Mir
Cəlalın əsərləri qırğız dilində nəşr
edilib
Görkəmli yazıçı və
alim, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin
üçcildliyi Qırğızıstanın paytaxtı
Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun və Azərbaycanda fəaliyyət
göstərən “Avromed” şirkətinin dəstəyi ilə
qırğız dilində nəfis şəkildə nəşr
edilib.
Üçcildliyi qırğız
dilinə Qırğızıstan Yazıçılar
İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın
katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev
çevirib.
Bişkekdəki “Biyiktik” nəşriyyatında
nəfiş şəkildə nəşr olunmuş
üçcildliyin baş redaktoru Qırğızıstan Elmlər
Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun
direktoru, akademik Abdıldacan Akmataliyev, redaktorları
Qırğızıstanın Xalq şairi Sooronbay Cusuyev,
Qırğızıstanın Xalq yazıçısı
Tölöqön Qasımbekov və Beynəlxalq Aytmatov
Akademiyasının akademiki, Xalq yazıçısı Cumadin
Kadırovdur.
Üçcildliyin tərtibatçıları
Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil
Hacıyevdir. Kitabın baş məsləhətçisi Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur.
Üçcildliyə ön sözü professor Aqil Hacıyev
yazıb. Geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuş üçcildlik Qırğızıstanın
kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcək.
Bu yaxınlarda nəşrin Bakıda təqdimat mərasiminin
keçirilməsi nəzərdə tutulur.
Qırğızıstan
Yazıçılar İttifaqının sədri Abdrahman
Alımbayev yeni nəşrin Qırğızıstan-Azərbaycan
ədəbi əlaqələrində müstəsna rol
oynayacağına əminliyini bildirib. O qeyd edib ki, bu nəşr
Sovet İttifaqı dağılandan sonra Qırğızıstan
və Azərbaycan ədəbi əlaqələrində ilk
böyük hadisədir.
Qeyd edək ki,
Qırğızıstanda Mir Cəlalın
yaradıcılığına böyük maraq var.
Qırğızıstan Milli Kitabxanasında Mir Cəlal
adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti
Mərkəzi fəaliyyət göstərir.
Xatırladaq ki, indiyədək
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun təşəbbüsü ilə Bişkekdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində
“Azərbaycanlılara qarşı soyqırımı
gerçəkliyi”, “Gələcəyin strategiyasını
müəyyənləşdirərkən: modernləşmə
xətti” əsərləri, Mir Cəlal Paşayevin
qırğız dilində “Bir gəncin manifesti” povesti,
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi
redaktorluğu ilə rus və ingilis dillərində
hazırlanmış “Ermənilərin Azərbaycan
torpağındakı əməlləri haqqında tarixi
faktlar”, professor Aqil Hacıyevin “XIX əsrin ikinci
yarısında rus ədəbiyyatında Azərbaycan
mövzusu”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin
“Yeddi gözəl” poeması və digər əsərlər
nəşr olunub.
Mədəniyyət.- 2010.-
16 iyul.- S. 11.