Sənətkar əlində
kukla olur möcüzə...
Aydın Talıbzadə
Bu dünyanı
nağıl bilək?!
Oxuyan oxusun, oxumayan da “məqalə
böyükdür, ağırdır” deyib məni
suçlamasın, bacarsa, mahiyyətə varsın.
Azərbaycanda kukla
şünası yoxdur. Bu yaxşıdır, ya pis? Adətən
belə sualları cavablamırlar. Çünki sual
qeyri-korrektdir: bir şeyin ki oluşu “yox”la təyin oluna, yəni
varlığı olmamış ola, yəni ondan yerli-dibli
olmaya, bu, heç vədə yaxşı sayılmaz. Lakin... və
bir də lakin.... əgər “kukla şünası” bizlərdə
olsaydı, yəqin ki, məni teatr bilicisi kimi (bir az
özümü arxayınlaşdırım) Qaxa
aparmazdılar. Əgər Qaxa getməsəydim, bu yazı da
yazılmayacaqdı. Görürsünüz, xalq həmişə
haqlıdır, hər şey yaxşılığa doğru.
Amma indən beləsinə Azərbaycanda kukla
şünasının olması daha vacib məsələ. Nədən
ki, çağdaş dünyada kuklalar, kuklaçılıq
sənəti, kukla teatrı yenidən mədəniyyətin
gündəminə, avanqardına gəlir, calibi-heyrət olur.
...kuklalar gəlir... və
gülür.
Kimə, nəyə və nə
üçün?
Elə isə, izn verin, kukla və
kuklaçıların Qaxa səyahəti kontekstində bəzi
mətləbləri bir balaca izah eləyim.
Birinci gün: “Turp” əhvalatı
Təqvimin günləri Qax şəhərində
vərəqlənir.
İyun ayının 17-dən 22-dək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə gerçəkləşən II RESPUBLİKA KUKLA
TEATRLARI HƏFTƏSİNİN qısa bir cənnət
festivalına çevrildiyini mən dilimə gətirməyəcəyəm.
Beş kukla teatrının beş gün “YAŞIL PARK”da
özünə rahat, ideal komforta yaxın bir ünsiyyət məkanı
bulduğunu da söyləməyəcəyəm. Əminəm
ki, məndən öncə jurnalistlər təzə xəbərlərin
hamısını bitdə-bitdə informasiya bloklarına
yığıblar, Mədəniyyət və Turizm Nazirliyinin
teatr şöbəsinin ünvanına da bir-iki xoş kəlmə
deyiblər, bu şöbənin işini dəyərləndiriblər.
Ona görə mən birbaşa keçirəm “Turp” əhvalatına,
hansı ki vaqe olur rəsmi açılışdan sonra Qax
Dövlət Kukla Teatrının səhnəsində.
Bəli, bəli, heç təəccüblənməyin,
bu, həmin “Turpun nağılı”dır ki var və biz də
onu uşaqlıqdan əzbər bilirik: “baba turpdan, nənə
babadan.... tutdular: dartdılar, dartdılar, çıxarda bilmədilər”...
Cəmi bir səhifəlik nağıl. Amma Qax Kukla Teatrı
götürüb bu nağıldan “Turp” adlı
klounsayağı əla bir laloyunu düzəldib; elə
düzəldib ki, bir gözünlə nağılı
tanıyırsan, o birisilə yox. Qaxlıların yozumunda sadə
və bəlkə də primitiv, nağıl dönüb olub
fəlsəfi pritça, bədii möcüzə.
Öz sosial fəaliyyət tipinə
görə Qax Kukla Teatrını iki cür definisiya etmək
mümkündür: bu, xalis uşaq teatrıdır, repertuar
siyasətində nağıllara söykənir, əyləndirmək
və tərbiyələndirmək missiyasını boynuna
götürür. Digər yöndən isə Qax Kukla
Teatrı məcazi-simvolist teatrdır, tamaşalarını,
başqa sözlə anlatsaq, vizual mətnlərini həm də
böyüklərə ünvanlayır.
“Turp” isə şirma arxasında
ağac kuklaların köməyilə göstərilən
kukla oyunudur. Bu ağac kuklalar iri ağ əlcəklər
geymiş pantomim plastikasına malik əllər içində
səhnəyə çıxarılır. Əlcəklər
haradasa Miki Mausun boks əlcəklərini xatırlatsa da,
tamaşanın plastik rəsmində onlar Van Qoqun günəbaxanları
qədər ifadəli və attraktiv olur. Kukla oyununun rejissoru
Yusif Abdurahmanov rəssam və kuklaçılarla birgə gah əlcəkli
əlləri şirma üstündə ard-arda
“yatızdırıb” dənizin necə ləpələndiyini
görükdürür, gah da onları ağac budaqları
kimi “silkələyib” bu “titrəyiş”də bədənsiz
küləyi “bədənləşdirir”.
Kukla teatrında gerçəkliyin
şərti imitasiyası aspektində mümkünsüz
heç nə yoxdur.
Öncə şirma arxasında
bir, iki, üç nisbəti saxlanılmaqla 6 kukla peyda olur.
6-sı da eyni ölçüdə, eyni görkəmdədir.
Kuklalar başıləçəkli nənələri (rus
“babusyalarını”) eyhamlaşdırır; boyları 50-60 sm.
ola, ya olmaya. Nənələr ibarətdir taxta bədəndən,
plastik yumru qafadan, ikicə bərəli gözdən, geydirmə
uzunsov burundan. Sözləri-filanları da yox, mimlər kimi
nidalarla danışarlar.
Bir gün nənələrdən
birincisi dəmir pul (və ya qızıl) tapır.
Tapdığını başqalarına da göstərir
(demokratiya), sistem, iyerarxiya yaradır (dövlət),
özükimilər cərgəsində hakim mövqeyə yiyələnir
(konstitusiyalı monarxiya). Sonucda demokratik prinsipdən faydalanan
nənələr qərara alırlar ki, pulu
çoxaltsınlar. İdeya əvvəlincinindir,
icraçı - axırıncıdır; ortadakılar isə
güc və fırıldaq sahibi olan tənbəllərdir.
Götürüb pulu əkirlər, sulayırlar. Vaxt
keçir, pul yaşıl-yaşıl yarpaqlayır. Nənələr
bir-bir turpa yaxınlaşırlar, amma ha əlləşirlər,
pulu (yəni turpu) torpaqdan qopara bilmirlər. Bu zaman nənələrdən
birinin, - axırıncısının, - qafasını taxta bədəndən
ayırıb, burnunu dimdiklə əvəzləyib,
yaylığı açılmış keçəl
başını lələkləyib quşa döndərirlər
və əsgərlərə xəbər göndərirlər
ki, gəlib turpu çıxartmağa kömək eləsinlər.
Əsgərlər (onları babalar kimi də yozmaq imkanı
var) məktubu alan kimi varid olurlar hadisə yerinə. Bu əsgər-babaların
da sayı 6-dır: zahirən hamısı da nənələrə
oxşayır, bircə ləçəkləri
çatışmır. Onlar da turpu dartırlar, dartırlar,
çıxarda bilmirlər, axırı mürəxxəs
olub gedirlər.
Bax, bu yerdən nağıl
qayıdır öz köhnə məcrasına. Nənələr
bir-bir gözümüzün qarşısındaca çox
asanlıqla (saç və burun dəyişmələrilə)
babaya, nəvəyə, itə, pişiyə, siçana
çevrilib “Turpun nağılı”nın
iştirakçılar zəncirini, hadisələr
ardıcıllığını bərpa eləyirlər. Beləliklə,
baba turpdan, nənə babadan, nəvə nənədən, it
nəvədən, pişik itdən, siçan pişikdən
yapışıb dartırlar, dartırlar və turpu
çıxardırlar... və birdən görürlər ki,
torpaqdan turp (çoxlu pul) əvəzinə dünya-qlobus
peyda oldu. Gözlənilməz, orijinal və effektlidir, düz
demirəmmi? Bundan sonrası yenə improvizədir. İndi bu
dünyanı yazıq nənələr necə
bölüşdürsünlər? Biri gedir dünyanı kəsib-doğramağa
xəncər gətirir, o birisi isə - atom bombası. Elə
bu dəm bir quşcuğaz dünyanın üstünə
qonub onu caynaqlarına alır və acgöz insanlardan bu
dünyanı uzaqlaşdırır...
Nağılı dekonstruksiya eləyəndə
ətrafa fəlsəfi tezislər səpələnir.
Dünya-qlobus daha dözəmmir,
insanlardan bezib-inciyib-küsüb qaçır, onların
fikrini qan-qan görüb qaçır, insanların
ideyalarından, əməllərindən qorxub qaçır.
Bu nağılın kontekstində
kim turpu dünya kimi yozubsa, bu cür kuklaları kim
(quruluşçu rəssam Mais Abdullayev) fikirləşib
tapıbsa, kim “Turpun nağılı”nı super müasir
“Turp” uşaq oyununa çeviribsə, kukla teatrının
dahisidir. Mən ideyaların və formaların imitasiya
faktını da inkar etmirəm, Qax
kuklaçılarının (A.Mehrablı, A.Yaqubova, A.Kərimov,
L.Cəlilova, Z.Paşayev, N.Hüseynova)
professionallığını da. Amma bütün
düşüncə versiyalarının fövqündə mən
elə hesab etdim ki, Qax Dövlət Kukla Teatrı Azərbaycanda
peşəkarlıq nümunəsi sərgiləyir. Gəl bir
olmasın da... Axı bu teatrı bizim yeganə professional
kuklaçımız “batono” gürcü qardaş İsako
Zeynalaşvili yaradıb. Ona görə də truppa çox səriştəli,
mobil və çevikdir: həm də ki üstəgəl gənclik
faktoru. Nə deyim, mən, əlbəttə, Azərbaycan teatr
mədəniyyətinin kontekstini göz önünə gətirib
də, hədsiz sevindim; sevindim ki, nə yaxşı onları
tanıdım və bu teatrı təbliğ etmək
imkanı qazandım. Məhz bu kukla tamaşasına baxıb
da mən əmin oldum ki, Qaxa nahaq gəlməmişəm və
II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİNDƏ iştirak
etməyinə dəyər. Şəxsən mənim
üçün “Turp” kukla tamaşası lokal bir teatr törənini
maraqlı elədi, kukla həftəsinin düşüncə
səviyyəsini, peşəkarlıq həddini, estetik
meyarını müəyyənləşdirdi.
İkinci gün:
“Çətin məsələ”
Təqvimin günləri Qax şəhərində
vərəqlənir.
İyunun 18-i Gəncə Dövlət
Kukla Teatrının ixtiyarına verilmişdi: əvvəlcə
xalq nağılı əsasında “Şəngülüm,
Şüngülüm, Məngülüm” tamaşası
oynanıldı, sonra isə Rafiq Səməndərin “Çətin
məsələ”si.
Bu teatr sırf uşaq
teatrıdır: məqsədi uşaqları əyləndirməkdir,
onların gözünə xoş görünmək,
onları sevindirməkdir. Lakin, əfsus ki, bu teatr primitiv oyun
üslubu ilə, “Qıtqılıda” havacatına köklənmiş
bəsit tamaşalarla çıxır seyrçi
qarşısına. Bu teatrın kukla oyunlarına baxanda adama
elə gəlir ki, XX əsrin 30-cu illəri hələ
qurtarmayıb. Kuklalar görkəmcə çox effektsizdir, hərəkət
dinamikasından məhrumdurlar və seyrçidə heç
bir emosiya oyatmırlar. Kukla tamaşaları nağılın
süjeti səviyyəsindən, nağıl hadisələrinin
təhkiyəsindən uzağa getmir. Belə deyək də:
bu teatrda kuklalarla yalnız nağılın şəklini
çəkirlər. Şəkillərsə solğun, səthi
və təqribi alınır.
Kukla teatrının möcüzəsi
isə budur ki, kukla kuklaçının əlində dirilsin,
cansız materiya canlı məxluqlar kimi yeriməyə,
reaksiya bildirməyə, rəqs etməyə,
gülüb-danışmağa qadir olsun. Təəssüf
ki, Gəncə Kukla Teatrında bu, belə deyildi. Həqiqətən,
bu iki tamaşaya isti və boğanaq içində baxmaq bizim
üçün, yəni dramaturq (Əli Əmirli), rejissor (Bəhram
Osmanov) və teatrşünaslardan (Məryəm Əlizadə,
Kəmalə Cəfərzadə, Vəfa Kazımova) ibarət
tənqidçilər kollegiyası üçün qədərincə
çətin məsələ oldu. Hər kiçik epizoddan
sonra fonoqramma ilə yayımlanan oyun havacatları isə mənə
bir daha xatırladırdı ki, bu kukla tamaşaları öz
estetikası etibarı ilə bizim toyxana mədəniyyətinin
bir addımlığındadır. Tamaşa boyunca mən
kukla personajlarında (iradlarım hər iki tamaşaya aiddir)
xarakter deyilən bir nəsnə görmədim, onların niyə
uşaqlar qənşərinə gəldiyini, cocuqlara nə
aşılaya biləcəyini anlamadım. Əgər kukla
personajı kuklaçının əlində bədii obraza
çevrilmirsə, onu oynatmağına dəyməz.
Tənqiddən isə heç tənqidçinin
özü də xoşhallanmır. Amma neyləyəsən
ki, həqiqət hər şeydən üstündür.
Kuklalar kuklaçının sənət sevgisilə, yaratmaq
şövqü ilə dirilir, oynayır, ürəkləri fəth
edir. Kuklaçı ona həyat verə bilməyəndə isə
kukla ya sandıqda, ya da divardan asılı qalıb əlacsız-əlacsız
sükutun ümidsizliyini “yaşayır”. Kukla kuklaçının
bədəninin davamıdır. Onlar arasında təmas,
ünsiyyət nöqtəsi bulunmayanda kukla tamaşaları
çox sönük görsənir.
(Ardı var)
Mədəniyyət.- 2010.-
16 iyul.- S. 12.