Milli Kitabxana dünya
elektron kitabxanasında təmsil olunacaq
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası
Dünya Elektron Kitabxanasında təmsil olunmaq hüququ
qazanıb. Milli Kitabxanadan bildiriblər ki, artıq dünya
oxucuları Azərbaycan həqiqətləri, ölkəmizin
tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı və
digər sahələri haqqında istənilən məlumatı
geniş və dolğun şəkildə əldə edə
biləcəklər.
Dünya Elektron Kitabxanası ideyası 2009-cu ildə
yaranıb. Bununla bağlı təklif
kitabxanaçıların beynəlxalq toplantısında
ABŞ-ın Konqres, Misirin İsgəndəriyyə və
Braziliyanın milli kitabxanası tərəfindən irəli
sürülüb. Cari ildə Vaşinqtonda layihənin təqdimat
mərasimi keçirilib və 64 ölkə ilə
yanaşı, Azərbaycan da Dünya Elektron Kitabxanasında təmsil
olunmaq hüququ qazanıb.
Məlumatlar Dünya Elektron Kitabxanasında 7 dildə
yerləşdiriləcək. Hazırda Milli Kitabxananın
elektron resursların yaradılması şöbəsi
kitabxanaya daxil olan yeni materiallar, oxucular tərəfindən
daha çox tələbat duyulan ədəbiyyatın siyahısı
əsasında iş aparır. Həmçinin Azərbaycan
milli mətbuatının analitik-elektron məlumat bazası
yaradılır. Köhnə qəzet və jurnalların
elektron versiyası da hazırlanır.
Artıq “Əkinçi”, “Sədayi-həqq” qəzetlərinin,
“Füyuzat” və “Babayi-Əmir” jurnallarının elektron
versiyaları tam hazırdır. Milli Kitabxananın elektron
informasiya xidməti və kitabxanalararası abonement şöbəsində
isə 1993-2010-cu illərdə çap olunmuş bütün
ədəbiyyat nümunələri kataloqlarda yerləşdirilib.
Mədəniyyət.-
2010.- 16 iyul.- S. 8.