul.- S. 9.