Macarıstanda Azərbaycanla bağlı kitablar nəşr olunub

 

   Macarıstanda ölkəmizlə bağlı üç kitab nəşr edilib. Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap edilən kitabların tərtibçisi və redaktoru Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayevadır.

  

   Qarabağa həsr olunan “Kamançanın saflaşdırıcı naləsi” adlı kitaba Xalq yazıçısı Anarın eyniadlı essesi, Həsən Həsənovun, Həsən Quliyevin, Viktor Tatarenkonun, Günel Anarqızının hekayə və məqalələri daxildir. Kitaba işğal olunmuş torpaqlarımız göstərilməklə Azərbaycanın xəritəsi, Qarabağ tarixinə aid illüstrativ materiallar əlavə edilib.

   “Bakı həyəti” adlı ikinci kitaba Çingiz Abdullayevin, Natiq Rəsulzadənin, Nəriman Həsənzadənin və yazıçı-şairlərin hekayə və şeirləri daxildir.

   “Ağac” adlanan üçüncü kitabda Rəsul Rzanın, Fikrət Qocanın, Nigar Rəfibəylinin, Fikrət Sadığın, Məmməd İsmayılın, Günel Anarqızının, Səlim Babullaoğlunun, Rəşad Məcidin, Elçin Hüseynbəylinin və digər müəlliflərin əsərləri yer alıb.

   Svetlana Abdullayeva hər üç kitaba yazdığı ön sözdə Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən, müxtəlif illərdə Macarıstanda Azərbaycan yazıçılarının nəşr olunmuş kitablarından söz açır, ədəbiyyatımızın yeni nəsildən olan nümayəndələrini macar oxucularına təqdim edir.

 

 

   Mədəniyyət.- 2010.- 21 iyul.- S. 3.