“Qadını axtarmayın”

 

   Gənc rejissor Rüstəm Babazadə növbəti, sayca üçüncü filminin çəkilişlərini yekunlaşdırıb. Janr etibarı ilə tragikomediya olan “Qadını axtarmayın” qısametrajlı filminin ssenari müəllifi də rejissor özüdür. Müəllifin sözlərinə görə, film gənc bir oğlanın tənha həyatından bəhs edir: “Filmdə baş qəhrəman tənhalığından bezib bir gün şəhərdə üç qızla tanış olur. Lakin bu tanışlıq uzun sürmüro yenə də tənha qalır. Günlərin bir günü kitabxanada təsadüf axtardığı qadını onun qarşısına çıxarır”.

   Filmdə Arif İsmayılov, Ayla Hacıyeva, Nərmin Əliyeva, Rus Dram Teatrının aktyorları Zaur Şəfiyev, Mariya Dubovitskaya, Natəvan Hacıyeva və başqaları çəkiliblər. Film rejissorun şəxsi imkanları hesabına lentə alınıb. Rejissor yaxın zamanlarda “Qadını axtarmayın” filmini İspaniyanın «Bilbao film festivalı»na göndərəcək.

   Onu da qeyd edək ki, Rüstəm Babazadə bu il Kann Kinofestivalında “Adəmin həvvaları haqqında” qısametrajlı filmi ilə “Short film corner” bölməsində iştirak edib.

  

 

   Yeganə

 

    Mədəniyyət.- 2010.- 16 iyul.- S. 10.