Ədəbiyyat və
İncəsənət Arxivinin 45
yaşı tamam oldu
Salman Mümtaz adına Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin 45 yaşı tamam olub. Azərbaycan SSR Nazirlər
Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı əsasında
yaradılan arxiv ədəbiyyat və incəsənət
xadimlərinin, dövlət idarələrinin və
yaradıcılıq təşkilatlarının sənədlərini,
görkəmli şəxsiyyətlərin şəxsi arxivlərini
toplayır, onların mühafizəsi və istifadəsi
işini təşkil edir. Burada XIX əsrdən başlayaraq
bu günədək ədəbiyyat və incəsənətimizin
inkişaf yolunu əks etdirən sənədlər
toplanıb.
Arxivdəki qiymətli və nadir sənədlər
arasında Mirzə Ələkbər Sabirin 1907-ci ildə “Bəhlul”
jurnalının redaksiyasına göndərdiyi məktub, Əbdürrəhim
bəy Haqverdiyevin hekayələrinin əlyazmaları,
Üzeyir Hacıbəylinin 1913-cü ildə Hüseynqulu
Sarabskiyə və 1921-1931-ci illərdə Ceyhun Hacıbəyliyə
yazdığı məktublar, Səməd Vurğunun məktub
və şeirlərinin əlyazmaları və s. böyük
maraq doğurur.
Ədəbiyyat və İncəsənət
Arxivi bu gün də müntəzəm olaraq ədəbiyyat və
incəsənət xadimlərinin, respublikanın mədəniyyət
sahəsindəki dövlət idarələri və
yaradıcılıq təşkilatlarının sənədlərini
dövlət mühafizəsinə qəbul edir. Yaxın gələcəkdə
arxivin əsaslı təmiri nəzərdə tutulur.
Mədəniyyət.- 2010.-
21 iyul.- S. 3.