Əsrlər, qərinələr
sirdaşı: zərb musiqi alətlərimiz
Musiqi alətlərinin tarixi min illər
keçmişə gedib çıxır. Bu baxımdan Azərbaycan
zərb musiqi alətlərinin tarixi də çox qədim və
maraqlıdır. Bu alətlərdən söz düşəndə
ilk olaraq göz önünə təbil, kus, nağara və
qaval gəlir. Lakin bu alətlərin hansının daha qədim
olduğu məlum deyil. Məsələn, ötən əsrin
ortalarında Mingəçevir yaxınlığında
aparılan arxeoloji qazıntılar zamanı 3 min il tarixi olan nəfəs
musiqi alətləri tapılıb.
Zərb musiqi alətləri
içərisində təbil qədim tarixi ilə
seçilir. Orta əsr müəlliflərinin əsərlərində
göstərilir ki, təbil qədimdə mis və tuncdan
hazırlanıb. Təbilin daha təkmilləşmiş
növünün içərisi boş, oturacağı
yastı olur. Onun ağzına aşılanmış dəri
çəkilir və sonra bərkidilir. Zərb nəticəsində
onun səsinin gurultusunu daha da artırmaq məqsədilə təbilin
ortasına qayış, qaytan dolayarmışlar. Təbil
çox zaman at belində səsləndirilib. Yaxşı at
minənlər onu yəhərə bərkidər, lazım
olan vaxt səsləndirirlər. Nizami Gəncəvi “İskəndərnamə”
poemasında təbilin gur səsini belə təsvir edir:
Səsdən bütün şəhər
cuşa gələrək,
Dəydi bir-birinə məşhər
günü tək.
Bu səsi eşidən qoca və
cavan,
Axışıb gəldilər hərə
bir yandan.
Nizami Gəncəvi, Məhəmməd
Füzuli və digər müəlliflərin əsərlərində
qədim zərb musiqi alətlərindən “kus” adlı alətin
də adı çəkilir. Kus da təbil kimi qədimdə
mis və tuncdan hazırlanıb. Oturacağı yastı,
içərisi boş olur. Üst hissəsinə dəri və
gön çəkilərək bərkidilir. Bu alətlər
həm hərbi məqsədlər, həm də el şənliklərində
və toy məclislərində istifadə edilib. XVIII əsrin
ikinci yarısında tikilmiş Şəki Xan
Sarayındakı təsvirlər arasında kus zərb alətinin
rəsmi də var.
Azərbaycanda vaxtilə geniş
yayılan, indi isə nadir hallarda təsadüf edilən qədim
zərb musiqi alətlərindən biri də lakitidir. Lakiti məlum
olan zərb musiqi alətlərinin ən qədimidir. Bu alət
əsasən palıd ağacından hazırlanıb.
Düzbucaqlı formada olub, daha çox kitabı
xatırladır. İçi boş, iki kiçik palıd
ağacından ibarət olur. İki zərb çubuğu ilə
çalınır. Başqa zərb alətinə nisbətən,
onun səsi bir qədər məlahətli, lakin iti və
cingiltilidir. Bu alət barədə məlumatlara heç bir
yazılı ədəbiyyatda rast gəlinməyib. İlk dəfə
bu alət Lerik rayonunda aşkar edilib. Elm aləminə isə
musiqişünas Əhməd İsayev tanıdıb.
Orta əsrlərdə geniş
istifadə edilən zərb musiqi alətlərindən biri də
dəfdir. Onun adına Nizaminin və Xəqaninin əsərlərində
rast gəlinir. Xəqani dəf barədə yazır:
Bir dəf vuran ustanı gör,
Səfsəf duran
heyvanı gör,
Dəfdə şikaristanı
gör,
Bir-biri ilə cəng
arar.
Bu sətirlərdən
dəfin nədən,
necə hazırlanması,
onun istifadə edilməsi və zərb musiqi alətləri sırasında
tutduğu aydın olur.
Dəf dairəvidir. Bir tərəfi boş, o biri tərəfinə dəri çəkilir.
İçəri tərəfdən zınqrovları və metaldan hazırlanmış
pulcuqları olur.
Bu da dəfi
çoxsəsli edir.
Adətən palıd, ərik
və başqa möhkəm ağac növlərindən hazırlanır.
Zərb musiqi alətlərimizdən
biri də nağaradır. Onun adına «Kitabi
Dədə Qorqud»da rast gəlirik: «Gumbur-gumbur nağaralar döyüldü, bir qiyamət savaş oldu, meydan dolu
baş oldu». Nizaminin əsərlərində
də tez-tez «nağara» sözünə
rast gəlinir:
Çataraq inləyir,
neyin nəfəsi,
Nağara əl çalır,
yüksəlir səsi.
Azərbaycanda nağaranın tarixi
daha qədim dövrlərə gedib çıxır. İlk dəfə
nağara saxsı qabların ağzına dəri çəkilməklə
düzəldilib. Sonralar isə
nağaraları ağacdan
düzəldiblər. Nağaraların hər iki tərəfinə dəri çəkilir, gövdəsinə çalın-çarpaz
ip dolanır və metal halqadan keçir. Gur səs almaq
üçün iplər
tarım çəkilir.
Nağaranı çalmaq üçün
ona bərkidilən qayış və ya ip qola
keçirilir.
Qədim zərb alətlərimizdən
biri də dümbəkdir. Dümbək əsasən el şənliklərində
istifadə edilib.
Yaranma tarixi məlum deyil. Ancaq onun Azərbaycanda
eramızdan əvvəl
işləndiyi ehtimal
olunur.
XVII əsr türk səyyahı Övliya Çələbinin
«Səyahətnamə» əsərində
Azərbaycan xalqının
istifadə etdiyi zərb alətlərindən
qaval, nağara və digərlərinin adları çəkilir.
XVIII əsrin müəllifləri arasında
Azərbaycanın musiqi
mədəniyyətinə dair
qiymətli məlumatlar
alman səyyahı Engelbert Kempferin əsərində əksini
tapıb. XVIII əsrin sonunda Azərbaycana səfər edən alman səyyahı burada etnoqrafik araşdırmaların
nəticəsində yazdığı
əsərlərində Azərbaycan
musiqisindən də bəhs edir, zərb musiqi alətlərindən danışarkən
təbilin adını
çəkir. Müəllif azərbaycanlıların musiqisevər
olduğunu, zəngin musiqi alətlərinə
sahib olduqlarını qeyd
edir.
Savalan
Fərəcov
Mədəniyyət.- 2010.-
16 iyul.- S. 15.